19 İyul 2017 19:15
5 461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əslində, 20 il əvvəl irəli sürdüyüm ideya təkcə dualarda doğma dilimizin işləkliyinin təmin edilməsi ilə bağlı deyildi. Təklif edib teoloji baxımdan yetərincə əsaslandırmışdım ki, bütün dini ayinlərdə, o cümlədən namaz ibadətində də Azərbaycan dili öz yerini təsbit etməlidir. Qısaca olaraq, yenə qeyd edim ki, istər dualarda olsun, istər digər ibadət növlərində, səmimiyyəti təmin edən ən vacib məsələlərdən biri Tanrıya müraciətlərin anlaşıqlı və ana dilində olmasıdır.

Bu sözləri Teleqraf.com-a müsahibəsi zamanı şair, tərcüməçi, şərqşünas alim Nəriman Qasımoğlu deyib. O, ərəb dilində namaz qılıb dua oxumağın düzgün olmadığını vurğulayıb:
“İmanlı şəxs bilməlidir ki, bilmədiyi ərəb dilində dua etmək Tanrıya milliyyət isnadı kimi yozula bilər. Bu da günaha tay tutulan bir şeydir əslində. Axırı da, şübhəsiz, mahiyyət etibarilə Tanrıdan uzaqlaşmağa gətirib çıxarmalıdır...”
Nəriman bəy bu təklifinin o vaxt xeyli ciddi müzakirələrə səbəb olduğunu deyib:
“O zaman bunları elmi-akademik müstəvidə, müvafiq Quran ayələrinə istinadla vurğuladığım bir yazı gözləmədiyim halda xeyli mübahisələrə, müzakirələrə səbəb olmuşdu. Dözümsüzlük göstərib məni fiziki baxımdan cəzalandırmaq istəyini ifadə edən nadanlar da öz münasibətlərini biabırçı bir tərzdə ortaya qoydular. Nəticə isə pis olmadı. Artıq insanlar tanıyıram ki, ibadətlərini ana dilimizdə edir. Mənə bu barədə müraciət edib tərcümə variantlarını istəyənlər də olur ara-sıra. Belələri dindarlıqlarını car çəkməyən, camaatlara qoşulmayan hələlik azsaylı insanlardır.
Başqa müsbət nəticə isə o oldu ki, namazda ibadətin yalnız ərəbcə olması zərurətini vurğulayan dindarlar dualara münasibətdə nisbətən dözümlülük göstərdilər və razılaşdılar ki, duaların ana dilində səslənməsinin heç bir problemi yoxdur.
O zaman teoloji arqumentləri qəbul etməyənlər üçün məcbur olub M.Ə.Sabirin yaradıcılığından, M.Ə.Rəsulzadənin siyasi irsindən nümunələrə də istinad etdim. Məsələn, tövsiyə edirdim ki, Rəsulzadənin Quran məntiqi ilə səsləşən bu fikirlərini də diqqətə alsınlar:
"Əsasati-diniyyə (din əsasları – N.Q.) ərəb olmayanlar üçün yabançı qalmamalıdır. Əvvəla Quran, sonra da ayin və dualar türkcəyə tərcümə edilməlidir ki, ruha və qəlbə lazım gələn hərarət və nuru bəxş edə bilsin. Yoxsa ayini-diniyyə quru bir hərf və cansız bir kəlmədən ibarət olub qalar ki, faydasız olan hər şey əbəsdir". Həqiqətən də, anlaşıqsız bir dildə "ruha və qəlbə lazım gələn hərarət və nur" hasil olmursa, din də dinliyindən çıxaraq saxtalaşır. Bu zaman din dəllallar tərəfindən inhisara alınır. Saxtalaşdırılan din öz növbəsində başlayır mövhumat və küfr dəyərlərinin istehsalına… Mövhumat istehlakçılarının duaları isə Tanrıya çatacaq mahiyyətdə olmadığından bu biçarələr öz bədbəxtliklərini sadəcə yaşamağa məhrum bir durumda ömür sürürlər.
Dinimizdə ana dilimizin işləkliyi məsələsi aktuallığını, əlbəttə, saxlamaqdadır. Çünki inanclı insanların təfəkküründə yenilikçiliyə, islahatçılığa, zamanla ayaqlaşmayan, elə Quranın bu gün anlaşılan öz məntiqinə də açıq-aşkar tərs düşən ən çeşidli islam etiqadi və fiqh təlimlərinə xas ümumi cəhətlərdən biri bu dil məsələsinə münasibətlə bağlıdır”.
