22 İyul 2017 09:13
3 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un yeni “Söz bağlayıcı” layihəsinin ilk qonağı tanınmış müğənni Şəhla Həmidovadır.

- Şəhla xanım, elə bir şey var ki, onsuz yaşaya bilməzsiniz?

- İndiki vaxtda işləməsən, yaşamaq çox qəliz məsələdir. Çünki hər şey maddiyyat tələb edir. Evdə çalışan hələ ki tək mən olduğuma görə bu gün vəziyyət belədir. Xüsusən də kirayə qalırsansa, məsələ lap qəliz olur.

- Məcburən etdiyiniz hansısa iş olubmu?

- Uşaq vaxtı çox olub. İndisə məcbur oldugum iş xoşuma gəlməsə də, yalandan gülmək və guya xoşuma gəlmiş kimi davranmaq zorundayam. Hansı ki belə şeyə nifrət edirəm. Amma zamanın tələbi budur.

- Keşmiş vaxtlar yaxşı idi, indiki dövr, yoxsa daha çox gələcəkdə yaxşı olacağını düşünürsüz?

- Sovet dövründə dogulmuşam. Çox arzu edərdim ki, elə o dövrə qaydım. Çünki hazırda yalan, xəyanət, aqressiya dolu bir zamanda yaşayırıq. Gələcəkdən isə hələ heç kimin xəbəri yoxdur.

- Heç xəyanətlə rastlaşmısınız?

- Elə buna görə boşanmışam. Xəyanətin böyüyü, kiçiyi olmur.

- Uşaqkən ilk dəfə əsəbləşdiyiniz hadisə yadınıza gəlir?

- Ehh... Səhər o başdan anam rəhmətlik qaldırardı, əsəbləşərdim. Yayda bizdə tətil olmazdı. Hər birimizin iş bölgümüz vardı. Amma kaş elə davam edəydi, onda bilmirdim ki, bu qədər zalım zamana gələcəyik.

- Yuxu demişkən, elə bir yuxunuz olubmu ki, yatıb yenidən davamını görmək istəmisiniz?- Anam dünyasını dəyişəndən sonra çox az gəlir yuxuma. Xüsusən narahatlıq olanda. Anamlı yuxunu yenidən görmək istərdim, amma çox təəssüf ki, alınmır.

- Əgər sizə eynilə oxşayan qadınla rastlaşsanız nə edərdiniz?

- Sualım olardı ki, o da mənim ki çox əziyyət çəkirmi, şansı üzünə gülürmü? Vəziyyəti yaxşı olsa sevinərdim, ən azından oxşarımın günü xoş keçsin.

- Səsinizlə çox adam bağlamısınız, yoxsa sözünüzlə?

- Baxır yerinə və adamına. Sözü üzə dediyim üçün çoxlarına acı, qaraqabaq, eqoist görünürəm. Amma lazım olanda, daha doğrusu, haqsızdırsa, qarşımdakını susdura bilirəm .Qaldı ki səsimə, ancaq ürəyi dəryalar tək dərin olan insanların hisslərini oyada bilərəm. Burada sevinc, kədər, yəni çox şey rol oynaya bilər .Cılız, dayaz adamlarla işim olmaz, zatən onlar da məni anlamaz.

- Sizin üçün dünyada bundan sonra yaradılmalı vacib olan şey nədir?

- Normal həyat və müharibəsiz dünya .Çünki insanlar o qədər qəddarlaşıblar ki, bir- birini diri- diri yeməyə hazırdılar. Yarada bilsəydim, sevgi, sayğı, sağlıq dolu dünya yaradıb gələcək nəslə ötürərdim . Analar həmişə əmin-amanlıq sevər.Yaşamaqdan doyulmayacaq bir dünya yarada bilsəydim, bəlkə rahat olardım. Amma bu, bir xəyal olaraq qalır. İnşaallah ki, dualarımız çin olar.


Müəllif: Emin Akif