18 May 2017 17:38
2 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın bir qrup tanınmış, aparıcı kinematoqrafçıları milli kinomuzun mövcud vəziyyəti ilə bağlı ölkə prezidentinə müraciət məktubu ünvanlayıb.

Müraciətin məqsədi və orda nələrin qeyd olunması ilə bağlı Teleqraf.com-un suallarını Azərbaycanın əməkdar incəsənət xadimi, rejissor, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyev cavablandırıb.

- Hüseyn müəllim, öncə bilmək istərdik ki, müraciətə imza atan bir qrup tanınmış kinematoqrafçı kimlərdir? Bu siyahıda Rejissorlar Gildiyasının üzvləri də nəzərdə tutulurmu?

- Ölkə başçısına Rejissorlar Gildiyasının üzvləri deyil, hamımızın tanıdığımız tanınmış kinematoqrafçılar müraciət edib. Adlarını açıqlamaq istəmirəm, yəqin ki, lazım bilsələr, özləri bu barədə danışarlar. Müraciətə imza atanlardan biri də mənəm.

- Müraciətdə nələr qeyd olunub?

- Bu gün Azərbaycan kinosunun çox problemləri var. "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nın icra vaxtı artıq bitir. Bu zaman kəsiyində hansı işlərin görülüb-görülmədiyini araşdırmaq, proqramda göstərilən çox maddələrin realizə olunmamasının səbəblərini aydınlaşdırmaq istəyirik.

Kinomuzun simvolu hesab olunan "Azərbaycanfilm" kinostudiyasının indiki vəziyyəti böyük narahatlıq doğurur. Neçə studiyada faktiki olaraq iş görülmür. Ən əsası işsiz qalan insanlardır - rejissorlar, operatorlar. Onlar işsiz qalanda ssenaristlər də işsiz qalır. Bunlar hamısı bir-birinə zəncirvari bağlı məsələlərdir. Və bizə görə bu, yaxşı hal deyil. Niyə bu istiqamətin əsas götürüldüyü də aydın deyil. Milli kinomuzun bazası hesab olunan, onun çətinliyini çiynində daşıyan professional rejissorlar, professional kino işçiləri ölkədə gedən kinematoqrafik proseslərdən uzaqlaşdırılıb.

Kütləvi şəkildə kommersiya filmləri çəkilir və onlar bir göz qırpımında ortaya çıxır ki, bu da çox şübhəlidir. Deməli bu, istiqamət məqsədlidir. Əlbəttə, bunlar hamısı mülahizələrdir. Və bu kimi məsələlər ölkə başçısına ünvanlanan məktubda qeyd olunmayıb. Məktubda ümumi narazılıq əks olunub.

Hesab edirəm ki, həllini tələb edən problemlərlə bağlı müraciətimiz, təbiidir. Və bir daha qeyd edirəm ki, bu, fərdlərin müraciətidir. Təşkilatların buna heç bir aidiyyəti yoxdur.

- Adları açıqlamırsınız, bəs müraciət edənlərin sayını bilmək olarmı?

- Xeyli çoxdur, yalnız bunu deyə bilərəm. Üstəlik, narahatçılığı dilə gətirməyə, problemlərə münasibət bildirməyə layiqli insanlardır.

- Kinoya qayğı göstərilməməsi ilə bağlı narahatlığını Eldar Quliyev bizə müsahibəsində də dilə gətirmişdi. O qeyd etmişdi ki, kino bu gün ölkədə nəinki ikinci, heç on altıncı yerdə də deyil.

- Elə müraciətə qol çəkənlərdən biri də Eldar müəllimdir. Çünki o da narahatlığını dilə gətirir.

- Bəs müraciətin məhz indi ünvanlanmasının səbəbi nədir?

- Görünür, bıçaq sümüyə dirənib. Son vaxtlar atılan bəzi rəsmi addımlar kinoya münasibətin daha da pisləşməsinə gətirib çıxarır. Bunu şərti olaraq deyirəm, çünki kimlərsə hansısa iş görməyi nəzərdə tutub, nəsə edirsə, bundan kino ictimaiyyətinin xəbəri yoxdur. Bu, yaxşı hal deyil. Görüləcək işlər mütləq açıqlanmalı, müzakirə olunmalıdır.

Ən birinci səbəb isə Dövlət Proqramının icra vaxtının yekunlaşması ilə bağlıdır. Belə bir ərəfədə kino ictimaiyyəti bir araya gəlib illər ərzində görülən və görüləcək işləri müzakirə etməlidir.

Mən hesab edirəm ki, proqramın icrası artıq beş ildir ki, dayandırılıb. Bu kimi məsələlər kino ictimaiyyətinə açıqlanmalıdır. Əks təqdirdə bu hal qeyri-müəyyən situasiya yaradır, artıq söz-söhbətlərin, lazım olmayan mülahizələrin yaranmasına yol açır.


Müəllif: Nərmin Muradova