5 Avqust 2017 10:41
2 091
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Öz əsərini danışdır” layihəsində Hədiyyə Şəfaqət Kənan Hacının “Fironun dəftəri” romanını dillləndirir...

Teleqraf.com danışıqları təqdim edir:

- Kənan bəy, hansı səbəbdən “Fironun dəftəri”?

- Əvvəla, ona görə ki, bu romanı ən uğurlu mətnim sayıram. Bu əsərin ideyası, mətləbin ifadə forması haqda uzun müddət düşünmüşəm. Məsələn, "Yağ kimi"də, "Rəqqasə"də hər şey üst qatdadır. Bunlar sırf realist səpkidə yazılıb. Amma "Fironun dəftəri"ində pastiş də var, fləşbəkdən də istifadə olunub. Həm də ona görə bu əsər haqda danışmaq istədim ki, müəyyən səbəblər üzündən roman çox az sayda çap olundu... Əsəri çox az adam oxuyub. Gözdən uzaq qalıb...

- Başlanğıcda bunu soruşmaq istədim: mətnlərinizə nə dərəcədə həssasınız?

- Nə dərəcədə lazımdırsa, o qədər. Amma yazıb bitirdikdən, əsər çap olunandan sonra o əsərin sonrakı taleyi haqda qəti düşünmürəm.

- Mən bu romanı oxuyanda ilk düşündüyüm bu oldu ki, bir anda yazılması istənib, oturub yazılmayıb, uzun zaman dolanıb durub, bəlkə də sizi narahat edib, "yaz" deyib... Romanın ideyası nə zaman, nədən doğub? Yəni yazıya köçüncə...

- Çox dəqiq müşahidədir. Mən bunu 2012-ci ildə yazmağa başladım. O zaman Kulis.az-da çalışırdım. Düşünürdüm ki,qısa müddətdə yazıb bitirəcəyəm. Araya xəstəlik düşdü, sonra çox ciddi problemlər yaşadım. İndi romanın yazılma prosesindəki qeydlərimə baxıram. Orda belə bir qeyd var: "Vaxtımı tam bu əsərə ayıra bilmədim". Bu qeydi əsərin tamamlayarkən yazmışam. Roman həcmi az olsa da, uzun fasilələrlə yazılıb. Mən kənddə yaşayanda hər gün şəhərə elektrik qatarında gəlirdim. Eyni vaqonda, eyni yerdə oturan və tamamən özünə qapanmış bir adam diqqətimi çəkdi. Bir gün gəlib onunla üzbəüz oturdum və beləcə tanışlığımız başladı. Bu adamla ünsiyyət qurmaq əvvəl çətin oldu. Amma bir neçə gündən sonra onun belə deyək, "buzu əriməyə" başladı. Taleyimizdəki oxşarlıq məni heyrətə gətirdi. Təbii ki, cüzi fərqlər vardı. Amma eyni tramvayla bərabər həm də eyni həyat marşrutunda gedirmişik. Taleyimizin yolları eyni yerlərdən keçib. Bu mənə çox maraqlı gəlirdi və onun haqqında bir hekayə yazmağı düşünürdüm. Amma hardan, necə başlayacağımı bilmirdim. Firon adı mənimçün bu mövzuya bir açar oldu. Bir gün qonşuluqda yaşayan dostumla rastlaşdım, hal-əhval tutduq. Bu oğlan doğulanda valideynləri ona “Firon” adını qoymuşdular, məktəbdə oxuyanda da həmişə adına görə lağ obyektinə çevrilirdi. Adam adına görə əməlli-başlı əziyyət çəkirdi. Sonra öyrəndim ki, pasport alanda adını dəyişdirib. Bu detal beynimdə şimşək kimi çaxdı. Firon! Elə həmin gün mətni yazmağa başladım. Burda məqsəd Misir Allahlarının həyatını dekonstruksiya etmək deyil. Qətiyyən! Amma oxucu istər-istəməz Misir fironları haqda da düşünür. Hər bir mətndə oxucu versiyası da olur. Çox vaxt müəllifin heç düşünmədiyi məqamlar oxucunun ağlına gəlir. Bizim dilimizdə belə bir ifadə var: filankəs fironluq edirdi, gördünüz axırı nə oldu? Daha çox bu müstəviyə proyeksiya olunub. Belə deyək, üç adamdan bir adam yaratmışam.

