20 May 2017 08:18
1 157
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur müğənnisi Burak Kut Bakıya gələcək. Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Turizm Müşavirliyindən Teleqraf.com-a bildirilib ki, müğənninin Bakıya gəlişi Türkiyə mədəniyyət günləri çərçivəsində baş tutacaq.

Müşavirlik Mayın 20-dən 21-dək Bakıda, Sabir bağında keçiriləcək mədəniyyət günlərinin proqramını açıqlayıb.

İki gün ərzində səhər saat 11-00- dan gecə 00:00-dək davam edəcək tədbirə Türkiyədən 100 nəfərə yaxın sənət ustası qatılacaq. Proqrama uyğun olaraq ziyarətçilərə saat 15:00, 16:00, 19:00, 20:00 və 21:00-da bir-birindən maraqlı konsertlər təqdim olunacaq.

Tədbirdə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Xalq Rəqsləri Ansamblı, Tarixi Mehtaran Ansamblı, Türk xalq musiqisindən Volkan Gözüböyük, Meltem Seyfelioğlu, Türk sənət musiqisindən Günay Şimşek, Yıldız Çam Özdemir kimi görkəmli sənət ustaları iştirak edəcəklər.

Bundan başqa Türkiyənin Dövlət Operasının məşhur tenoru Emrah Sözer və sopranosu Aslı Kıyıcı ziyarətçilərə ayrı-ayrı operalardan parçalar təqdim edəcəklər. Tədbirin xüsusi qonaqları arasında Burak Kutla yanaşı Niran Ünsal da var. Niran Ünsal şənbə, Burak Kut isə bazar günü, gecə saat 21:00-da pərəstişkarları ilə görüşəcək.

Sabir bağında iki gün ərzində Türkiyənin çini (dulusçuluk), ebru, hüs-i hat, naxış-telqırma- telsarıma, sədəfkarlıq və digər əli işi sənəti ustaları öz məharətlərini göstərəcəklər. Bundan başqa Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin özəl nəşrləri, təbliğat materialları, Türk Dünyası Vəqfinin kitabları və türk yazıçı-şairlərinin Azərbaycanda çap olunmuş əsərləri sərgilənəcək. Həmçinin, tədbir meydanındakı böyük ekranlarda Türkiyənin tanıtım filmləri nümayiş olunacaq.

Qeyd edək ki, tədbirin açılış mərasimi sabah saat 18:00-da baş tutacaq. Mərasimdə Türkiyənin Azərbaycandakı Səfirliyi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin rəsmi nümayəndələri, media mənsubları və çoxsaylı qonaqlar iştirak edəcəklər.

Nərmin


Müəllif: Teleqraf.com