25 İyul 2017 19:15
10 196
12 Punto 14 Punto 16 Punto 18 Punto

Düşündüklərinə fikir ver, onlar sözlərə çevrilir. Sözlərinə fikir ver, onlar əməllərə çevrilir. Əməllərinə fikir ver, onlar vərdişlərə çevrilir. Vərdişlərinə fikir ver, onlar xarakterinə çevrilir. Xarakterinə fikir ver, o, sənin taleyinə çevrilir. Bu fikirlər əslində hamıya aiddir. Amma göz qabağında olanların, yəni tanınmış insanların sözləri, əməlləri, vərdişləri, xarakterləri həmişə daha çox gözə girir və bir dilim artıq müzakirə olunur.

Teleqraf.com-un qonağı çox düşünən, az danışan, düz danışmağa vərdiş edən və bütün bunlarla həmişə müzakirə obyekti olan ciddi xarakterli prodüser və telejurnalist Sayqa Cahiddir.

- “Sayqa” adının mənası nədir?

- “Sayqa” adının mənası şimşək, ildırım deməkdir. Cahid də oğlumun adıdır.

- Hər zaman adınız şoubiznes ulduzlarının adları ilə yanaşı çəkilib. Son zamanlar isə görünmürsünüz. Bunun səbəbi nədir?

- Allah ölənlərinizə rəhmət etsin. Apreldə atamı itirdim. Buna görə hələ də özümə gələ bilmirəm doğrusu...

Gündəm mənlik deyil! Heç vaxt gündəmdə olmağa çalışmamışam. Sadəcə işim, layihəm olanda bunu cəmiyyətə təqdim etmişəm, vəssalam! Gündəm müğənnilərə lazımdır, mənə yox!

- Şoubiznesdə dostlarınız var?

- Hər kəslə münasibətim yaxşıdır.

- Bəs düşmənləriniz necə, çoxdur?

- Yoxdur.

- Azərbaycanda prodüser anlayışı düzgün başa düşülürmü?

- Mən telejurnalistəm. Prodüserlik sahəsində də bacardığımı edirəm . Prodüser “istehsal edən” deməkdir. Daha bunu kim necə qəbul edir, necə anlayır, onun öz işidir.

- Professional prodüser nələri bilməlidir?

- Peşəkar prodüser hər şeyi bilməlidir. Hər yerdən, hər kəsdən ən son xəbərlərdən hali olmalıdır. Təşkilatçılığı, reklamı, təqdimatı, rəhbərliyi bacarmalıdır.

- Televiziyada fəaliyyətiniz nə vaxtdan başlayıb?

- Televiziya ilə uşaqlıqdan tanışam. Tez-tez çəkilişlərdə olurdum. 9 -10 yaşından dövlət televiziyasında verilişlərə çəkilirdim. Şeir deyir, rəqs ansamblında çıxış edir və 1 saylı incəsənət məktəbinin kamança bölümündə oxuyurdum. Buna görə də televiziyada çıxışlarım olurdu. AzTV mənim üçün ilk məktəb, ANS isə tramplin oldu, desəm yanılmaram. 102 FM açılan gündən radionun ilk qadın diceyi kimi fəaliyyətə başlamışam. Daha sonra Sara radio- 104 FM-də və Sara TV-də müəllif proqramları ilə çıxış etmişəm 2000-ci ilin yanvarından Space TV-də işə davam etmişəm. “Günaydın”, “Ömrün fəsilləri”, “Özüm... Sözüm... İzim...”, “Profi şou” və s. verilişləri aparmışam.

Son 8 ildir ki, heç bir televiziyada çalışmıram, yəni işsizəm. Qəribədir, televiziyada bir vaxtlar aparıcı, rejissor, redaktor kimi çalışsam da, bu gün işsizəm...

Uzun illərin təcrübəsinə arxalanaraq, jurnalist İlhamə Novruzova ilə birgə 4 il öncə ASA Azərbaycan Tədris Akademiyası adı altında mərkəz açdıq. Orada əsasən jurnalistika kursları təşkil edirik.

- Bəs prodüser kimi ən çox hansı müğənni ilə işləmisiniz?

- Ən çox xalq artisti Aygün Kazımova ilə işləmişəm. Ondan əvvəl və sonra xüsusi layihələrdə çalışdım. Yəni Aygün Kazımovadan başqa heç bir müğənninin tam prodüseri olmamışam.

