13 İyul 2017 17:46
1 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı növbəti mövsümünü başa vurur.

Yeni tamaşalar, qastrol səfərləri, müxtəlif yerli və beynəlxalq festivallarda iştirak və uğurlu nəticələrlə yadda qalan mövsüm iyulun 16-da başa çatacaq.

Teatrın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, həmin gün tamaşaçılar Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılının motivləri əsasında teatrın baş rejissoru Qurban Məsimovun səhnələşdirdiyi və quruluş verdiyi “Tıq-tıq və Taq-taqın nağılı” tamaşasına baxacaqlar.

Daha sonra isə teatrın truppası və nəzdindəki “Oyuq” teatr-studiyasının balaca istedadlarının təqdimatında tamaşalardan hissələr, musiqi nömrələri və ümumilikdə mövsümə nəzər xarakterli videoçarx nümayiş olunacaq.

Həmçinin fəal kollektiv üzvlərinə müxtəlif nominasiyalarda mükafat və diplomların təqdim olunması da nəzərdə tutulub.

Teatrın mövsüm sonuna həsr olunmuş bayram tədbirində il ərzində Azərbaycan Dövlət Kukla Teatrı ilə yaxından əməkdaşlıq edən, onun fəaliyyətini mütəmadi və ətraflı şəkildə işıqlandırmağa yardımçı olan KİV nümayəndələri də təltif olunacaq.

Milli Mətbuat Günü ərəfəsində bir neçə media təmsilçisi “Teatrın dostu” mükafatı ilə təltif olunacaq.


Müəllif: Könül Əlibəyli