Bu əsərdəki Firon həm mənəm, həm mən deyiləm. Qatarda tanış olduğum adamın həyatı lokomotiv kimi süjeti öz ardınca aparır.Əsərdə belə deyim, iki cür hadisə var: materiya hadisəsi, bir də şüur hadisəsi. Mən bura şüuraltı hadisələr də əlavə etdim.

- Yazmağa 2012-ci ildə başladınız. Bəs nə zaman tamamladınız?

- Əsəri 2015-in fevralında bitirdim.

- Yazdığınız müddətdə həmin adamla yenə rastlaşırdınızmı?

- Mən kənddən çıxandan sonra o qəribə adamla əlaqəm itdi. Uzun zaman sonra təsadüfən rastlaşdıq. Mən həyət evində yaşayıram, məhz həmin gün həyətdə bir iş çıxmışdı, usta lazım idi. Problemimi ona dedim, düşünmədən dedi gedək, mən sənin işini həll edim, sən yazıçı adamsan, fiziki iş sənlik deyil. Gəldi və mənə çox böyük köməkliyi dəydi. Ha illah elədim, zəhməti müqabilində bir qəpik də götürmədi. Çox mütəəssir oldum. Həmin vaxt artıq romanı yazıb bitirmişdim...

- Maraqlıdır. Bilirdimi ki, siz ondan təsirlənib roman yazmısınız?

- Yazı-pozu adamı olduğumu bilirdi. Amma bu romanı yazdığımdan xəbəri yox idi.

- Sonralarda da bilmədi?

- O vaxtdan rastıma çıxmayıb. Bir-iki dəfə kəndə gedəndə soraqlaşdım. “Görmüşəm” deyən olmadı. Bilirsiniz, o, həddən artıq özünə qapalı bir adamdır deyə, heç kəslə ünsiyyət qurmur. Kafeyə, çayxanaya gedən adam da deyil. Adamlardan uzaq qaçır həmişə. Onu həmişə tək gəzən görərsiniz. Bildiyimə görə, hələ də tək yaşayır.

- Anladım... Romanı bitirdiniz, ilk nə düşündünüz, nə etdiniz? Yəni yüngüllükmü duydunuz, boşluqmu duydunuz? Romanı tamamlanması sizə hansı hissi yaşatdı?

- Təbii ki, əsərin nöqtəsini qoyandan sonra bir rahatlıq hiss edirsən. Amma onun gələcək taleyilə bağlı bir narahatlıq dövrü başlayır. Yazı prosesində ümumi məzmun sanki müəllifə də müqavimət göstərirdi. Oxucunun diqqəti bir predmetdən digər predmetə yönəlir və mən düşündüm ki, bu, təbiidir. Firon həyatını məhz belə yaşayıb. Səliqəsiz, nizamsız, dağınıq bir həyat. Mən düşünülmüş şəkildə strukturu da ziqzaq şəklində qurdum, yəni strukturdakı səliqəsizliyi qəsdən elədim. Çünki bu, Fironun gündəliyidir. Bu səliqəsizlik Fironun düzənsiz həyatına əsaslanır. Əsəri bitirəndə düşündüm ki, indiyə qədər yazdıqlarımdan ən yaxşısını yazdım.

- Kiməsə verdinizmi oxusun deyə?

- Təbii. Əsəri bir neçə zövqünə inandığım adamlara oxumaq üçün verdim. Dostların məsləhətinə əsasən, müəyyən dəyişikliklər və əlavələr etdim. Əsəri birinci Səxavət Sahil oxuyub. Mübariz Örən, Ağa Cəfərli oxumuşdu. Səxavət və Ağanın çox faydalı məsləhətləri oldu.

- İlk fikirlər gələndə razı qaldınızmı, yəni əsər əslində həssas bir mövzu üzərindədir, üstəlik sizinlə gizli bağlar var, duymuşdularmı?

- Bu, məni ən az düşündürən məsələdir. Buna pazl roman da demək olar. Ayrı-ayrı elementlərin vahid mətnə çevrilməsidir. Müxtəlif hissələrdə məntiqi ardıcıllığı qorumağa çalışmışam. Təbii, razılaşdığım və razılaşmadığım məqamlar vardı. Əvvəlki fikrimə qayıdıram ki, burda mən həm varam, həm yoxam, otuz faiz təxəyyül oyunlarıdır, hardasa əlli faiz o adamın həyatıdır, özümdən də bəzi şeylər var. Mən bunları birləşdirdim. İndi oxuyanda heç özüm də bilmirəm ki, bu həyatı mən yaşamışam, ya Firon.

