26 İyul 2017 09:39
2 251
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deyir, həyatda ilk öncə sevdiyiniz bir işi seçin. Bu zaman ömrünüzdə bir gün belə çalışmaq məcburiyyətində qalmazsınız. Həqiqətən də işinə iş kimi yox, həyatının bir parçası kimi baxanlar az deyil. Tanınmış sığorta mütəxəssisi və eskpert Nicat Əlibəyli onlardan biri olduğunu iddia edir.

- Sizi necə təqdim edək? Jurnalist, müğənni, yoxsa sığorta mütəxəssisi?

- İxtisası jurnalist, hobbisi müğənnilik olan sığorta mütəxəssisi.

- O zaman ixtisasınızın, hobbinizin və əsl peşənizin qısa tarixçəsindən danışaq.

- İxtisasca jurnalistikanı seçdiyimə görə bir an belə peşman olmadım. Az-çox mətbuatda fəaliyyətim olub. Həmçinin 5 ilə yaxın “Lider” telekanalı ilə əməkdaşlıq etmişəm. Lider TV-də bir neçə verilişin redaktoru olmaqla yanaşı "Təqvim" verilişinin aparıcısı olmuşam. O vaxt kanalın baş prodüseri olan, Azərbaycanın əməkdar artisti Murad Dadaşovdan çox şey öyrənmişəm. Bu gün mən televiziya haqqında fikir bildirə bilirəmsə, bunun səbəbkarı 4 ilə yaxın müddətdə rəhbərim olan Murad Dadaşovdur. Bunu heç vaxt unutmaram.Televiziyadan uzaqlaşsam da, əslində, bizi birləşdirən bağlar bu gün də tam ayrılmayıb. Hazırda əsas işimlə paralel olaraq, internet televiziyalarının biri ilə əməkdaşlıq edirəm.

Qaldı ki müğənniliyə... Siyasətlə məşğul olanlardan da bəziləri şeir yazır, bəziləri musiqi bəstələyir. Bu normaldır. Əgər mənim səsim varsa və mən yaxşı oxuya bilirəmsə, burada qəbahət nə var ki?.. Kimi hobbi olaraq şairlik, kimi bəstəkarlıq edir, mən də mahnı oxuyuram. Amma qeyd edim ki, bu hobbi məni “Azəristar” musiqi yarışmasının finalçısı edib.

Və gələk əsas işimə… Peşəkar televiziyadan ayrıldıqdan sonra, sığorta sahəsində çalışmağa başladım. Bu sahə mənə çox maraqlı gəldi. Qəribə olan budur ki, anam 18 il sığorta şirkətində işləsə də, bir dəfə də olsun bu işin prinsipindən mənə danışmayıb. Heç mənim ağlıma da gəlməyib ki, nə vaxtsa mən də anam kimi sığorta sahəsində çalışaram. Lakin artıq 5 ildən çoxdur ki, sığorta arenasının fəallarındanam. İlk öncə sığorta agenti kimi fəaliyyətə başladım. Daha sonra sığorta mütəxəssisi, hazırda isə sığorta agentliyinin direktoru vəzifəsində çalışıram. Sığorta sahəsində ilk müəllimim Xəyal Məmmədxanlı olub. O mənim kimi bir çox agentlərə kurs keçərək, “sığorta“ anlayışı haqda məlumat verib. Lakin sığortanın xırdalıqlarını hazırda rəhbərim olan Mustafa Abbasbəylidən öyrəndim. Yəni Xəyal Məmmədxanlı mənə sığortanı nəzəri, Mustafa Abbasbəyli isə təcrübi formada öyrətdi. Nə yaxşı ki, bu insanları tanıdım. Hesab edirəm ki, bu insanları tanımaq mənim ən böyük uğurlarımdan biridir…

- “Azəristar”la bağlı xatirələriniz necə yadda qalıb?

- Televiziyada işlədiyim vaxtlar xəbər eşitdim ki, Lider TV-də “Azəristar” müsabiqəsi başlayır. İş yoldaşlarımın çoxu bu müsabiqəyə qatılmağımı istədi və mən da qatıldım...

Yadımdadır, hətta Lider TV-nin komandası kampaniya yaradaraq, hər həftə səsvermə zamanı göndəriləcək sms üçün müəyyən məbləğ yığırdılar. Rəhbərlik də həddindən artıq dəstək olduğundan finala kimi gəlib çıxdım... Belə deyək də, gündüzlər kanalda işimi görürdüm, aşxamüstü isə elə həmin binada yerləşən pavilyonda məşqlərə gedib performans sərgiləyirdim.

Çox maraqlı günlər idi... Münsiflərdən Oktay Rəcəbov və Aygün Bəylər, həmçinin əməkdar artist mərhum Telman Əliyev səsimi çox bəyənirdilər.

Ümumiyyətlə, mən televiziyaya həmişə minnətdar olacağam. Çünki “Lider” telekanalında çalışmaq mənə gözəl dostlar, ən vacibi isə gözəl bir ailə bəxş edib. Həyat yoldaşımla elə orda tanış olmuşuq.

