22 May 2017 16:53
2 177
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist, tanınmış teleprodüser Murad Dadaşovun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Murad bəy, bu il prodüseri olduğunuz "Bayram axşamı" filmi ekranlara çıxdı. Peşəkar teleprodüser olaraq özünüzü kino sektorunda necə hiss edirsiniz?

- Film izləməyi çox sevirəm. Film istehsalı isə çox çətin işdir. Bu mənada "Bayram axşamı"na böyük kino işi deməzdim. Sadəcə cəhddi - peşəkar həvəskarların peşəkar janrda cəhdi. Mən çox tələbkar insanam. İlk növbədə özümə qarşı. İlk kino layihəmizə çox məsuliyyətlə yanaşdıq, çox istəyirdik ki, yaxşı alınsın, çünki əziyyət çəkmişdik.

Əlbəttə, hamını bəyəndirmək çox çətindir. Mən inanmıram ki, dünyada hamının eyni dərəcədə bəyəndiyi bir film olsun. İnsanlar müxtəlif olduğu kimi zövqlər də müxtəlifdir. Amma işə məsuliyyətlə yanaşanda iş alınır. Mən düşünürəm ki, bu işə uşaqlar böyük həvəslə, böyük bacarıqla yanaşdılar. Hətta mən digər filmlərdən fərqli olaraq bu filmdə yumorla yanaşı qrafik tərtibata da üstünlük verdim. İstəyirdim ki, biz bununla da fərqlənək.

- Elə buna görə də filmin büdcəsini artırmaq gərək oldu...

- Büdcəsi elə əvvəldən böyük idi. Hesablamalarıma görə, təxmin edirdim ki, film kassalarda ona xərclənən maliyyəni geri qaytaracaq. Daha yaxşı film yaratmaq üçün bundan da artıq büdcə ayırmaq lazım idi.

- Doğurdanmı xərclənən maliyyəni geri qaytardınız?

- Bəli, tam əminliklə deyirəm, sərmayə qoyduğum pulu geri qaytardım, amma qazanc düşündüyüm qədər olmadı. İndiki mərhələdə bu da qəbuldur. Əlbəttə, maliyyəni geri qaytarmaq baxımından uğurlu filmlər var, məsələn, "Stalinin başı" və s.

Amma bizim filmimiz daha uğurlu alındı. Nəticədə bir necə qərar qəbul etdim: gələn dəfə iş görəndə mütləq kinoçuları dəvət edəcəm. "Bayram axşamı"nda televiziyaçılar daha çox idi.

- Kinoçular deyəndə kimləri nəzərdə tutursunuz?

- Mən özümüzünkülərin işini çox bəyənirəm. Amma növbəti filmimə xarici rejissor dəvət edəcəm, xarici komanda ilə işləyəcəm. Bu sözüm budəfəki filmdə rejissor işini bəyənməməyim anlamına gəlməsin. Sadəcə, təcrübəmiz olsaydı, biz indi buraxdığımız səhvləri etməzdik.

- Səhv edə-edə öyrənilir.

- Doğrudur, amma pul itkiləri də baş verir. Bunun ekranda filmin gedişatına aidiyyəti yox idi. Dediklərim sadəcə filmin maliyyə işləri ilə bağlıdır. Filmə qrim qrupu İrandan dəvət olunmuşdu. Mənim üz qrimim çox mürəkkəb idi. İki gün o qrimli səhnələrim çəkiləndə sanki o dünyaya gedib gəldim. Çəkilişdən sonra üzüm, gözüm ağrıyırdı.

- Murad bəy, sizdən yeni film gözləyəkmi?

- Bəli. Yeni film yeni ildə təqdim olunacaq. Daha doğrusu, yeni il bayramına aid olacaq. Bilirsiniz ki, "Bayram axşamı" Novruz bayramına aid idi. Qəhrəmanlar dəyişəcək.

- Mayın 28-i "Maşın şou - Qarşıdurma" efir həyatına başlayır. 21 gün davam edəcək, filmi isə bu ilin axırına yekunlaşdırmaq istəyirsiniz. Sizcə, çox az vaxtınız qalmayıbmı?

