15 İyun 2017 08:52
3 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com tanınmış aktyor, əməkdar artist Anar Heybətovla müsahibəni təqdim edir.

- Anar bəy, səhv etmirəmsə, ilk təhsilinizi musiqi üzrə almısınız.

- Bəli. Bülbül adına orta-ixtisas musiqi məktəbini bitirmişəm.

- Bəs aktyorluğa niyə gəldiniz?

- Aktyorluğa uşaqlıqdan marağım vardı. Amma ailəmin təkidi ilə sənədlərimi konservatoriyaya verdim. Qəbul imtahanından kəsildim, buna görə də çox sevindim... Bir il sonra isə İncəsənət Universitetinin dram-kino aktyorluğu fakültəsinə qəbul oldum. Düşünürəm, bütün aktyorların musiqi duyumu olmalıdır.

- İlk dəfə nə vaxt kinoya çəkilmisiniz? Televiziyaya gəlişiniz necə oldu?

- Böyük kinolarda az oynamışam. Əsasən seriallara çəkilmişəm. İncəsənət Universitetində oxuduğum illərdə AzTV-də veriliş aparmışam. Dram teatrına isə universiteti bitirdiyim ildən gəlmişəm.

- Anar bəy, olubmu ki, teatrda, filmlərdə sevmədiyiniz rolu oynayasınız?

- Teatrda bizə elə rollar verirlər ki, ondan imtina etmək haqqımız yoxdur. Bəzən olub, heç pyesin özü xoşumuza gəlməyib. Amma işimiz budur.

- Heç küsülü, incikli olduğunuz biri ilə eyni tamaşada, filmdə, serialda çəkilmək məcburiyyətində qalmısınız?

- Mənim təbiətimdə küsmək yoxdur, heç kimdən küsmürəm. Ümumiyyətlə küsməyi kişiyə yaraşdırmıram. Uzaq başı kimdənsə inciyə bilərəm, həmin vaxt da üzünə deyirəm, aydınlaşdırırıq, vəssalam. Mən ancaq özümdən küsürəm, özümü qınayıram.

- Müsbət rolları oynmaq sıxıcı gəlmir ki?

- Aktyor üçün mənfi və ya müsbət rolun fərqi olmamalıdır. İkisi də maraqlıdır. Amma mənfi rolda aktyor üçün işləməyə çox şey var. Biz onsuz da həyatda özümüzü müsbət qəhrəman kimi göstərməyə çalışırıq.

- Niyə Azərbaycan seriallarının reytinqi türk seriallarından aşağıdır?

- Bu suala dəfələrlə rast gəlmişəm. Mən Azərbaycan aktyor sənətini Türkiyənin aktyor sənətindən daha üstün, daha güclü hesab edirəm. Onların əhalisi də, reytinq vermək şansı da çoxdur. Həm də onlarda aktyorlarla işləyən kadrarxası adamlar çoxdur - səksən, doxsan, yüz nəfər... Bizdə isə beş-on nəfər işləyir. Yavaş-yavaş öyrənirik, düşünürəm, get-gedə bir az da düzələcəyik.

- Maddi vəsaitin azlığını səbəb kimi gətirmədiniz...

- Əlbəttə, maddiyyat böyük rol oynayır. Amma bu o demək deyil ki, maddi çətinliklər olmasa, bizdə hər şey yaxşı olar. Düzəlməyimiz üçün zaman lazımdır. Bir neçə il bundan öncə heç seriallarımız da yox idi. Nə bunu bacarırdıq, nə də belə bir fikir ağlımıza gəlirdi. Türkiyə, Braziliya seriallarına baxa-baxa, görə-görə indiki səviyyəyə gəlib çıxmışıq.

Onu da deyim ki, bizdə ssenarist problemi var. Yaxşı ssenari yazanlar demək olar, yox dərəcəsindədir. Necə deyərlər, ssenarist qıtlığı yaşayırıq.

- Hazırda rol aldığınız serialın ssenarisi sizi necə cəlb etdi? O ssenarinin digərlərindən fərqi nə idi?

- Açığı, indi rol aldığım serialın ssenarisini o qədər də xoşlamadım. Düzdür, ssenarinin başında İlqar Fəhmi dayanıb, ətrafında da iki gənc işləyir. Düşünürəm, işləyə-işləyə təcrübə qazanacaqlar, növbəti ssenarilərdə bu serialdakı xətalara yol verməyəcəklər. Pis tərəf odur ki, ssenari nə bizi, nə də tamaşaçıları qane edir. Amma yenə də deyirəm, çalışa-çalışa öyrənəcəklər.

- Sevda Yəhyayeva tərəf-müqabiliniz idi. Filmə çəkilməmiş bir müğənni ilə çalışmaq sizə çətinlik yaratmırdı ki?

- Ən azından səhnə görmüşdü. Sevda xanımda “mən aktrisayam və aktrisalardan yaxşıyam” iddiası yoxdur. Amma çalışqan qız, məsuliyyətli insan, gözəl dostdur. Professional şəkildə olmasa da, rolunun öhdəsindən gəlirdi və məni qane edirdi.

- Siz nə dərəcədə iddialısınız? Hədəfiniz hara qədərdir?

- Gərək məşğul olduğun sənəti sevəsən... Qadına, vətənə, ailəyə, uşağa olan sevgi kimi. Və sevdinsə, onu qısqanırsan, haqqında nalayiq sözlər eşitmək istəmirsən. Bu sənətlə bağlı nə iddiam var, nə hədəfim... Çalışıram, işimi görüm.

- Ailə qayğıları, məişət problemləri sənətinizə mane olurmu?