- Bu həm də ən doğma mətndir...

- Müəyyən mənada hə, demək olar.

- Fikirlərdən sonra redaktə etdinizmi? Ya eləcə verdiniz çapa?

- Müəllif redaktəsi təbii ki, oldu. Düzəliş və əlavələr etdim və yenidən oxudum. Sonra çapına qərar verdim.

- Və "Yazıda" çap olundu

- "Yazı"da redaktəsiz çap olunmuşdu. Çünki Azad müəllim məni çox tələsdirdi. Amma kitab kimi çıxanda xeyli dəyişikliklər olmuşdu.

- Yadımdadır, o zaman bu barədə danışmışdıq, demişdiniz ki, redaktəyə qayıtmaq sizin üçün çətindir...

- Hə, düzdür. Mən əvvəlki nəsr əsərlərimi, istər hekayə olsun, istər povest, roman, birbaşa, birnəfəsə yazmışam. "Rəqqasə" də yarımçıq qalmışdı, sonra onu da yazdım, amma düzəlişlər etmədim. Bu əsərə belə aşırı diqqət ayırmağım da onun əvvəlki mətnlərdən tam fərqli bir mətn ortaya qoymaq istəyimdən irəli gəlirdi. Çünki bu əsərdə funksiyanın məkana proyeksiya olunması, məkanların nəyisə simvolizə etməsi, iç monoloqların danışıq formasından fərqlənməsi və eyni zamanda şifahi nitqə bənzəməməsi üçün həddən artıq diqqətli olmaq lazım gəlirdi. İndi burda kartları tam açmaq istəmirəm. Umberto Eko “Gənc romançının etirafları” kitabında yazır ki, yazıçılar öz əsərlərinin şərhini verməməlidirlər. Mətn tənbəl bir maşındır və öz işinin bir hissəsini oxucularının görməsini istəyir. Böyük semiotik həm də onu xüsusi vurğulayır ki, müəllif mütləq müəyyən reseptləri məxfi saxlamalıdır. Biz çox vaxt oxucu üçün düşünməyə heç nə saxlamırıq, özümüz yazıb özümüz də izahını veririk. Düşünürəm ki, belə olmamalıdır.

- Mən bu romandakı aynanı sevdim, o güzgü deyil, şüşədir, birbaşa o biri üzü göstərir...

- Hə, bu da maraqlı yozumdur.

- Əsərdə Fironun tələbəlik həyatının, iş həyatının, üstündən tələsik keçilib. Heç iş adamı kimi də tam deyil. Gərəksiz hesab etmisiniz, ya elə əsas məqsəd dibdə, uşaqlıqda yatan zədəni göstərməkdi? Həmin zədədirmi onu xilas olmağa qoymayan?

- Firon psixoloji travmalar almış adamdır. Bir növ, böyük çıxmasın, Dostoyevskinin "Yeniyetmə"sindəki Arkadi Dolqorukiyə bənzər bir adamdır.Bir az da bu adamda xaraktersizlik var, iradə zəifliyi var.Arkadi kimi Rotşild olmaq istəyir.Varlanmaq ehtirası onun içindəki mənəvi işartıları da öldürür.Amma sonra mənəvi təmizlənmə dövrü başlayır.Onda da artıq geriyə dönüşü olmayan bir çöküş başlayır. Sizin sadaladığınız, tələbəliklə, iş həyatıyla bağlı detalları yazsaydım, çox iri həcmli bir əsər ortaya çıxacaqdı. Həm də qəhrəmanımız bu haqda çox az danışmışdı. O, daha çox həyatının qaranlıq tərəflərindən məni agah etmək istəyirdi. Mən bilərəkdən daha çox buna getdim...

- Elə görünür ki, hər şey maddi çöküşdən sonra başlayır. Amma yanıqlı bir sizgi var romanda, bu həm də kimsəsizlikdir. Adam kökdən kimsəsizdir, maddi güc bunun yerini doldura bilmir. Yəni zədə öz işini görməkdədir...

