14 İyun 2017 23:55
1 793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaradıcı adamın az, ya çox yaşamasının keyfiyyət baxımından yaradıcılığa dəxli varmı?

Teleqraf.com xəbər verir ki, sənət adamları bu suala fərqli cavablar verib.

Azərbaycanın əməkdar artisti Naibə Allahverdiyeva yaşın artmasının ifaçılara ziyan verdiyini bildirib:

“Məncə, yaş yalnız musiqi ifaçılarının ziyanına işləyir. Yaş artdıqca səs korlanır və nəticədə müğənninin yaradıcılığında problemlərə, hətta durğunluğa gətirib çıxarır. Lakin aktyorun yaşı nə qədər çox olarsa, yaradıcılığı da o qədər böyük olar. Aktyor 100 yaşında da səhnəyə çıxa bilər, əlil kreslosunda da oynaya bilər. Yəni aktyora hər yaşda ehtiyac var. Aktyorun yaşının çox olması onun təcrübəsinin genişliyinə işarə edir. Gənc birini qrim vasitəsilə yaşlı hala sala bilərlər, amma bu real qocanın oynadığı oyun qədər səmimi çıxmaz. Bir də ki, sənət adamlarından vaxtında istifadə olunmalıdır. Məsələn, elə sənətçi var ki, cavan yaşında tanınmır, 50 yaşından sonra isə yaradıcılığının pik nöqtəsini yaşayır. Bu mənada yaşın yaradıcılığa təsiri danılmazdır”.

Azərbaycanın xalq artisti və əməkdar incəsənət xadimi Faiq Sücəddinov isə əvvəlcə mediadan şikayətini bildirib:

“Əvvəla, onu deyim ki, bu gün mənim 70 illik yubileyimdir. Lakin bu heç kimi maraqlandırmır. Hamı ancaq maşından əl çəkməyən Oksanadan yazır, bizi isə yada salan yoxdur”.

Faiq bəyi yubileyi münasibətilə Teleqraf.com-un kollektivi adından təbrik etdikdən sonra sənətkar mövzumuza davam etdi:

“O ki qaldı yaşın yaradıcılığa təsiri məsələsinə… Mən deyərdim ki, yaradıcılıq 100 yaşda da yaradıcılıqdır, 30 yaşda da! O adam ki, yarada bilir, onun üçün yaşın fərqi yoxdur. İnsan qocaldıqca müdrikləşir. Təbii ki, bu, yaradıcılığın yanından da təsirsiz ötüşmür. İnsan yaşlı vaxtında yaratdığı əsərlərlə, cavan yaşlarında yaratdığı əsərləri yan-yana qoyanda, utancverici dərəcədə fərq duyur. Yaşın fərqi yoxdur, əsas odur ki, yaratmağı bacarasan! İstedad 5 yaşında da üzə çıxa bilər, istedadsız isə 50 yaşında da istedadsızdır. Əsas odur ki, sevgiylə yaradasan”.

Tanınmış rəqqas İlham Kərimli isə məsələyə bu cür fikir bildirib:

“Gəlin, qəbul edək ki, səhnə gözəlliyi, gəncliyi və təravəti sevir. Sırf rəqs yönündən deyə bilərəm ki, illər ötdükcə, insan yaşa dolduqca, məcburən səhnədən uzaqlaşmalı olur. Yəni rəqqas müəyyən yaşı keçənə qədər səhnədə oynaya bilər, yaşlandıqca isə ən yaxşı halda bir mütəxəsssis kimi gəncləri ətrafına yığıb onlara dərs keçə bilər. Qısası, səhnə gənclərindir, bu, həyatın yazılmamış qanunudur”.

Xatırladaq ki, Atatürk Mərkəzinin şöbə müdiri Nazir Əhmədli Aşıq Ələsgərin, Aşıq Alının və başqalarının doğum tarixlərinin indiyə qədər səhv bilindiyini, əslində, bizə deyildiyindən az olduğunu, bunun isə folklorçular tərəfindən süngü ilə qarşılandığını demişdi.


Müəllif: Könül Əlibəyli