20 İyun 2017 14:39
1 370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc şair Şəhriyar del Gerani ilə millət vəkili Fazil Mustafa arasında qalmaqal davam edir.

Teleqraf.com-un məlumatına görə, şairlə deputatın polemikası feysbukda Şəhriyar del Geraninin “kəndli-şəhərli” mövzusunda yazdığı “İyul da gəlsəydi, rayon adamları çıxıb gedərdilər öz küçələrinə tüpürməyə. Çərlədik tamam...” başlıqlı statusu ilə başlayıb.

Sosial şəbəkədə tənqidi şərhlərlə qarşılanan statusa Milli Məclisin deputatı Fazil Mustafa da cavab verməli olub.

Bundan xəbər tutan Şəhriyar isə millət vəkilinə yenidən cavab verib:

“Fazil bəy millət vəkilidir, aşağı-yuxarı, təxminən mandatı var, yəni itirmək qorxusu var. Mən isə bütün mahiyyətimlə aydınam, şairəm, yazıçıyam, yəni itirmək qorxum yox, itirə bilməmək lüksüm var. Nədən ki, xalqın necəliyi onu böyük mənada narahat etmir, əsas odur kreslosuna saqqız yapışmasın. Məni isə narahat edir.

Mən xalqın bir növ həkimiyəm, onun ağrıyan yerlərini boş-boş təriflərlə keyitməli yox, tənqidlərimlə incitməliyəm. Ki, xalq bilsin ağrısının harda olduğunu, mərəzinin adını. Bu, belə.

Qeyd edim ki, sayın millət vəkili Sabunçu birinci seçki dairəsindən seçilib. Heç nə demirəm, o Sabunçu, o Allah, bu da Fazil Mustafa. Özünüz həqiqəti ayırd ediniz. Bu, belə.

Fazil bəy potensial kənd mollasıdır. Arzu edir ki, ey kaş İran ayətullahları Şimali Azərbaycanı da qatsın İranın gözünə, buna da bir məsciddə-pirdə filanda molla postu versinlər, rahatca işini görsün. Zatən Milli Məclisdən Milli Məscid, mandatından minbər kimi istifadə edir. Onu narahat edən millətin problemləri deyil, bəyanatında qeyd etdiyi kimi, millətin imanıdır, sidq-ürəklə zəncir döyməsi, baş yarmasıdır. Mən isə türk aydınıyam.

Azərbaycanın işıqlı gələcəyini məscidlərdə, pirlərdə, ocaqlarda yox, kitabxanalarda, laboratoriyalarda, sənətdə, yaradıcılıqda görürəm. Mən millət vəkilinin "Allah rizası" prinsipi ilə deyil, "insan rizası" prinsipi ilə çalışmağının tərəfdarıyam. Bu, belə.

Ən nəhayət, "qaqaş yanaşması" məsələsi. Görünür Fazil bəy dəxilsiz yerə "qaqaş" sözünü xatırlasa da, təhtəlşüur heç vaxt qaqaş ola bilmədiyini izhar etmiş. Düzü, çoxdan unutmuş idim bu sözü. Yeri gəlmiş ikən deyim: Həri, bir türk kişisi kimi bütün “qaqaşlıq” mərhələlərindən çıxmışam. Bütün uşaqlığımı, yeniyetməliyimi, gəncliyimi “qaqaş ponyatkası”nda keçirmişəm. Zarafat eləmirəm. Bu da belə...”

Qeyd edək ki, millət vəkili Fazil Mustafa şairin statusundakı möqveyini yaradıcı yanaşmadan primitiv bir qaqaş yanaşması adlandırıb:

"Biz şəhərliyik, gəlmələr olmasa idi, daha böyük intellektual uğurlar əldə edə bilərdik yanaşması doğru deyil. İndiki məqamda Azərbaycanda gəlmə və yaxud da yerli problemi artıq siyasi şərtlər üzündən çoxdan pozulub. Demoqrafik vəziyyət xeyli dəyişib. Konkret olaraq bakılı ya qeyri-bakılı anlayışı gündəmdən çıxıb.

Çünki müəyyən yerdəyişmələr oldu. Çoxsaylı insanlar Qərbi Azərbaycandan , Qarabağdan köçüb Bakıda məskunlaşmalı oldu. Onlar bu şəhərin ayrılmaz insanlarıdır və şəhər mühitinə adaptasiya olunublar.

Ona görə də bu cür yanaşma tamamilə sağlam olmayan bir mühakimədir. Yenə söyləyirəm ki, burada primitiv bir qaqaş mühakiməsindən söhbət gedə bilər”.


Müəllif: Könül Əlibəyli