- Elə ən böyük mənəvi zədə onun təkliyidir. Bütün gələcək həyatını zəhərləyən də budur. O, sanki varlanmaqla öz mənini təsdiq etmək istəyir. Bu da alınmır.

- Bu romanı yazdığınız zaman içində olduğunuz mənəvi çöküş vardımı? Necəydi ruh halınız?

- Mən bu mənəvi çöküşü hardasa 10-15 il bundan öncə yaşamışdım. Amma şükür ki, taleyim Fironun taleyi kimi olmadı. Daxilən çox rahat zamanımda yazdım bu əsəri. Bu rahatlıq da mənə asan başa gəlmədi. Çox böyük ağrılar, məhrumiyyətlər və yırtıcı bir dözüm məni xilas etdi. Amma xilas olmaya da bilərdim. Ümid, iradə və inam.

- Roman sizə əlavə güc də verdimi?

- Sözsüz. Bu romandan sonra sanki üzərimdəki ağırlıq xeyli azaldı. Bir yük idi mənim üstümdə, onu üzərimdən atdım. Mən buna qədər bir neçə roman yazmışdım, amma düşünürdüm ki, məni tam ifadə edən mətnlər bunlar deyil.

Amma "Fironun dəftəri"ndə demək istədiyimi deyə bilmişəm. Nə dərəcədə deyə bilmişəm, bunu sizlər daha yaxşı bilərsiniz.

- Deyəsən kitab halında çapı ürəyinizcə olmayıb. Yəni, kitabın tərtibatı, dzaynı qane etməyib. Əslində mən də gördüm, düşündüm ki, belə olmamalıydı..

- Hə, maddi imkansızlıq üzündən ürəyim istəyən səviyyədə çıxmadı. Həm də cüzi tirajla çıxdı. Satışda da yoxdur.Bu əsər öz oxucusuna çatmayıb hələ ki. Oxuyanlar da "Yazı"dan oxuyublar.

- İnana bilmirəm ki, üzdə olan nəşriyyatlardan heç biri sizin imzaya etimad göstərməyib...

- Mənim iki romanımı Şahbaz Xuduoğlu təmənnasız çap edib. Şeirlər kitabımı "Xan" nəşriyyatı öz hesabına çap etdi. Bunu da çap edəcəkdilər. Amma mən tələsdim, nəticəsi də belə oldu.

- Anladım. Amma təkrar çap etmək olar, çox adam onsuz da kitabdan xəbərsizdir. Mən belə ilk eşidəndə çaşıb qalmışdım ki, necə olub görməmişəm?

- İndi insanları kitabdan daha çox başqa şeylər düşündürür. Buna görə də hələlik kitabın təkrar çapı haqda düşünmürəm

- Kənan bəy, romana tənqidir münasibəti necə oldu?

- Hədiyyə xanım, tənqidçilər axı romanı oxumayıb. Bircə Ülvi Babasoy oxumuşdu, o da çox geniş bir yazı yazdı. Ondan sonra da çox maraqlandılar. İndi də məndən soruşurlar. Müəyyən dostlara təqdim etmişəm. Açığı, çox istərdim oxuyub fikir bildirsinlər. Mənim üçün tənqidin münasibəti çox vacibdir. Özümün bu mətndə güclü və gücsüz tərəflərimi bilmək istəyirəm.

- Niyə düşünürsünüz ki, oxumayıblar?

- Roman kitab formasında təqdim olunmadı. Jurnalı da çox adam tapa bilmir.

- Elədir.

- Kimdənsə roman haqda yazı yazmağı xahiş etmək də mənim xarakterimə yaddır.

- Bəlkə də “Azərbaycan” jurnalı daha uyğun olardı, hətta kitabdan da. Oxunur, mən özüm şahidi oldum ki, “Azərbaycan”da çıxan mətnlər diqqət çəkir, izlənir. Siz özünüz mənim hekayəmi ordan oxuyub haqqında yazmışdınız

- Hə, mənə bu barədə çox deyildi ki, bunu niyə "Azərbaycan" jurnalına təqdim etmədiniz? İntiqam müəllim də hər dəfə görəndə deyir, bizə yazı gətir. İndi bu belə alındı. "Yazı"da çapına peşman deyiləm. O dərgi də ədəbiyyata xidmət edən bir dərgidir.