- Xarakteri zəif olan biri prodüser işləyə bilər?

- Nə deyim? İndiki prodüser adı ilə çalışanların bir neçəsindən başqa hər kəs əslində menecer kimi işləyir. Başa düşmürəm, menecer olmağı ayıb bilirlər, ya nədi?! Anlamırlar ki, menecer olmaq da çətin peşədir. Onu da peşəkarcasına həyata keçirmək lazımdır.

- Hansısa filmdə prodüser kimi çalışmısınız?

- Xeyr. Amma bir dost kimi köməklik etmişəm. Hazırda aktrisa kimi bir neçə təklif almışam. Bəzilərinə yox demişəm, lakin bir neçə ssenarilər var ki, marağıma səbəb olduğuna görə, indi onları dəyərləndirirəm.

Qeyd edim ki, bu aktrisa kimi ilk işim olmayacaq. "Samedik" filmində nənə rolunda çəkildim. Hazırda kinoteatrlarda gedir. Bu film azyaşlılara çox gözəl tətil hədiyyəsi oldu. Filmin prodüseri və rəhbəri “Tək səbr”dən tanıdığımız Ramiz Hüseynzadədir.

- Dünyada tanınan bir çox məşhur prodüserlər həm də rejissordurlar. Bizdə isə istər klip, istər kino çəkilişlərində sanki prodüser və rejissor qarşıdurması yaşanır. Bu nə ilə əlaqədardır?

- Düzdür. Nə vaxtsa inşallah bizdə də düzələr bu məsələ...

- Azərbaycanda prodüserlər nəyi düzgün etmirlər?

- Azərbaycanda prodüserlər nəyi düzgün edirlər ki, nəyi də düzgün etməsinlər? (Gülür)

Azərbaycanda çox az adam həqiqətən prodüserdi və lazımi formada çalışır, digərləri ya menecer, ya da köməkçidirlər. Şəxsən mən özümü də heç prodüser hesab etmirəm, mən telejurnalistəm.

- Müğənninin boşqabını əlində gəzdirən prodüserlər də var. Onlara münasibətiniz necədir?

- Boşqab tutan, çanta daşıyan...Hər kəs özünə cavabdehdir, əzizim. Özləri bilər. Bəlkə boşqab tutduğunu gördüyünüz köməkçinin müğənnisi xəstədi, ya əsəbdən əlləri əsir?!. Yəni o qədər də dərinə getməyin...

- Şoubiznesdə yeni ortalığa çıxan özünə prodüser tutur və onunla əlaqə saxlamaq çətinləşir. Bununla onlar nə demək istəyirlər?

- Prodüser tutulmur. Köməkçi tutulur yardım üçün. Onların da işi çox çətin və ağırdı. Onların işini qiymətləndirmək lazımdır. Prodüserə isə müraciət olunur. Ya da əksinə... Prodüser müğənnidə qeyri-adi istedad gördükdə ona müraciət edir.

O ki qaldı müğənninin əlçatmaz olmasına. Ya onlar diqqət cəlb etmək üçün belə edirlər, ya da onlara maddi dəstək olanlar “heç kimlə əlaqə saxlama” dediyinə görə belə hərəkət edirlər. Bunlar hamısı süni şeylərdir, müvəqqəti reklamdır, vəssalam.

- Şəxsi həyatınızda nə yeniliklər var?

- Özüm haqda danışmağı sevmirəm. Oxucuya, tamaşaçıya şəxsi həyatımız deyil, gördüyümüz iş daha maraqlıdır, məncə. Müğənni deyilik ki, maraq doğuraq. Sadə bir həyatım var. Hər kəs kimi qayğılar, filan... Oğlum Cahid Türkiyədə Çanaqqala 18 Mart Universitetində turizm işlətməçilik bölümündə təhsil alır. 1-ci kursu bitirib. Hazırda tətil olduğu üçün yanımdadır.

- Artıq çəki kompleksiniz varmı?

- Artıq çəkim var, amma kompleksim yoxdur. (Gülür)

- Qarşıda hansı layihələriniz var?

- Sentyabrdan yeni işlərə başlayırıq. Sevimli sənətkarımız Nisə Qasımova ilə yeni layihə hazırlayırıq.


Müəllif: Könül Əlibəyli