13 İyun 2017 00:44
2 936
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fəaliyyətsiz kütləvi kitabxanaların bağlanması doğru addımdır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov deyib

Onun sözlərinə görə, kitabxanaların bağlanması ilin sonuna kimi davam edəcək:

“Bölgələrdə bir qəsəbədə həm kitabxana, həm də mədəniyyət evi varsa, onların bir yerdə fəaliyyət göstərməsi, modern nümunəvi kitabxana fondunun yaradılması və cəmləşdirilməsi məqsədi ilə islahatlar həyata keçrilir.

Bu proses ilin sonuna kimi davam etdiriləcək. Kitabxanaların bağlanması ilə bağlı qeyd olunan rəqəm isə real deyil. İlin sonunda islahatların nəticəsi geniş şəkildə ictimaiyyətə çatdırılacaq. Bütün görülən işlər büdcə qənaətinə gətirib çıxaracaq, kitabxanaların daha da inkişafına xidmət edəcək”.

Vüqar Şixəmmədov qeyd edib ki, dünya təcrübəsində kitabxananın yalnız kitab evi ilə məhdudlaşmaması qaydası var:

“Kitabxanalar gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi, uşaqlar üçün dərnəklərin təşkil edilməsi funksiyasını da yerinə yetirə bilər. Bütün bu proseslər mədəniyyət sahəsinin optimallaşmasına gətirib çıxaracaq ki, bu da bu sistemin inkişafına yönələn bir addımdır”.

Qeyd edək ki, bu günlərdə Dövlət Statistika Komitəsi ötən il 154 kütləvi kitabxananın bağlanması, 58 kitabxananın isə qəza vəziyyətində olması barədə məlumat yayıb. Xəbər ictimai müzakirələrə səbəb olub.


Müəllif: İlhamə Əbülfət