17 May 2017 17:27
1 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mirzə Ələkbər Sabirin dərs dediyi məktəbin əsas hissəsi indi şadlıq evi kimi fəaliyyət göstərir. Buna təəccüblənmirəm. XXI əsrdə Sabirin dərs dediyi məktəb tarixi ənənəsi olan bir universitet olmayacaqdı ki?

Teleqraf.com xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa Balaxanıda Mirzə Ələkbər Sabirin adını daşıyan məktəblə bağlı qeyd edib.

Millət vəkili bildirib ki, Balaxanıdakı Sabir adına kütləvi kitabxanaya baş çəkib və maraqlı müşahidələr aparıb:

“Bu gün bir neçə saat vaxt tapdım, ənənə üzrə kitabxanalardan birinə baş çəkməyi qərarlaşdırdım. Kitabxanalarda, kitab mühitində olmağı xoşlayıram, üstəlik də kitabxanaçılarla kitab barədə söhbət etməyin ayrı zövqü olur. Azərbaycanda həqiqətən də kitabı sevən, onun dəyərini bilən bir-birindən qiymətli kitabxanaçılar var, onların mütaliə ilə, oxucularla bağlı fikirlərini dinləmək çox maraqlıdır. Bu dəfə yolum Balaxanıdakı Sabir adına kütləvi kitabxanaya düşdü. Kitabxananın müdiri Məlahət xanım təcrübəli kitabxanaçıdır, həm də Balaxanıda doğulub başa çatıb. Sürpriz o oldu ki, vaxtilə Mirzə Ələkbər Sabirin yaşadığı kiçik bir otaqda çay içərək söhbətləşdik. Olduğum müddətdə kitabxanaya 10-12 yaşlarında bir neçə uşağın kitab oxumaq üçün müraciət etdiyini görəndə xeyli sevindim. Sabir burada 1910-1911-ci illərdə xəstəliyinin şiddətləndiyi vaxtlarda yaşayıb. Bizim çay içdiyimiz 8-9 kvadrat metrlik otaqda sıxıntı içində güzəran keçirən müəllim olub. Beş addım o tərəfdəki birmərtəbəli qonşu binada isə məktəb yerləşir, Sabir orada dərs deyərək çörək pulu qazanıb. Kitabxanaçı xanımlara təşəkkür edib çıxarkən, Sabirin dərs dediyi məktəbə də yaxınlaşıb gözəl incələdim. Sabirin içinin qan ağlamasına baxmayın, biz XX əsrin əvvəlində olduğu kimi, XXI əsrin əvvəllərində də elliklə şadlıq etməkdəyik. Ancaq maraqlı hekayə mövzusudur: “Sabirin dərs dediyi məktəb və Şadlıq evi”. Deyilmi?”

Kəmalə


Müəllif: Teleqraf.com