22 İyul 2014 11:21
1 979
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, ədəbiyyatşünas alim Arif Əmrahoğlu iyul ayının 19-da mədə xərçəngindən dünyasını dəyişib.

Arif Əmrahoğlu 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin katibidir. O, "Nəsrin poetikası", "Sözə inam sabahımızdır", "Epik sözün bədii gücü" və s. kitabların müəllifi olub. Ədəbiyyatşünas alim A.P.Çexovun Azərbaycan dilində nəşr olunan üçcildlik "Seçilmiş əsərləri"nin, Moskvada rus dilində nəşr olunan M.F.Axundovun "Seçilmiş əsərləri"nin tərtibçisidir. O, uzun illər Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Arif Əmrahoğlunun yaxın dostları, həmkarları onun barədə fikirlərini "Gündəlik Teleqraf"la bölüşüblər.

"Ağlıma gəlməzdi ki..."

Xalq şairi Fikrət Qoca: "Ariflə tanışlığımız Yazıçılar Birliyindən başlayıb. Yalan olmasın, hardasa 15-20 ilin dostu, həmkarı olmuşuq. Bu illər ərzində onun ancaq gülər üzünü görmüşəm. Mən ondan gülün ləçəyi qədər də incik, xoşagəlməyən söz eşitməmişəm. Həmişə gülə-gülə, xoş sözlər danış-danışa yaşayıb. Dostlarına, ədəbiyyata canı yanan, sözü incəliyinə qədər bilən, öyrənən adam idi. Belə adamlar çox az olur. O, ədəbli-ərkanlı ədəbiyyat adamı idi. Allah ona rəhmət eləsin! Elə indi yasında idik, hamı bir ağızdan ona rəhmət oxudu. Xəstəliyinə yüngül yanaşırdı, ağlına gəlməzdi belə ciddi xəstəlik imiş. Biz onun belə tez vəfat edəcəyini gözləmirdik. Qəfil oldu. Xəstəlik belədir, adamı hər zaman aldadır".

"Publika üçün isə heç vaxt açıq adam olmayıb"

"Ədəbiyyat" qəzetinin baş redaktoru Elçin Hüseynbəyli: "Arif Əmrahoğlu ilə düz 21 ildir ki, tanışam. 10 ildən artıq bir müddətdə isə bir yerdə işləmişəm. Mən şişirtmədən deyirəm ki, Arif Əmrahoğlu Azərbaycan ədəbiyyatının, Azərbaycan ziyalısının parlaq simalarından biri olub. Bu ədəbiyyat üçün belədir. Geniş publika üçün isə heç vaxt açıq olmayıb. O qədər abırlı adam idi ki, müsahibələrdən, efirlərə çıxmaqdan qaçırdı, ona görə də geniş publikada onun haqqında təsəvvür bəsitdir, azdır. Onun ölümü bizim hamımız üçün gözlənilməz oldu. Heç vaxt təsəvvür etməzdim ki, Arif Əmrahoğlu haqqında bu gün keçmiş zamanda danışacam. Ona görə biz "Ədəbiyyat" qəzetində Vaqif Yusiflinin Arif müəllim haqqında iri yazısını çap etdik. Yazı indiki zaman şəkilçiləri ilə yazılmışdı. Düşünürəm ki, Arif Əmrahoğlu kimi ziyalıların Azərbaycan mühitindən getməsi bizim buludlarımızı, bizim havamızı, bizim göyümüzü bir qədər qaraldır".

"Şişirdilmiş ədəbi tərif, nə də tənqid"

Tənqidçi Əsəd Cahangir: "Arif müəllim filologiya elminə 80-ci illərdə gəlmiş ədəbiyyatçılar nəslinə mənsubdur. Yəni bu dövr elə bir dövr idi ki, filologiya elmində Qərb ədəbiyyatşünaslığında strukturalizm deyilən nəzəriyyə özünə möhkəm şəkildə yer eləmişdi. Arif müəllim də, onunla eyni nəslə mənsub olan ədəbiyyatçılar da strukturalist meyllərin təsiri altında formalaşmışdılar. Bu nəzəriyyəyə görə, hər şeyin zahiri, ənənəvi təhlilindən əl çəkib mətnin alt qatına varmaq və onu üzə çıxarmaq lazım idi. Bu mənada, Arif müəllim ənənəvi ədəbiyyatşünaslardan deyildi, onun kitabları xüsusilə də XIX əsr Azərbaycan nəsri ilə bağlı yazdığı "Epik sözün bədii gücü" kitabı Azərbaycan ədəbiyyatşünaslıq elminin yadda qalan maraqlı nümunələrindən biridir. Arif müəllim elə bir alim idi ki, heç zaman onun dilindən kiməsə qarşı şişirdilmiş ədəbi tərif, nə də tənqid eşidə bilməzdin. Ona görə mən onun elmi çıxışlarına həmişə böyük maraqla qulaq asırdım, yazılarını oxuyurdum. Bilirdim ki, kim haqqında danışmasından asılı olmayaraq o səmimidir. Onda qəribə daxili bir mövzu var idi: nə sağa, nə də sola doğru həddini aşmamaq. Mən bir az Arif müəllimin Yazıçılar Birliyindəki fəaliyyətindən danışmaq istəyirəm. 15 il mən onunla eyni binada çalışdım. Və bu müddət ərzində ən müxtəlif situasiyalarda Arif müəllimi elmi, istedadı qiymətləndirən, obyektiv, ədalətli, humanist adam kimi gördüm. Bir sıra insanlar: yazıçılar, şairlər müxtəlif məsələlərlə bağlı problemlərini çözmək üçün Arif müəllimin otağında oturardılar. O çalışırdı ki, hamıya kömək etsin. Və məsələ qalmaqalsız, sakit, mədəni məcrada öz həllini tapsın. Dəfələrlə mənim də müəyyən problemlərimin həllinə kömək edib. O ki qaldı, insanlığına...Arif müəllimdə öz vəzifəsindən irəli gələn mənəmlik, təkəbbürlük yox idi. Onun Yazıçılar Birliyinin ən siravi üzvləri, əməkdaşları ilə münasibətində subardinativ fərqi hiss eləmirdin. O hamı ilə bərabər bir qələm yoldaşı, bir dost, sadəcə bir insan kimi davranırdı. Bu xüsusiyyətləri ilə istəyir alim, istəyir katib, istəyir insan kimi hamının çox böyük hörmətini qazanmışdı. Ona görə bu gün onun vəfatı ilə bağlı hamıda böyük bir təəssüf hissi var. Mən Allahdan Arif müəllimə rəhmət diləyirəm, qoy onun ruhu cənnətlik olsun".

Nərmin


Müəllif: