13 İyul 15:22

Teleqraf.com-un “Ölümqabağı” layihəsinin növbəti qonağı Türkiyədə yaşayan azərbaycanlı bəstəkar Günel Sərdarqızıdır.

Yaxında öləcəyinizi bilsəydiniz:

- …dalınızca gələn Əzrayıla nə deyərdiniz?

- Xoş gəldin, ey Allahın mələyi!

- …nə düşünərdiniz?

- Dünyadakı missiyamın tamamlanıb-tamamlamandığını düşünərdim.

- … hansı yeməyi yeyib hansi içkini içərdiniz?

- Pomidor dolmasını sevirəm, amma bilmirəm o halda yemək yadıma düşər, ya yox…

- …kiminlə görüşmək istəyərdiniz?

- Ailəm və dəyər verdiyim insanları son dəfə görmək istərdim.

- …hansı ölkədə ölmək istərdiniz?

- Həyat fəlsəfəmə görə, ölüm son deyil, başlanğıcdır. Bu başlanğıcın da mənim və hamının xeyrinə olacaq yerdə gerçəkləşməsini istəyərəm.

- …kimi öpərdiniz?

- İlk növbədə anamı…

- …sizdən xatirə qalacaq dəftərə nə yazardınız?

- Başımıza gələnlər dərs, yolumuza çıxanlar isə vasitəçidir.

- …kimə və nə hədiyyə alardınız?

- Sevgi və bağışlanmaq ən böyük hədiyyədir. Hamıya son kəs sevgi ötürər, mənə qarşı səhv edənləri bağışlayardım. Ümumiyyətlə, vaxtaşırı bu meditasiyaları icra edirəm.

- …ölümünüzdə kimisə günahlandırardınızmı?

- Hamımız borclarımızı ödəmək və yeni dərslər almaq üçün bu dünyadayıq... Və yaşayacaqlarımız öncədən bəllidir. Məhz bu səbəbdəndir ki, bəzi yeni tanıdığımız insanları sanki daha öncədən tanıyırmışıq kimi bir hiss yaşayırıq. Xülasə, günahlandırmaq deyil, həyatımda rolu olan kəslərə təşəkkür edərdim.

- …son 3 kəlməniz nə olardı?

- Dünyanın dəyişməsini istəyənlərə deyərdim: Birinci özündən başla!


Müəllif: Könül Əlibəyli