- Filmin hazırlıqlarına artıq başlanılıb. Ssenari üzərində iş gedir. "Maşın şou"dan dərhal sonra filmin istehsalına başlayacağıq. Fasiləmiz yoxdur. Olimpiya çempionlarından soruşurlar ki, çempion oldunuz, indi nə ilə məşğul olacaqsınız, deyir, növbəti olimpiadaya hazırlaşacam. Biz də eyni ilə...

- "Azərbaycanfilm" də yeni ilqabağı məcarəlardan bəhs edən bir film çəkib, ilin sonunda ekranlara çıxması gözlənilir. Bir rəqibiniz artıq var.

- Bilmirdim. Çox yaxşı haldır, onlara uğurlar arzu edirəm. Filmlər nə qədər çox olsa, o qədər yaxşıdır. Biz bir-birimizlə rəqabət aparırıq, amma mən ömür-boyu demişəm ki, rəqabəti gərək xarici istehsalçı ilə aparaq.

- Gələk "Maşın şou - Qarşıdurma" layihənizə... Amma öncə bilmək istərdim, başladığınız gündən layihənin belə uğur qazanacağını gözləyirdinizmi?

- 2003-cü ildə MGP-ni (M Qrup Prodakşn-red.) yaratdıq, ilk verilişimiz "Mərc şou" oldu, amma etiraf edim ki, şirkət təsis olunanda ilk düşündüyümüz layihə "Maşın şou" idi.

Xatırlayıram ki, o vaxt mən bir kanalda işləyirdim və layihəni rəhbərliyə təklif etdim. Dedim, insanlar maşının ətrafına toplaşacaq, axırıncı əlini çəkən maşına sahib olacaq. Dedilər, nə olsun, orda maraqlı nə var ki... Bu suala necə cavab verəcəyimi bilmədim.

Çox mübahisələrimiz oldu, hətta aramız da dəydi, amma sonra ortaq məxrəcə gəlib, belə bir layihəni həyata keçirəcəyimizə əmin olduq və 2005-ci ildə efirə çıxdıq. Hətta bir neçə gün özümüz də maşının ətrafında dayandıq. "Maşın şou"sunu başlamamışdan öncə ilk olaraq həkimlərlə məsləhətləşdik.

İlk verilişimizin sponsoru maşın şirkəti idi, bizi aldatdılar. Verilişə bir həftə qalmış dedilər ki, maşını vermirik. Mən məcbur olub başqa şirkətə müraciət etdim. Və onlar mənə avtomobili hədiyyə etdilər.

Çox əsəbi, gərgin, amma eyni zamanda uğurlu layihə oldu. Bu illər ərzində müxtəlif insanlarla üzləşdik. Müxtəlif "maskalar" gördük. İndi bunu hərdən deyirəm və o ifadənin dəhşətindən kədərlənirəm. Məni pis əməllər təəccübləndirmir, məni təəccübləndirən xoş addımlardır.

Şou ətrafında çoxlu qalmaqallar baş vermişdi. Hətta son hadisələr də daxil olmaqla... Kimsə dedi, mən gələcəm, kimsə dedi, gəlməyəcəm, kimsə dedi, çağırsalar da gəlməyəcəm, kimsə dedi... Çalışıram hamı ilə dost qalım.

Həqiqətən, verilişə hər iştirakçı şəxsi dəvətimi alaraq gəlib. Tapşırılmış adamlar yox idi. Elə adam var idi, demişdi, mən pul verib o şouya gəlirəm. Qiymətini xəbər aldı. Dedim ki, o şou ortalama yarım milyon manata başa gəlir. Bu pulu verib gələ bilərsinizsə gəlin.

Birincisi, o pulu verən yoxdur. İkincisi bu, şərikli iş ola bilməz. Üçüncüsü, bu illər ərzində 2 veriliş sadə insanlarla keçdi, 11-i isə şou ulduzlarla... O ulduzları da tanıyırsınız. O insanlar arasında özünə hörmət etməyən varmı? Hamı özünə hörmət edir. Dürüstlük olmasaydı, kimsə bu verilişə gələrdimi? Əlbəttə, yox.

