18 May 2017 16:37
3 453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda “18+” uşaq kukla sərgisinin keçirilməsi heç bir məqsədə uygun deyil.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Usaqlar Birliyinin sədr müavini, Uşaq Sığınacağı Reinteqrasiya mərkəzinin direktoru Vasif Akifli deyib.

Onun sözlərinə görə, bu tip sərgilərin keçirilməsi milli dəyərlərimizə uyğun deyil:

“Təşkilatçılar keçən il bu cür sərgini Rusiyada keçirdilər və mənfi qarşılandı. Çünki Rusiyalı analar 18+ kuklaların uşaqlarının psixiologiyasına ciddi zərbə vuracağından qorxmuşdular. Kuklaların sərgisində rəssam hansısa bir fahişə qadının həyatını nümayiş etdirib. Onun seçdiyi metod da düzgün deyil. Öyrətməyin tərzi və metodikası var. Sərgidə divarda bir banner asılıb və yazılıb ki, mən itirdim, mən öldüm və.s. Bu kuklaların üzərində bu cür hərəkətləri göstərməklə nə demək istəyirlər? Cinsəllik məsələlərini uşaqların oyuncaqları üstündə təbliğini qəbul etmirəm”.

Vasif Akifli qeyd edib ki, “18+” sərgisinin təşkilatçıları və rəssamla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq:

“Uşaqlarla bağlı daimi olaraq respublikanın hər yerində dövlət qurumları və Qeyri Hökümət Təşkilatları maarifləndirmə kampaniyaları keçirirlər. Bu məsələ ilə də bağlı Azərbaycan Uşaqlar Birliyi tərəfindən Mədəniyyət və Turizm Nazirliyinə və hüquq-mühafizə orqanlarına da müraciət edəcəyik. Bu cür sərgiyə heç bir ad qoya bilmərik. KİV nümayəndələrindən xahiş edirəm ki, bu məsələdə anlayışlı davransınlar, cəmiyyətimizin gələcəyi olan uşaqlar üçün bu məsələni aktuallaşdırsınlar”.

Qeyd edək ki, ADO Teatrının təşkilatçılığı ilə baş tutan sərgidə uşaq kuklaları sərgilənib. Amma kuklalar +18 olub. “My name is Sarah” adlı sərginin rəssamı Vüsal Rahimdir.


Müəllif: İlhamə Əbülfət