11 İyul 2017 14:18
1 627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Ölümqabağı” layihəsinin növbəti qonağı Azərbaycanın xalq artisti Ağaxan Salmanlıdır.

Yaxında öləcəyinizi bilsəydiniz:

- …kimi özünüzlə aparmaq istəyərdiniz?

- Heç kəsi özümlə aparmazdım. Çünki orada çox adam var. Eşitdiyimə görə, orada hətta teatr da var.

Deməli, bir gün iki qoca aktyor kulisdə oturub söhbət edir, biri deyir ki, ikimizdən kim birinci ölsə, o birinin yuxusuna girib deyər ki, orada teatr var ya yox...

Bir qədər vaxtdan sonra onlardan biri ölür. Həmin ölən axşam o birisinin yuxusuna girir və deyir:

- Burada qəşəng teatr var. "Hamlet" əsərini hazırlayırlar, öz də Hamlet rolunu sənə veriblər. Yubanma, tez gəl!..

Hələ ki mənə orda rol verilməyib. Yoxsa, 1-2 dostumu götürüb gedərdim… (Gülür).

- … hansi yeməklə hansı içkini içərdiniz?

- Yaxşı qırmızı çaxır olsa langetlə, ya da quyruqlu lülə-kababla pis getməz... Araq olsa, onda müxtəlif növ salatlarla içərdim. Bunlar da olmasa, viski ilə şokolad mütləq olmalıdır.

- …son dəfə hansı rolunuzu təkrar oynayardınız?

- Mənə uğur gətirən Seyfəddin Dağlının "Aydınlığa doğru" əsərindəki Cəfər Cabbarlının monoloqunu deyərdim:

"Gülsün günəş, ziyasını saçsın səmalara,

Gülsün də, kainatı batırsın ziyalara.

Keç, keç, sən ey uzaq qayalıqdan qopan duman,

Artıq sonun gəlir sənin, artıq gəlir zaman…”

- …hansı ölkəyə getmək istərdiniz?

- Bütün dünya marağımdadır, lakin imkan bircə dəfə verilirsə, İstanbula!

- …son kəs kimi öpərdiniz?

- Öpmək yox... Sonuncu nəvəm Babahacı ilə əl-ələ görüşüb, şappıldadardım.

- …kimə nə etiraf edərdiniz?

- Əgər o vaxta qədər bir az pulum yığılsa, onda etirafım ola bilər.

- …pullarınızı kimə verib gedərdiniz?

- Ailədə məndən başqa hələ ki, doqquz nəfər var. Əlimdə olanı doqquz yerə bölərdim…

- …kimə və nə hədiyyə alardınız?

- Hədiyyəm tövsiyyəm ola bilər: Elə yaşayın ki, rəhmət qazanasınız. Həyat əbədi deyil…

- …kimə ve niyə təşəkkür edərdiniz?

- Kimə nə təşəkkür düşür, indidən deyə bilmərəm. Lakin yenə də kim son məqamda qulluğumda durarsa, yəqin ona da təşəkkür düşür. Allahdan istəyim budur ki, ayaqüstə ölüm.Yəni yorğan-döşək xəstəsi olmayım. Atam kimi…

- Son 3 kəlməniz nə olardı?

- Haqqınızı halal edin… Lakin imkan olsa 3 kəlmə də əlavə edərdim: özünüzdən muğayat olun!..


Müəllif: Könül Əlibəyli