Etiraf edim ki, mənim üçün şounun ən maraqlı yeri çıxması üçün səs verilən iştirakçının "qalsın", getsin" səs faizlərini elan etdiyim andır. "Qalsın" olanda ürəyim bərk-bərk döyünür. Adətən, şounun gedişindən, münasibətlərdən kimin kimi çıxaracağını təxmin etmək çətin olmur. Amma bir anı heç vaxt unutmayacam. Elarizin Faiq Ağayevi çıxartması məni şoka salmışdı. Ona görə yox ki, Elariz bunu edə bilməzdi, sadəcə heç kim bunu düşünmürdü.

- Budəfəki "Maşın şou"nun sloqanı "Qarşıdurma"dır. Bu qarşıdurmada kimlər olacaq?

- Öncə deyim ki, budəfəki "Maşın şou"nı hamı səbirsizliklə gözləyir. Bu dəfə iştirakçılar Bakıda olmayan bir avtomobil uğrunda yarışacaqlar. Qiyməti 30 min dollardır.

Bu şouda görəcəyiniz qarşıdurmanı indiyə kimi görməmisiniz. "Maşın şou"nun 14-cü sürətində 9 köhnə, 9 yeni iştirakçı olacaq. İştirakçıların kimliyini veriliş yayımlanan gün biləcəksiniz. Amma bəzi ipucları verə bilərəm. Elə bir şəxs var ki, mən onu ilk dəfə canlı olaraq burda - ofisimizdə gördüm. Onu haqqında mənə demişdilər ki, Azərbaycanın ən populyar ifaçısıdır. Elə bir iştirakçı var ki, onu Azərbaycanın ən yaraşıqlıları sırasına aid edirlər.

- Onda budəfəki "Maşın şou"da iştirakla bağlı təklifinizi qəbul etməyənlər barədə danışın.

- Bu, 21 gün davam edən bir işdir. Düşünün ki, 21 gün biz o insanları işindən ayırıb, başqa bir yerdə saxlayırıq. Hamısı da məşhur, tanınmış insanlardır. Veriliş də Ramazan ayında yayımlanacaq. Düzdür, işlərinin nisbətən az olduğu zamandı, amma çoxu xaricə gedəcəklərini bildirdilər. Əksəriyyəti filmlərdə çəkilir, çəkilişləri var.

Elza Seyidcahanın budəfəki verilişdə iştirakını çox istəyirdim. Amma təəssüf, o, xaricdə olacaq. "Bozbaş pikçers"in uşaqlarının hamısını çox istəyirəm. Çox istedadlı, çox qabiliyyətli uşaqlardılar. Hamısına təklif olunmuşdu, çox istəyirdilər, amma vaxt baxımından uyğunlaşa bilmədik. Röyanı verilişdə görmək istəyirdim, amma mənə elə bir söz dedi ki, daha təkid etmədim. Dedi, Murad mən axı anayam... Röyanı yeniyetmə vaxtından tanıyıram və çox istəyirəm. Röyanı bu şouda tam başqa tərəfdən tanıdım. Çox təmizkar insandır.

Aygün Kazımova hamıdan tez oyanırdı və həmişə vaxtından yatırdı. O cədvəl adamıdır. Onun bu cür nizam-intizamlı olduğunu ilk bu verilişdə hiss etdim. Yəni bir sözlə, çoxlarının bir çox xüsusiyyətlərini ilk dəfə bu verilişdə gördüm. Elə onlar da biri-birini daha yaxından bu verilişdə tanıdılar.

- "Sörvayvır" ("Survivor") layihəsi ilə maraqlandığınızı açıqladınız. Nə vaxta reallaşdırmağı düşünürsünüz?

- Bəli, əvvəllər o layihənin mahiyyətini anlaya bilmirdim. Amma indi onunla daha yaxından maraqlanıram. Daha çox məlumat toplayıram, araşdırıram. Çox bahalı layihədir. Amma onu reallaşdırmaq istəyirəm.


Müəllif: Nərmin Muradova