Görkəmli alim ərəb dilini bəzi insanların müqəddəsləşdirməyə çalışması məsələsinə də toxunub:
“Məsələ burasındadır ki, islam adına 1400 ilin içində mövcud olmuş və olan bütün təlimlərdə Quran dili olduğu üzündən ərəbcəyə xüsusi status tanımalı olmuşlar. Bu obyektiv gerçəklikdə müəyyənləşən statusun möhkəmləndirilməsinə tarixən ehtiyac olmadan subyektiv cəhdlər də edilib.
Xalq rəvayətləri qəbilindən peyğəmbər adına hədislər uydurulub ki, ərəbcəni bir dil olaraq müqəddəsləşdirsinlər. Guya Məhəmməd peyğəmbər deyibmiş: “Üç səbəbə görə ərəb dilini sevin:
1. çünki mən ərəbəm;
2. Quran-i Kərim ərəbcə nazil olub;
3. Cənnət əhlinin danışdıqları dil ərəbcədir”.
Uydurma olduğu bir kənara, hədisin məntiqi belədir ki, peyğəmbər ərəbdirsə, aldığı vəhylər ərəbcədirsə, yaxşı insanlar cənnət-məkanda hökmən başlayacaqlar bir-biri ilə ərəb dilində danışmağa. Fərqi yoxdur, türk ol, fars ol, rus ol, kim olursansa ol, mömin müsəlmansa, cənnətliksən və orada dilin dönüb olacaq ərəb dili...
Yeri gəlmişkən, burada bir haşiyə çıxıb ənənəçilərə etirazən deyim ki, cənnət axirətini qazanmaq üçün heç də şərt deyil Məhəmməd peyğəmbərə enmiş Quran ismarışlarını qəbul edəsən, çünki Quranın öz mətni təktanrılıqda olan əməli-saleh xristianlara, yəhudilərə qucaq açaraq, onları da cənnətlə müjdələyir:
“O kəslər ki, inanmışlar və o kəslər ki, yəhudi olmuşlar... xristianlar, sabiilər... Kim inanmış Tanrıya, axır günə, bulunmuş da xeyircil bir əməldə – ödüncləri Rəblərinin qatında. Nə qorxu gözlər, nə qəm üzər onları”(2:62); “Həqiqətən, o kəslər ki, inanmışlar və o kəslər ki, yəhudi olmuşlar... xristianlar, sabiilər... Kim inanmış Tanrıya, axır günə, bulunmuş da xeyircil bir əməldə, nə qorxu gözlər, nə qəm üzər onları”(5:69). Yəni Quranın orijinal mətni cənnətin təkcə ənənəvi müsəlmanlara aid olmasını beləcə açıq-aşkar təkzib, hədisçilərin ərəb dilinin statusu ilə bağlı saxta məntiq dəlilini isə etibarsız edir”.
Nəriman Qasımoğlu dil məsələsinin birbaşa islahatçılıqla bağlı olmasını da qeyd edib:
“Müsəlmanlar, çox təəssüf, Avropa xristianlarının keçdiyi bu tarixi islahatçılığı sadəcə keçməyiblər. İnanıram ki, ərəb dilinin statusu da müsəlmanlar üçün nə zamansa tarixə qovuşacaq. Xristianların reformasiya tarixində bu məsələ xüsusi önəm kəsb edir ki, onlar inanc sistemlərini ümumilikdə kilsə dili kimi toxunulmaz tutulan latın dilindən imtina edib milli dillərdə ibadətlərin çərçivəsinə salmağa başlamaqla xeyli dəyişdirməyə, daha sonralar isə çağdaş gerçəkliklərə uyğunlaşdırmağa cəhdlər etdilər. Bu cəhdlər indi də davam edir. Amma dil məsələsi artıq qalıb uzaq tarixdə. İndiki müsəlmanlar isə hələ də mahiyyətini anlamadıqları bu dil məsələsinin toxunulmazlığında israr etməkdədirlər...”
Nəriman bəy apardığı təbliğat işinin Martin Lüterin gördüyü işlərin mahiyyətilə müqayisə olunduğunu da bildirib:
“2013-cü ildə Harvard Universitetində çalışırdım. “Harvard Divinity School”da “Quran-i Kərim: qeyri-ərəb dillərində” linqvsitik və teoloji çağırışlar mövzusunda geniş bir məruzə ilə çıxış etdim. Məruzəmdən sonra Dünya Dinlərini Araşdırma Mərkəzinin direktoru, katolik din xadimi, tanınmış xristian ilahiyyatçısı Frank Kluni üzünü mənə tutub dəyərləndirməsini belə ifadə etdi: “Sənin islam dini sahəsində orijinal islahatçılıq ideyalarının təbliğilə bağlı işin vaxtilə Martin Lüterin xristian reformasiyasında gördüyü işlərin mahiyyətinə tam uyğun gəlir”...

Müəllif: Könül Əlibəyli