- Az öncə sığorta mütəxəssisi kimi yetişməkdə sizə yardımçı olan insanların adını çəkdiz. Deyirlər, yaxşı şagird müəllimini də geridə qoyur. Siz yaxşı şagird oldunuz?

- Özümü tam məsuliyyətlə yaxşı şagird və yaxşı işçi adlanıra bilərəm. Çünki bir dəfə də olsun işimə xəyanət etmədim. Şagirdlər müəllimlərinin yanında hər zaman şagird olaraq qalırlar.

- Azərbaycanda insanlar sığorta anlayışını hələ də tam dərk edə bilmirlər. Bu, nədən irəli gəlir? Güvənsizlik burda rol oynayırmı?

- Hazırda heç bir güvənsizlikdən söhbət gedə bilməz. Çünki sığortaya nəzarət edən orqan bu sahənin tam şəffaflaşmasına xidmət edir. Digər qaranlıq məsələlər isə bəzi vətəndaşlarımızın sığortanın şərtlərini hələ də tam mənimsəyə bilməməsindən irəli gəlir. Düşünürəm ki, zamanla bu da düzələcək.

- Hobbiniz sizə ciddi iş adamı kimi tanınmaqda mane olurmu?

- Yox… Çünki çox nadir hallarda bu hobbimdən bəhrələnirəm. Hesab edirəm ki, bu mənim işimin ciddiyyətini saxlamağa mane olmaz…

- 5 il əvvəlki məqamınızla indini və indi ilə 5 il sonrakı məqamınızı müqayisə etsək...

- 5 il çoxdur. Hətta dünənlə bu günün də fərqi böyükdür. Keçmişdən danışmağı xoşlamıram. Lakin keçmişi heç vaxt unutmuram və danmıram. Hər hansı hadisə baş verən zaman keçmişi gözümün önündə canlandıraraq, qərar verirəm. Hesab edirəm ki, çox realist biriyəm. Bu günümlə gələcəyimi düşünərək, yaşamağı çox sevirəm. Hər günümdə mütləq ki, bir gələcək var. Gələcəyə ümidim böyükdür. Ümumiyyətlə, mənim gələcəyə ümidsiz baxmağa ixtiyarım da yoxdur. Çünki evimdə oğlum böyüyür.

- Sığorta sahəsində hər hansı bir təklifiniz və yenilikləriniz olubmu?

- Bəli, sığorta sahəsində bir neçə təklifim olub. İçində reallaşanı da var. Bu yaxınlarda da qismət olsa, bir ideyamı həyata keçirməyə çalışıram. Ölkədə sığorta əməkdaşlarının adı ilə bağlı bir qurum yoxdur. Mən artıq ətrafımda olan bir çox həmkarlarımla da məsləhətləşmişəm, fikrim var bu yaxınlarda bu istiqamətdə işlər görüm və QHT yaradım. Əminəm ki, bu istiqamətdə sığorta əməkdaşları və media dostlarım mənə böyük dəstək olacaqlar...

- Sığorta mütəxəssisi ola bilmək üçün nələri bilmək mütləqdir?

- Ümumiyyətlə, hər bir işin mütəxəssisi olmaq üçün o işi mükəmməl bilməli və bu istiqamətdə daim yeniliklər edərək, yeni-yeni prizmalardan çıxış etməliyik. Hesab edirəm ki, bir işin mütəxəssisi olmaq üçün sadəcə o işə ürəklə və həvəslə yanaşmalıyıq.

- Televiziya ilə sığorta işi bir mənada bənzəyir ki, hər iki halda insanları qane etməlisən. Bunlardan hansı daha çətindir?

- Televiziyada, məncə, bir az fərqlidir... Zövqlər müxtəlifdir deyə, bütün tamaşaçıları qane etmək mümkünsüz bir şeydir… Sığortada isə qazandığın inam və etibar sayəsində insanları qane etmək olur.

- Rəqibləriniz var?

- Hər bir sahədə rəqiblər var. Lakin mən hesab edirəm ki, daha çox dostlarım və tanışlarım var.

- Sosial şəbəkələrdən anlaşılana görə, hətta məşhur insanlar belə avtomobillərini yalnız sizə əmanət edir. İnsanların etibarını necə qazandınız?

- Bəli, bir çox məşhur insanlar var ki, bu gün mənə müraciət edir. Bunun səbəbi dostlarımın çox olmasıdır. Sağ olsunlar. Çoxu da media əhlidir. Bu dostluqlar qarşılıqlıdır və biz hər zaman əlimizdən gələn köməkliyi bir-birimizə edirik.

- Sizin üçün müştərilər arasında fərq varmı?

- Qətiyyən!

- Hər bir işin sirri, qızıl açarı olur. Bu işin sirri nədədir?

- Fikrimcə, hər bir işin qızıl açarı doğru, ədalətli və dürüst nəticədədir...

- Mənfi cəhətiniz nədir?

- Səbrsiz olmağım ən pis xüsusiyyətimdir. Gərək bəzən hadisələrə anında reaksiya verməyəsən... Səbr etmək ən gözəl hisdir. Bəlkə də ən xoşbəxt insanlar səbr etməyi bacaranlardır!


Müəllif: Teleqraf.com