- Yəni bu bir baxımdan da "Yazı"ya dost jestidir.

- Əlbəttə.

- Abi, tamam özgə adam kimi, Fironla haralarda razılaşırsınız, haralarda razılaşmırsınız? Yəni, Firon nəyi düz edib, nəyi düz etməyib?

- Maşında Fironun öz uşaqlığıyla rastlaşmasını xatırlayırsınız? Sonradan o balaca uşaq onun gözünə görünmür. O, gərək o uşağa diqqət göstərəydi, onunla razılaşaydı. O uşaq onun dünyasının təmiz, işıqlı bir parçasıydı. O işığın ardınca düşüb getsəydi, xilas ola bilərdi.

- Gec deyildimi?

- Onda heç olmasa, uçurumun kənarındaydı, uçuruma yuvarlanmamışdı. Uçurumun kənarında o uşaq onu xilas etmək üçün gəlmişdi.

- Sizcə bunun üçün orda bir "sehrli ələ" ehtiyac yoxuydumu?

- Bayaq dedim, obraz sanki müəllifə müqavimət göstərirdi. Özü xilas olmaq istəmədi. Mənəvi katarsis baş verdi, amma bu, hər şey itiriləndən sonra oldu.

- Firona qarşı amansızlıq etdiyinizi düşünmürəm... Əsərdə müəllif yoxdur, hətta sizi xatırladan yerləri də sanki Firon yaradıb. Halbuki əsər yazıçının elə öz diliylə yazılıb. Amma amansızlıq bütün çılpaqlığıyla üzdədir və bunun adı mənim üçün, əvvəl də dediyim kimi - TƏKLİKDİR.

- Əslində, mən onun təkliyini çoxplanlı aspektdə işləmək istəyirdim. Obraz şüuraltı hökmün göstərişi ilə hərəkət edir.

- Sizin mətnə müdaxilə etməməyiniz elə gözəldir ki, mən oxuduqca bunu düşündüm. Qətiyyən narahat olmadım ki, bax burda müəllif, üstəlik burda iki müəllif üst-üstədir, hadisəyə niyə qarışıb...

- Düşüncə strukturudur bu. Mən nəqletmədə heç nəyə müdaxilə etməmişəm. Hadisələri müəllif yox, Firon nəql edir. Hətta bəzi yerlərdə elə onun danışdığı kimi də yazmışam.

- Hə, diqqətimi çəkdi, hətta anasının, atasının, həmkəndlilərinin dili. Baş verən hadisələr bütün çirkinliyiylə və çılpaqlığıyla, bəzədilmədən, hətta bəzən oxucunu iyrəndirəcək, lakin əsərdən qovmayacaq incə bir üsulla çatdırılıb...

- Bu, həyatın özüdür. Ondan da iyrənə bilərik, lakin heç yerə qaçıb gedəmmərik...

- Romanda Qarabağ probleminə işarə edilib. Müharibədə yaralanıb qayıdan əsgər, Fironun müharibə üçün yararlı hesab olunmaması, üstəlik özünün də qorxması verilib.

- Müharibədə yaralanıb qayıdan əsgər mənim sinif yoldaşım idi. Mən özüm hərbi xidmətdə olmuşam və özü də Naxçıvanda, sərhəddə xidmət keçmişəm. Onda anam Bakıda xəstə vəziyyətdə tək qalmışdı.

- Bir yerdə isə xəstə atanın təsviri... Soyuqqanlı səhnələrdir, amma çox toxunur, yandırır hətta... Anasının başının altından pulu çəkib aparması... Aldadıb pul alması... Övlada yaraşmayan şeylər... Bunları Firondan eşitmişdiniz, ya həyatda qarşılaşdığınız hadisələr, müşahidələr bir yerə toplanıb?

- Bu detallar tamam başqa bir dostumun həyatından götürülüb. Fironun özü də öz həyatıyla bağlı çox acınacaqlı şeylər danışmışdı. Mənim onları yazmağa sadəcə, gücüm çatmadı.

- Romanda səfil qoca var... O da aşağı-yuxarı eyni travmanı yaşayıb...

