21 İyul 2014 18:57
3 429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əliqismət Lalayev: "İş yoldaşları onun qayğısını çəkir"

Şəkər və böyrək çatızmamazlığından əziyyət çəkən Musiqili Teatrın aktrisası, əməkdar artist Gülnar Salmanova ağır xəstədir. Onun böyrəyi təcili dəyişməlidir. Məsələ ilə əlaqədar sənət dostları Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya müraciət edəcək. Bəs, çalışdığı Musiqili Teatr aktrisanın qayğısına qala bilirmi? Bununla bağlı Teleqraf.com-un suallarını Musiqili Teatrın direktoru Əliqismət Lalayev cavablandırıb.

- Əliqismət bəy, teatr Gülnar Salmanovanın vəziyyəti ilə hansı səviyyədə maraqlanır?
- Musiqili Teatr öz aktyor və aktrisaları ilə hər zaman maraqlanıb. Xüsusilə də belə ağır xəstəliyə tutulanlarla...İş yoldaşları da gedir, qayğısını çəkir. Elə olub ki, evinə qədər gedib, təmizlik işləri görüblər. Teatrda çalışan texniki işçilər baş çəkirlər, təmizlik işləri görürlər. Neçə illərdir ki, xəstədir. Və bu xəstəliyinə görə bütün köməkliklər göstərilir.

- Neçə ildir ki, artıq teatrın tamaşalarında oynaya bilmir?
- 6 ildir ki, Gülnar Salmanova səhnəyə çıxmır. Bir-iki dəfə bəzi tamaşaların məşqlərinə gəldi, amma mütəmadi bunu davam etdirə bilmədi.

- Teatrdan maaş alır?
- Təbii, çünki xəstədir. Xəstə olan adamın əmək haqqını kəsməzlər ki...Səhnəyə çıxmasa belə, əmək haqqını alır.

- Dediyinə görə, Prezident mükafatı almır? Əvvəllər alırdımı?
- Əvvəl alırdı. Bilirsiniz ki, Prezident mükafatı sənətkara bir il müddətində yaradıcılıq uğurlarına görə verilir. Əgər o altı ildir ki, səhnəyə çıxmırsa, heç bir yaradıcı uğurları yoxdursa, mükafat ona verilməyəcək.

- Bu cür ağır xəstəliyə tutulan aktyor və aktrisalar yardım məqsədilə teatrın fondu varmı?
- Həmkarlar İttifaqımız var. Həmin ittifaqın xətti ilə ona yardım olunub. Elə bu ayın 4-də ona yardım olunub.

- Musiqili Teatr bu yaxınlarda istedadlı aktrisalarından biri olan Xanım Qafarovanı itirdi. İndi də Gülnar xanımın belə ağır xəstəliyi üzü çıxdı. Bu teatra, aktyor heyətinə, elə direktor kimi sizə necə təsir edir?
- Bu, Allahın əlindədir. Deyirsiniz ki, istedadlıdırlar, teatra lazım olan aktrisalardır. Hər bir kollektiv üçün işçisini itirmək çətindir. O ki qaldı, həmin işçilər yaradıcı, istedadlı insan ola. Təbii ki, Xanım Qafarovanın itkisi teatr üçün ağırdır. Gülnar xanımın da durumunun yaxşılaşması ilə bağlı teatr əlindən gələn köməkliyi edir.

Pərvin


Müəllif: