30 May 2017 13:01
1 697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hülya ilə ailə qurmağım həyatımın ən doğru qərarı idi. Bu sevgini izah etmək elə də asan deyil.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, bu sözlər keçmiş futbolçu Səlim Soydanın əfsanəvi Yeşilcam aktrisalarından olan həyat yoldaşı Hülya Koçyiğit haqda yazdığı məktubunda yer alıb.

Səlim Soydan bu müddət ərzində yaşadıqlarını mətbuata göndərdiyi məktubda belə ifadə edib:

"Burda yaşadıqlarım həyatımın ən böyük dərsi idi. Bu il evliliyimizin 50 ili tamam olur. Hülya ilə ailə qurmağım həyatımın ən doğru qərarı idi. Bu sevgini izah etmək elə də asan deyil. Yarım əsri bərabər keçirdiyim Hülyanın ilk dəfə ağladığını burda gördüm. O göstərmədi, mən gördüm.

Başını çiynimə söykəyib “Buraya qədərmiş, Səlim” dediyini heç vaxt unutmayacam. Boğazım düyün-düyün oldu, möhkəm sarıldım ona. Məndən gözyaşını gizlətməyə çalışanda özümü görməməzliyə vurdum. Ona bu günləri birlikdə arxada qoyacağımızı deyəndə “Bax, həyat yoldaşlığı beləymiş, Səlim”, - dedi.

Bu, asan əməliyyat deyildi. Hülya xəstələri burda dörd gün saxladıqlarını öyrənəndə niyə özünün 9 gün orda olduğunu soruşurdu. Ona əməliyyat zamanı ciyərinin üçdə birini götürdüklərini xatırlatdım. Xəstəxanadan tam sağalandan sonra çıxmağın ən yaxşı qərar olduğunu başa saldım.

Həyatımda ilk dəfədir hisslərimi belə ifadə edirəm. Hülya çox yaxşı insandır. Bunu onun bütün işlərində görə bilərsiniz. Bu yaşadıqlarımız, bu yazılanlar hamısı nəvələrimizə qalacaq. Ümid edirəm ki, bizim sevgimiz onlara və hər kəsə nümunə olar. Sevgimizə və Allaha olan inamımızla hər şeyin öhdəsindən gələcəyik. Buna inanıram”.

Xatırladaq ki, məşhur aktrisa Hülya Koçyiğit bu yaxınlarda Nyu Yorkda ağciyər xərçəngindən əməliyyat olunub. Müalicə zamanı aktrisanın həyat yoldaşı Səlim Soydan, qızı Gülşah Alkoçlar və kürəkəni Nadir Alkoçlar onun yanından ayrılmayıb.

Hülya Koçyiğitlə türk futbolunda bir dönəm şöhrət qazanmış Səlim Soydan 50 il öncə Böyükadada tanış olub, bir-birilərinə aşiq olub, 1968-ci ildə ailə qurublar.


Müəllif: Pərvin