- Hə, var. Yazar dostlarla gecə vaxtı kafedən çıxırdıq. Həmin qoca qarşımızı kəsdi. O detalı əsərə daxil etmişəm. Amma o qocayla həmin söhbət yox, başqa söhbət olmuşdu. Mən onu əsərin süjetinə uyğunlaşdırdım. O söhbət təxəyyül məhsuludur...

- Romanda iki məqsəd görünür, Fironun sahib olmaq istədiyi iki şey-pul və qadın. Oxuyanda görürük ki, əslində Firon jurnalist kimi uğursuz deyilmiş, hörməti də varmış. Lakin yenə də bu iki səbəb onu çəkib bataqlığa aparır.

- Hə, axı qadın da, pul da vazkeçilməzdir...

- Müəllif, daha doğrusu, əsəri nəql edən də deyir ki, Firon sanki mənim həyatımı yazıb... Maraqlıdır, deyək ki, qoca sevdiyi qızın ailəsinə gücünü sübut etmək istəyirdi, bəs Firon? O kimə nə sübut etmək istəyir? Sevdiyi qız tərəfindən rədd cavabı almayıb. Bir baxımdan təkliyinə, uşaqlıq komplekslərinə qalib gəlib. Bəlli bir mərtəbəyə çatıb, hörmətli işi var. Niyə təmizlənməyib, olduğu yerdən, mənəvi mərtəbədən qat-qat aşağıya can atır, ondakı bu pul və qadın arzusu nədir? Bu adam kimdir? Fironun bacarıb əldə etdiyi təhsil şansı, sonra uğurlu iş yüksəlişi, qazandığı hörmət, içində sıxıldığı mühitdən xilas olması onun yaralarını sarmalı deyildimi? Niyə o bu qədər ziddiyətlidir, doğrudanmı uşaq vaxtı geyindiyi yamaqlı, köhnə paltar, qoca və günahsız, zəhmətkeş, bir baxımdan bədbəxt ana-ata onu bu qədər iyrəndirmişdi? Firon kimi qınaya bilərdi? Müəllif bu baxımdan kimi qınayır?

- Əslində pul və qadın yox, xarakterindəki naqislik, həyatındakı zədə, natamamlıq kompleksi və ən əsası, düşdüyü mühit onu bataqlığa çəkir. Firon zədələnmiş mənini, tapdalanmış qürurunu bərpa etmək istəyirdi. Sadəcə, vasitəni düzgün seçməmişdi. Fironu sevən adam əsərdən bir epizod kimi keçir. Fironun sevgisi fədakarlıqdan məhrumdur.

Bilirsiniz, Firon o mənəvi keyfiyyətlərdən məhrumdur. O, istəyir yaxşı yaşasın, varlansın. Uşaqlıqda onu aşağılayan, alçaldan, təhqir edən adamları əzsin. Daxilindəki kin bundan qaynaqlanır. Müəyyən mənada intiqamını ala da bilir.

- Amma onu alçaldan kəskin hadisələr yoxdur, ətrafında eyni həyatı yaşayan onlarla həmyaşıdı var. Firon onlardan kifayət qədər fərqlənə bilib. Və düşünməli olursan, istəyirsən haqq qazandırasan, lakin görürsən ki, bu naqisliklərə haqq qazandırmaq mümkün deyil.

- Əlbəttə, söhbətimizin əvvəlində də dediyim kimi təklik, müdafiəsiz qalmaq, üstəlik kasıblıq, bunlar hamısını onun uşaqlığını yaralayan detallardır.

- Yəni, o yaralar varsa da belə, sağalması mümkündür, çünki bunun sonrasında çatdığıl bir yer var, yenə də bununla yetinmir, uğurlu işini atıb özünü məhv edir... Yəni o dərindəki ocaq sönmür. Yenə də eyni səbəb gəlir ağla-təklik. Bunun səbəbi insanlar ola bilərmi, İnsanlar və doğru olmayan insanlar? Çünki fərdlər bir baxımdan da müəyyən yerdən sonra təkbaşına bədbəxt ola bilməz, sanki mütləq insanlar gərəkdir. Lakin əsərdə biz o insanları görmürük...

- Yox, o hər şeydə təkbaşınadır. Qərarlarını özü verir, işindən özü gedir, biznes qurur, kifayət qədər varlanır. Sadəcə, qudurğanlıq, bədxərclik, eyş-işrət ucbatından əlində olanlar, aldığı torpaq sahəsi, obyektləri bir-bir əlindən çıxır. İnsanıların burada heç bir rolu yoxdur, yalnız özü günahkardır. Qəhrəmanımız özü də bu haqda çox az danışmışdı. O, daha çox həyatının qaranlıq tərəflərindən məni agah etmək istəyirdi.