- Əlbəttə, olur. Bilirsiniz, türk aktyorlarla bizim aktyorların fərqi ondadır ki, onlar marketə girib, çörək alıb aparıb evdəkilərə vermirlər. Bu işi onlar üçün kimsə edir. O, sırf açıq beyinlə çəkiliş meydançasına gəlir. Biz isə çəkilişə min problemlə gedirik. Ay evə çörək almadım, ay uşaq filan şeyi istətirdi, ay filan kreditimin vaxtı çatdı... Onların qazancı başqa problemlərini həll etməyə yetir.

- Deməli, serialdan aldığınız qonorar çox azdır...

- Hər halda məni qane eləmir. Amma bu günümüzə də şükür... O da olmaya bilərdi.

- Akademik Milli Dram Teatrının maaşı məişət problemlərinizi, kredit borclarınızı ödəməyə yetmir?

- Bura dövlət müəssisəsidir. Biz işləməyə gələndə düşünməmişik ki, çox pul qazanaq, problemlərimizi həll edək. Gərək aktyor sənətinin xəstəsi olsun.

- Özünüzü aktyor sənətinin xəstəsi hesab edirsiniz?

- Qarşıdan qırx günlük məzuniyyət gəlir. Həmin vaxtı havalı kimi oluram. Bəlkə bu, kiməsə gülməli gələr, amma mən tətil boyu işim üçün darıxıram.

- Məzuniyyətini harda keçirirsiniz? Xarici ölkələrdə dincələ bilirsinizmi?

- Xeyr, xaricə getməyə imkan olmur. Müəyyən illərdə getmişəm. Nə zülümlə getmişəm, onu bir Allah bilir...

Bakıda, Bakının kəndlərində, ailəvi dostlarımızla tətilimizi keçiririk. Çalışırıq, dincələk. Çünki çəkiliş mövsümü ərzində ağıla gəlməyəcək dərəcədə yoruluruq. Bu yorğunluğun nə demək olduğunu bilmək üçün mütləq aktyor olmaq lazımdır.

- Çəkilişlərdən yorulanda bu sənəti seçdiyinizə görə peşmanlıq duyursunuz?

- Heç vaxt.

- “Maşın şou”nu yəqin izləyirsiniz. Oyunda dəstək olduğunuz kimsə var?

- İki-üç gün öncə Aqil və Oksanaya dəstək olmaq üçün şouya getmişdim. Düzdür, oyunçuların hamısı dost-tanışdır. Aqillə uzun müddətdir dostuq. Oksana xanım da dostumuzdur, təbii, az-az görüşürük... Elə oldu, onlar oyunda üz-üzə qaldılar və Aqil oyunu tərk etdi. Çox istərdim maşını Oksana xanım aparsın.

- Sizə “Maşın şou”da iştirak etmək üçün təklif gəlməyib ki?

- Bir neçə il bundan öncə zəng vurmuşdular. Orda 21 gün qalmaq lazımdır. İşimlə əlaqədar, əsas da teatrdakı tamaşalarıma görə gedə bilmədim. Gələcəkdə imkan olsa, iştirak edərəm.

- Azərbaycan kanallarına, verilişlərimizə baxırsınızmı?

- Desəm, vaxtım olmur, inanmazsınız. Heç öz çəkildiyim serialı izləməyə vaxt tapa bilmirəm. İşdən gələndən sonra Yutubdan baxıram. Başqa vaxt imkan olanda futbol izləyirəm, yorğunluğum az da olsa çıxır.

- Rolda sevgili olduğunuz birinə həyatda da vurulduğunuz olubmu?

- Olmuş olsa da, desəm, yaxşı çıxmaz, düzdürmü? Amma olmayıb... Pərvin Abıyeva, Sevda Yəhyayeva, Xanım İbrahimova ilə çəkilmişəm. Hər birinə hörmətlə yanaşıram, dostumdur. Bizim sənət elədir ki, motor verildisə, istəsən də, istəməsən də, qarşındak adamı sevməlisən. Sevməsən, tamaşaçı sənə inanmayacaq. Təbii ki, çəkiliş bitəndən sonra biz həmin adamlara-dostlara çevrilirik.

- Belə rollarınız ailənizdə qısqanclıqla qarşılanmır ki?

- Təzə-təzə evli olanda problemlər olurdu. Biz ailə quranda mən deməmişdim ki, prokuroram... Yoldaşım aktyor olduğumu əvvəlcədən bilirdi. İnsandı, onu anlayıram, qısqanclıq hissi yaşaya bilər. Amma şükür Allaha, uzun illərdir, evimizdə belə söz-söhbət yoxdur. Mənim qadın dostlarım var ki, dar günümdə də, şad günümdə də yanımdadırlar və ailəm də onları tanıyır.

- Qızınızın aktrisa olamğını istərdinizmi?

- Bilirsiniz bu hansı suala oxşadı, bir daha dünyaya gəlsəydiniz, aktyor olardınızmı?.. Çalışacam qızımın aktrisa olmasına mane olum. Amma deyim sizə ki, beş yaşı olmasına baxmayaraq, evdə mənimlə bir çox aktyorlardan yaxşı oynayır. Aktyorluq sənəti çox çətindir. Bu çətinliklərə dözmək isə ağırdır.

- Qadın üçün ağırlığına görə, yoxsa maddi çətinliklərə görə qızınızın aktrisa olmasını istəmirsiniz?

- Hər ikisi və daha artığına görə. Aktyorluq elə sənətdir ki, çox ağır şərtlərə dözmək lazımdır.

- Siz də dözə-dözə gəlib əməkdar artisti oldunuz.

- Bəli... Mart ayında ölkə başçısı tərəfindən mən və digər aktyor yoldaşlarımız mükafatlandırıldıq. Bizi bu mükafata layiq görən hər kəsə təşəkkürümüzü bildiririk.


Müəllif: Çinarə Böyükçöl