16 İyun 2017 21:38
5 198
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün tanınmış tarixçi və jurnalist Famil Cəfərlinin feysbuk səhifəsində yazdığı statusu sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Jurnalist Azərbaycanda nikah yaşının minimum 17 (17+), bəzi kinolara baxış qadağası yaşının isə 18 (18+) olmasını qeyd edib.

O, həmçinin şərh bölməsində Konstitusiyanın Ali Məcəlləsindən olan konkret maddəni nümunə gətirib:

Maddə 10. Nikahın yaşı

10.1. Azərbaycan Respublikasında nikah yaşı - 18 yaş müəyyən olunur.

10.2. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq, azaldılmasına icazə verə bilər.

Jurnalist Famil Cəfərli Teleqraf.com-a fikrini daha ətraflı şəkildə izah edib:

“Statusumda da qeyd etdiyim ki, bu, böyük bir məntiqsizlikdir. Qanunda yazılıb ki, nikah üçün yaş həddi minimal 18-dir, lakin müəyyən şərtlər altında şəxsin evlənməyi labüddürsə (məsələn, valideynlərdən biri dünyasını dəyişibsə), o zaman nikah yaşı 1 il azaldıla, yəni həmin şəxs 17 yaşında evlənə bilər. Bu, bilirsiz nəyə bənzəyir?!

Təsəvvür edin ki, çimərlikdə qadağa yazısı qoyulub ki, dənizə girmək olmaz, amma bəziləriniz dizə kimi girə bilərsiniz. Bu çox problemli bir vəziyyətdir. Bilirəm ki, nikahda yaş qadağasını qaldırmaq bir az vaxt aparacaq, ona görə də yaxın zamanda bu məsələnin öz həllini tapmasını gözləmirəm. Məsələn, Yaponiyada nikah yaşı minimal 23-dür. Bizim ora çatmağımıza hələ çox var...”

Azərbaycanın tanınmış kinorejissoru və tənqidçisi Ayaz Salayevin fikrincə isə 17-18 yaş nikah üçün də, erotik kinoya baxmaq üçün də çox tezdir:

“Mən düşünürəm ki, kinonun yaş qadağasını azaltmaq əvəzinə, nikahın yaş qadağasını artırmaq lazımdır. Mənə görə 17 yaşında bir şəxs uşaqdır, o, nikaha daxil olmamalıdır. 17 yaşında insan həyatı yenicə anlamağa başlayır. O, ər və ya arvad olmağın məsuliyyətini necə daşıya bilər? Bu, onun üçün böyük bir yükdür, hansı ki, o insan bu yükün altında qalıb əzilə bilər. Məncə filmin erotik və ya zorakılıq səhnələrinə əsasən, “18+” sloqanını 20 yaşa kimi də qaldırmaq olar. Qısacası, hər iki göstərici səhvdir.”

Əməkdar artist Suğra Bağırzadənin də məsələyə yanaşması maraqlıdır:

“Əgər bir şəxs 17 yaşında nikaha girməyə qərar verirsə, deməli o, “18 +” filmlərə 12 yaşından baxır. Filmə “18+” qoymaqda məqsəd nədir? Məqsəd insanın dünyagörüşünü və həyat təcrübəsini artırmaqdır. Bu bir növ evlənməyə hazırlıq prosesidir.

Amma “18+” yazanın xəbəri yoxdur ki, bu filmə 17 yaşında evli biri və ya 10-15 yaşında subay biri də baxır. Bu məsələdə məncə, rəqəmlər yox, ailələr günahkardır. Ən böyük dövlət ailədir. Sabah dövlət nikahın yaş həddini 25-ə də qaldıra bilər, amma bizim bəzi düşüncəli “ağsaqqallarımız” 25 yaşlı qıza “evdə qalmış” kimi baxdıqdan sonra, artıq dövlət də heç nə edə bilməyəcək.”

Mövzu ilə bağlı tanınmış psixoloq Xatirə Səfərova da öz fikirlərini bildirib:

“Bu “18+” sloqanları sadəcə kino şirkətlərinin yaratdığı “günah məndən getdi” devizi deyil. 17-18 yaşlı bir insanda hələ özünü dərketmə prosesi getmirsə, bu insan necə nikaha girə bilər? Özünü dərk etməyən biri ailə və uşaq problemlərini dərk edə bilərmi? Əlbəttə, yox! Bu yaş həddi “çiy”dir.

İnsan bu yaşda evliliyə nə psixoloji, nə də fizioloji hazır deyil. Qızları bir kənara qoyuram, əgər oğlanlarda 20 yaşına kimi hələ boyatma prosesi gedirsə, yəni bu insan fiziki cəhətdən hələ tam təkamül mərhələsinə çatmayıbsa, burda nə “18+” filmləri izləməkdən söhbət gedə bilər, nə də evlənib uşaq sahibi olmaqdan.

Onu da deyim ki, qadağalar cəlbedici olur. İnsana nəyi qadağan edirsənsə, əksinə, o tərəfə yönəlir. Məsələn, ən çox antireklam olunan məhsul siqaretdir. Hətta qutunun üzərində yazılır ki, siqaret səhhətə ziyandır. Lakin ən çox satışı olan məhsul da elə siqaretlərdir. Yəni bu qadağalar bəlkə də bizim ziyanımıza işləyir.”

Hüquq məsələləri üzrə eksperti Zaur Quliyevin fikrincə, bu, qanundakı boşluqdur: “Bir qrup millət vəkilləri deyir ki, əgər qanuna görə, nikah yaşı 18-dirsə, o zaman bu daima 18 olmalı və burda heç bir istisna hallardan söhbət getməməlidir. Mən də bu fikri dəstəkləyən biriyəm.

Çünki 18 yaşa qədər insan uşaq sayılır. Qanuna görə, uşağın nikaha girməsi qadağandır. Belə çıxır ki, biz bir qanunumuzla digər bir qanunumuzu təqzib edirik. Məsələn, kiminsə valideyni “ölümcül xəstədir” bəhanəsilə onun uşaq yaşında evlənməsinə icazə verməməliyik. Qaldı ki, kino məsələsinə “18+” filmlər vaxtından tez bu filmə baxan gənclərin psixologiyasına ciddi zərər vura bilər. ”


Müəllif: Könül Əlibəyli