22 İyul 20:22

Teleqraf.com Azərbaycan mətbuatının yaradılmasının 142-ci ildönümü münasibətilə Məhəmməd Əmin Rəsulzadənin “Qəzetçi Seyyid” hekayəsini təqdim edir:

***

O, qəzet sahibi bir burjua deyildi. Qəzet mühərriri bir mürtəce də deyildi. Qapı-qapı dolaşaraq abunələrin qəzetlərini çatdıran kasıb bir qəzetçi idi.

Qəzetlərlə yanaşı türk teatrının elanlarını da paylayır, afişaları divarlara yapışdırırdı. İri vücudu və hündür boyu ilə o, bu işi çox gözəl bacarırdı. Nərdivana ehtiyacı olmadan elanları nadinc uşaqların əllərinin çatmayacağı bir yerə asa bilirdi.

Seyyidi hər kəs tanıyırdı. Davamlı teatr izləyiciləri və qəzet oxucuları arasında onu tanımayan yoxdu. Qırmızı yanaqlarında həyat, saf gözlərində nəşə, gülər üzündə vəfa və sədaqət dolu bu sağlam vücudlu insan eyni zamanda qəlbində sağlam bir ruh daşıyırdı. Milli və vətəni qayələrlə keçirilən nümayişlərdə Seyyidi daima vücudu ilə mütənasib bir həyəcan sarırdı. Qocaman Azərbaycan bayrağını böyük bir vüqarla çiyninə alır, həyatının ən nəşəli anlarını yaşayırdı. O, heç bir mükafat və ödəniş gözləməyən həqiqi xalq vətənpərvərliyinin səmimi bir nümayəndəsi idi.

Denikinçilərin Bakı limanında silah dolu “Belaya” gəmisini tapdığı və bu xidmətinə müqabil qanunən haqq etdiyi mükafatı almadığı halda belə qətiyyən xəyal sükutuna uğramamışdı.

27 aprel faciəsi baş vermiş, qırmızı ordu Bakını istila etmişdi. Bolşevik qəzetləri denikinçilərə aid olan “Belaya” gəmisinin bolşeviklərə aid olduğunu yazır və bu gəmini kəşf edən “ixtilal düşmənləri”ni məhkəməylə təhdid edirdi.

Seyyid narahat olmamışdı. O, vətəninin mənfəətini qorumuş, hökumətindən gizli saxlanılan bir silah anbarını üzə çıxarmışdı. Bu anbarın bolşeviklərə məxsus olduğunu da bilmirdi. Gəminin bolşeviklərə də düşmən olan denikinçilərə aid olduğunu vaxtilə bolşevik qəzetləri də yazmışdı.

Ona “Seyyid, gizlən” demişdilər. O, vəziyyəti düşünmüş, gizlənməyə lüzum görməmişdi. Həbs edilmiş, ÇEKA-ya aparılmışdı.

Qəzetçi Seyyidi bir daha görən olmadı. Onun “Azərbaycan”, “İstiqlal” deyə hayqıran gur səsi artıq eşidilməz olmuşdu. Fəqət dildən-dilə bir mənqibə dolaşır, fədakar Seyyidin əziz xatirəsini yaşadırdı: Güllələnərkən qəzetçi Seyyid mətanətindən geri çəkilməmiş, geniş sinəsini hədəf olaraq atılan qurşuna mərdcəsinə gərmişdi. Bu müqəddəs şüar bu cəsur şəhidin son sözü olmuşdu: Yaşasın istiqlal!!!.

“Yeni Qafqaziyyə”, 27 aprel, 1926-cı il.

“Azerbaycan”, aprel 1954-cü il.

P.S. Hekayəni Rəsulzadə “Mim.Elif” imzası ilə yazıb. Seyyidin səsləndirdiyi şüarlar Cümhuriyyət dönəmində çap olunan mətbu orqanların adları idi.

Dilimizə uyğunlaşdırdı: Dilqəm Əhməd


Müəllif: Dilqəm Əhməd