- Yəni, hər şey başlanğıcda haqlı və sadə görünürdü, lakin pul gəldikcə xarakter içindəki canavarı çıxardı üzə. Sanki bu təkcə “təkbaşınalıq” deyil, həm də özbaşnalıqdır...

- Tam doğrudur. Çox maraqlı detallar var, lakin adam həyatının o məqamlarını anlatmaq ehtiyacı duyurdu ki, bunlar ona daha çox əzab verirdi. Mən bütün bunları daha qabarıq göstərə bilərdim, əsərin Fironununu həyatda araşdırmışdım, haqqında məlumatlar toplamışdım, o qədər naqisliklərlə dolu bir yüksəlişi və çöküşü vardı ki, bunları əsərə gətirmək həm ağır, həm də müəyyən mənada baş ağrısı olacaqdı... Romanda olmayan şeylər yəni... mən onları sadəcə, yaza bilməzdim. Xüsusən də onun sevgi həyatıyla bağlı. Etik hesab etmirəm.

- Romanda əslində real insanlara aid olan həqiqətlərdən istifadə edilib-Qatarda qarşılaşdığınız adam, hansına ki, əsərdə ona ikinci adamın, adından narazı adamın adını vermisiniz, üstəlik onun da həyatından detallar daxil etmisiniz. Epizod kimi keçsə də səfil qocanın qısa hekayəsi var. Mətndə müəllifin dərs götürdüyünü dediyi keçmiş yaşantılardan istifadə edilib. Yuxarıda özünüz də qeyd etmisiniz, bu üç, dörd, bəlkə də daha çox həyatı elə qaynaq etmisiniz, elə qarışdırıb bütöv halına gətirmisiniz ki, indi istəsəniz də ayıra bilməzsiniz... Lakin gizli bir qələbə var-müəllif məğlub deyil, bunu məğlub adamın hekayəsiylə qarşılaşdırıb göstərir, “belə də ola bilərdi, lakin olmadı”-deyərək.

- Yazıçılar müəyyən mənada alın yazısını redaktə edənlərdir. Mən də istədim bir ömrün taleyini redaktə edim. Biz bəlkə də yaradanın işinə müdaxilə edirik, amma bir həqiqət də var ki, Tanrı özünün yaratmaq qüdrətini ancaq və ancaq sənət adamlarına bəxş edib. Təxmin və gümanlar həqiqəti dəyişmir. Amma heç də kiməsə ibrət dərsi vermək üçün deyil bu əsər. Səhvlər qaçılmazdır, insan bir ömür boyu səhvlərindən öyrənir. Yenə bir amma... Bu heç də o demək deyil ki, sən səhv dalınca səhv buraxmalısan. Bir səhv ardınca o biri səhvi gətirməməlidir. İnsan həyatının konkret bir resepti yoxdur ki, sən mütləq bu qaydalarla yaşamalısan. İnsanı instinktləri idarə edir, sadəcə, həyatının məqsədini özün üçün aydınlaşdırmalısan. Firon həyatı boyu haçalana-haçalana qaldı və sonda bir yazıçının ümidinə qaldı. Mən özüm də, bioqrafiyamda müəyyən şeylərin tamamilə silinməsini istərdim. Ancaq bu, mümkündürmü?

- Kənan bəy, romana həqiqət barədə kiçik Çin əfsanəsi ilə başlamısınız. Əsərdə Firon ölüb. Lakin bir “sanki” var, sonluq nə həqiqət, nə də yalandır. İstəyirəm bu barədə danışasınız. Əfsanə nəyi işarəliyir? Nəyin sığortasıdır, sizin, Fironun, teleyin, ya SONUN? Əsər boyunca sürreal təsvirlər var, üstəlik yuxular-tez-tez yuxular "görürük". Cəhənnəmin təsviri...

