24 Aprel 2014 13:50
4 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Wikipedia”da yazılanlara görə, bu gün mərhum Xalq artisti Həsənağa Turabovun doğum günüdür.

Axtarış sistemlərində ən çox istinad edilən, oxunan “Wikipedia”da yer alan bu məlumat səhvdir. Bunu Teleqraf.com-a açıqlamasında H.Turabovun qızı Sevinc Turabova deyib:

“İnternetdə yazılan yalnış məlumatdır. Atamın doğum günü martın 24-dür”. Atasını hər an xatırladığını bildirən qızı fotolarını evinin divarlarına vurduğunu deyir:“Darıxan zaman onlara baxıram baxıram, söhbətləşirəm. Ən çox isə onun səsi üçün darıxmışam. Radiodan, televiziyadan onun səsi gələndə əlimdəki bütün işləri atıb, diqqətlə dinləyirəm. Keçmişimiz canlanır gözümdə”.

Məlumat üçün bildirək ki, Həsənağa Turabov 24 mart 1938-ci ildə Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Həmin ildən Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb, ömrünün sonuna qədər bu teatrda çalışıb. 1960-cı ildən həmin teatrın səhnəsində çalışan Turabov Ağasadıq Gəraybəyli, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Mehdi Məmmədov, Adil İsgəndərov və neçə-neçə qüdrətli sənətkarlarla tərəf-müqabil olub. Onun canlandırdığı Vahid (“Kəndçi qızı”), Azəri (“Yaxşı adam”), Hamlet (“Hamlet”), Lionel (“Orman qızı”), İsgəndər (“Ölülər”), Xəyyam (“Xəyyam”) obrazlarının hər birinin milli teatr tariximizdə öz yeri, öz mövqeyi var. Çünki o hər bir rola öz möhürünü vururdu.

Turabov məhsuldar aktyor idi, gecə-gündüz məşqlərdə, çəkilişlərdə, radio-televiziya verilişlərində işləməkdən yorulmazdı. O, teatr qədər kinonu da sevərdi. Mənfi obrazları da, müsbət obrazları da ekran qarşısında məharətlə canlandırardı. Aktyorluq və pedaqoji fəaliyyətlə yanaşı, həm də yaxşı təşkilatçı olub. Məhz onun rəhbərliyi ilə Akademik Milli Dram Teatrı özünün qızıl dövrünü yaşayıb.

Nərmin


Müəllif: