10 İyul 2017 15:05
1 835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com tanınmış posmodernist yazıçı Zadi Smitin müsahibəsini təqdim edir.

- İndilərdə baş ucu kitablarınız hansılardı?

- Uzun bir yazmaq mərhələsindən sora təzədən oxumağa başlamışam, buna görə də baş ucumda bir yığın kitab var: Alvaro Enrike “Qəfil ölüm”, məhbus yazıçı Əhməd Najenin “Həyatdan istifadə”, Yaa Qyasi “Homegoing”, Deyv Eggers “Sərhəd xidmətinin qəhrəmanları”, Kolson Vaythed “Yeraltı dəmiryolu”, Mişel Laub “Payız gündəliyi”, Nikeş Şukla tərtib etdiyi “Yaxşı immiqrant”, Daron Acemoğlu və Ceyms A. Robinson “Millətlərin süqutu”, Maylis de Kerangal “Körpünün doğuluşu”, Teju Kole “Məşhur və əcaib şeylər”, Lola Lafon “Heç vaxt gülməyən balaca kommunist”, Yesmin Vordun tərtib etdiyi “Bu dəfə atəş”, Sara Bakevel “Ekzistensialist adlı kafedə” Li Smolin “Diriliş zamanı”, Maykl Çabon “Ay işığı”, Xavier Mariasın son 4-5 romanı, Kraşnahorkai və həmişə yarımçıq qalmış Prust romanları. Yazmaqdansa, oxumağı tərcih edirəm: Gözləyə bilmirəm.

- Son oxuduqlarınızın içində ən gözəl kitab hansı idi?

- Çox şanslıyam ki, son vaxtlar çox oxumuşam. Sözün düzü, Ferrantenin son romanı, sonra Otessa Moşfeqin böyük ustalıqla yazılmış qısa hekayələrdən ibarət “Başqa aləm üçün razılaşmalı nigah” kitabı, Aleksandra Klimanın “Sənin də mənimki kimi bədənin ola bilər” kitabı. Riad Sattufun “Gələcəyin ərəbi” isə uzun müddətdir oxuduğum ən yaxşı cizgi romandır. Con Bergerin “Portretlər” kitabı son vaxtlar oxuduğum ən gözəl sənət kitablarından biridir. Bu kitab vasitəsilə rəsmən ruhani bir təcrübə yaşadım. Yox, zarafat eləmirəm. Həqiqətən! Tamamilə ruhani idi. Amma bir dənə kitab seçməli olsam, o da Corc Sondersin “Linkoln Bardoda” kitabı olar. Əsl şedevrdir.

- Bir kitab üstündə işləyərkən nələr oxuyursuz?

- Jurnallardan bir xeyli esse və məqalə oxuyuram. Özümü axmaq hiss etməyimin qabağını alır. Roman yazmaq insanı axmaq edə bilər – üç-dörd il ərzində mövcud olmayan bir şey haqqında yazırsız.

- Bədii işdə sizi ən çox canlandıran, hərəkətə keçirən şey nədir?

- Yaradıcılıq, dürüstlük, cinsəllik, cəsarət və etiraf edim ki, təbii istedadı. Gimnast Simona Baylzın ilk saltosunu izlədiyim günkü qədər həyəcanlanıram.

- Son oxuduqlarınızdan sizi ən çox güldürən kitab hansıydı?

- Deyəsən Ayalet Valdmanın “Həqiqətən yaxşı gün” kitabı.

- Axırıncı dəfə hansı kitabı oxuyanda ağlamısız?

- Harriyet Ceykobsun “Kölə qızın həyatından mənzərələr” kitabı.

- Bəs sizi qəzəbləndirən kitab?

- Ceyms Mikin “Xüsusi ada: Niyə indi Britaniya başqa kimsələrə də məxsusdur?” kitabı.

- Tələbələrə oxutmağı sevdiyiniz kitab hansıdır? Siz tələbəykən oxuduğunuz kitablardan ən çox hansını sevirdiniz?

- Kafkada ekzistensializmlə bağlı olan söhbətləri sevirəm və Dennis Kuperin “Mənim doş duran paltarım” kitabını oxumağı sevirəm, çünki sevgi və nifrət kimi güclü hisləri ortaya çıxarır. Boldvinin ilk dövrlərindən danışmağı sevirəm: Tələbələr üslubları hələ tam oturuşmamışkən bir ustayla tanış olmaqdan məmnun olurlar. Üstəlik Boldvin cavanlığında o qədər cəsur imiş ki, tələbələrim qədər mənə də ilham verir. Ancaq eləcə ləzzətli bir səhər keçirmək istəyirəmsə, onda Muryuel Sparkın “Xanım Jan Brodinin baharı”nı və yaxud Hilari Mantelin “Sevgidə eksperiment” kitablarını tərcih edirəm. Bunlar sayəsində danışılası çox şey olmur. Sadəcə xoşbəxt oluram.