- Mən heç özüm də dəqiq bilmirəm Firon ölüb ya hələ də yaşamını sürdürür. Oxuculardan biri romanı oxuyandan sonra məndən soruşdu ki, Firon axırda ölür? Dedim cavabını özünüz tapın. Bir qədər düşündü və axırda dedi ki, yox, ölməyib. Mən o xanım oxucunun inamını qıra bilmədim, dedim, hə, düz tapmısan. Firon ölmür. Dedim və özüm də buna sidq-ürəkdən inandım. Yuxular bir növ, ricət xarakteri daşıyır. Bu sualı oxucunun öhdəsinə buraxıram. Gəlin, hər şeyi açmayaq... Firon həqiqəti açıq formada danışır. İndiyəcən heç bir əsərimdə yuxudan istifadə etməmişəm. Amma burda mövzu tələb etdi, ideyanın açılması üçün vacib idi.

- Hardansa harayasa qayıdış... Bunu oxucuya buraxmısınız. Yəni, oxucu özü özünə daha yaxın məzmunu seçsin, ölüm var, ya yoxdur, çöküş var, ya yoxdur, həqiqət var, ya yoxdur... Və beləliklə romanın sonluğu açıq qalıb...

- Həqiqət isə o əfsanədə deyildiyi kimi, çox eybəcərdir. Bəli, məncə, bu suallara oxucu cavab tapmalıdır.

- Kənan Hacıdan soruşmaq istəyirəm, ümumilikdə bu romanla oxucuya çatdırmaq istədiyiniz mesaj nədir?

- İnsan bu qədər zəif və iradəsiz olmamalıdır. İnsan bütün hallarda güclü olmalıdır. Ömrü təkliyin ixtiyarına buraxmaq, ona uduzmaq olmaz! Tənhalığın yox ha, təkliyin. İnsan təkdirsə, bu təklik onun gücünə çevrilməlidir, gücsüzlüyünə yox. Təklikdən də güc alıb yaşamaq və "çoxalmaq" mümkündür. Necə ki, bəndəniz bunu bacardı...

- Üzə çıxardığınız bütün mətnərinizə az-çox bələd oxucu kimi soruşuram-Kənan Hacı niyə yazır?

- Yazıçı olmaq üçün həm də insanın taleyi olmalıdır. Mütləq yaralı yerin olmalıdır. Xoşbəxt adam heç vaxt yazıçı olmur.Yazmaq canındakı ağrını ovutmaq üçündü, yazırsan ki, bədbəxt olduğunu unudasan.Bu mənada ədəbiyyat bədbəxtlər üçün çox möhtəşəm təsəllidir. Söhbət istedadlı bədbəxtlərdən gedir. Onlar şanslı adamlardır.

- Söhbətimizin ənənəsinə uyğun olaraq qələm dostlarınızdan soruşduq ki, hansı mətninizi daha uğurlu hesab edirlər, “Yağ kimi”, “Yaddaş kartı” , “Qırmızı qan” və “Fironun dəftəri”-ni dedilər. Hətta Səxavət Sahil israr edir ki, “Yağ kimi” əsərlərinizin içində ən uğurlusudur.

- Hə, Səxavət söhbətlərimizdə bunu mənə bir neçə dəfə deyib.Ülvi Babasoy “Fironun dəftəri”ni ən uğurlu mətnim hesab edir. Zahir Əzəmət “Rəqqasə” haqqında yüksək fikirdə olduğunu demişdi. İlqar Fəhmi “Yaddaş kartı”nı çox bəyənmişdi. “Yağ kimi” bir az andeqraund ədəbiyyata yaxın mətndir, bir az da məzəli, ironik üslubda yazılıb. Bu romanı çox sürətlə və cəmi üç aya yazdım. Yazı prosesində özüm də ləzzət alırdım. Tragikomik əhvalatlar çoxdur bu əsərdə. Həm də orda bizim nəslin taleyi var. Buna görə çoxuna maraqlı gəldi. “Qanun” nəşriyyatının “Ən yeni ədəbiyyat” seriyasında çıxdı. Bəyənənlər də sağ olsunlar. Başqa nə deyə bilərəm?

- Kənan bəy, sizi xeyli yorduq, gözəl söhbət və səbriniz üçün təşəkkür edirəm. Ümidvaram romanda gözümüzdən qaçan məqamlar çox olmadı.

- Əsəri çox diqqətlə oxumusunuz. Zənnimcə, söhbətimiz də pis alınmadı. Minnətdaram.


Müəllif: Hədiyyə Şəfaqət