Mən tələbə ikən Rolan Bartdan “Mifologiyalar” yaxud “Sevgi diskurslar”ı oxudulurdu, qəfildən həyatımını gedişatını dəyişən bir yazıçı ilə tanış olmağın çox vacib bir şey olduğunu hiss etmişdim, indi düşünürəm ki, həqiqətən də beləymiş.

- Hansı kitablarını sizin kitabxananızda görmək insanları təəccübləndirə bilər?

- Bilmirəm, mən sürprizlərlə doluyam. Bəlkə də moda kitabları ola bilər. Düşünmürəm ki, gözəl paltarlar geyinməyi sevməyim sirr qalmalıdır.

- Hədiyyə kimi aldığınız ən gözəl kitab hansıdır?

- Atam ölməmişdən qabaq mənə “Uliss”in bir kopyasını hədiyyət etdi və etiraf elədi ki, 1953-cü ilin 7 yanvarında alsa da, heç oxumayıb, kitabın ilk səhifəsinə adını yazmışdı. Bəlkə də mən də uşaqlarıma eyni etiraf ruhu ilə “Özəllik adam” yaxud “Mobi Dik”i hədiyyə edərək öləcəyəm.

- Ən sevdiyiniz super qəhrəman və pis xarakter hansıdır?

- Düzünü deməliyəm ki, uşaqlıqdan bəri fiksiya oxumuram. Buna görə də Ceyn Eyr və Ebenezer Skruc.

- Uşaqlıqda necə oxucu idiniz? Hansı uşaq kitabları və müəllifləri sizə təsir edib?

- Bir növ narkoman kimiydim. Təxminən 9 yaşımda anamın “Özünü axtarmağın yolu” adlı autizmdən bəhs edən kitablarından birini oxuduğumu xatırlayıram. Evimizdəki yazılı hər şeyi oxuyurdum. Ancaq mənim üçün ən önəmli yazıçılar: Alisa Volker, Roal Dahl, Şarlotta Bronte, Dikkens, Noel Stretfild, Endryu Solki, L. Mod Montgomeri, Luiza Mey Alkot. Uşaqlara uyğunlaşdırıldığı üçün Toni Morissonun “Qara kitabı”nı 9-10 yaşlarımda oxumuşam. Amma C.S. Lyuis hamısından öncə gəlir.

- Əgər prezidentə oxuması üçün bir kitab tövsiyyə etməli olsanız, bu hansı kitab olardı?

- Çoxdan oxumuş olar, yenə də deyim: Metyu Desmon “Təxliyə edilənlər: Amerikan şəhərlərində yoxsulluq və qazanc”

- Şam yeməyinə bir ədəbiyyat partisi təşkil edirsiniz, hansı yazıçıları dəvət edərdiniz?

- Nikita Lalvani, Tessa Hadli, Darril Pinkni. Məncə ədəbi bir şam yeməyi üçün bəs etməz, amma belə baxanda yaxşı başlanğıcdır.

- Hər hansı bir yazıçı ilə dost olmaq ehtimalınız olsa, o kim olardı?

- Zora Nil Herston.

- Sizdə xəyal qırıqlığı yaradan, şişirdilmiş, kifayət qədər yaxşı olmayan, sevəcəyinizi düşünüb sevmədiyiniz kitab hansıdır?

- Çətin dönəmlərimdən birində Vilyam Stironun “Qaranlıq görünür” kitabını oxudum və deməliyəm ki, heç bir işə yaramır. Üstəlik mən feministəm, rusları ya da Doris Lessinqi sevsəm də, Turgenevlə yola getmirəm.

- Bioqrafiyanızı kimin yazmağını istərdiniz?

- Yaşasaydı Litton Striçi, indi isə Larissa MakFarquhar.

- İndilərdə nə oxumağı planlaşdırırsız?

- Bir az şeir. Son bir neçə ildir şeiri yaddan çıxartmışam. Ərim Nik Leyrd və şotland şair Don Paterson “Təzələrin zooparkı” adlı böyük bir antologiya üstündə işləyir və bir neçə ildi Skaypda etdikləri söhbətlərə qulaq asıram. Maraqlıdır, görək ortaya nə çıxacaq.

(Nyu York Tayms)

Tərcümə etdi: Qismət


Müəllif: Teleqraf.com