10 Avqust 2017 08:43
2 233
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com rejissor Kənan M.M-lə müsahibəni təqdim edir.

- Kənan bəy, soyadınızdakı ikinci “M” hərfinin mənası nədir?

- Atamın adıdır. Kənan Mahmudov Mahmud oğlu.

- Onda növbəti sual: nəyi daha çox sevirsiniz - sənətinizi, ailənizi, özünüzü?

- Mən buna “3-ü birində” deyərdim. Sənətim, ailəm və özüm ayrılmaz bir bütünün tərkib hissələridir.

- Təsadüfən xasiyyətinizin tündlüyü naxçıvanlı olmağınızdan irəli gəlmir ki?..

- Mən insanların xasiyyətini onların doğulduğu məkanlara görə bölmək istəməzdim. Əksinə, yaşadığım həyat tərzi məni belə olmağa məcbur edir. Kənan M.M olana qədər çox haqsızlıq gördüm. Bəlkə buna görə xasiyyətim bu qədər ağırdır.

- Ləhcənizi eşidib sizdən çəkinənlər olur?

- Yox... (Gülür). Daha çox sevənlər və hörmət edənlər olur. Amma mən əsl sevgi ilə hörməti ayırd edə bilirəm...

- Çoxdandır klip çəkmirsiniz...

- Düşünürəm ki, hazırda sahib olduğum bacarıqla çəkəcəyim klip heç kimə lazım deyil. Yaxud belə deyim, mənim çəkəcəyim klipi qavrayacaq müğənni, hələ ki, yoxdur.

- Bəs çəkdiyiniz filmlər ürəyinizcədir?..

- “Ay Brilyant” filmini çıxmaq şərtilə hamısı ürəyimcədir. Amma yüzdə-yüz ürəyimcə olan filmim yoxdur. Öz işlərimi 70-90 faiz arası bəyənirəm.

- “Gecə qonağı-2” filmi hazırdırmı?

- Film oktyabrın 1-dən tamaşaçıların ixtiyarına veriləcək. Onu deyə bilərəm ki, məni tanımaq istəyən o filmə baxsın. İndiyə qədər çəkdiklərim arasında şah əsərim olacaq.

- Həmin filmdə Pərvin Abıyeva ilə birgə çəkildiyiniz açıq-saçıq səhnənin olduğu deyilir...

- Elə bir şey yoxdur. Əgər elə deyirlərsə, deməli, film haqqında, bizim haqqımızda düşünürlər, danışırlar.

- Bir rejissor olaraq sizi aktrisa Pərvin qane edirmi?

- Bu, artıq bizim üçüncü birgə işimizdir. Deməli, Pərvinlə yaxşı anlaşa bilirik.

- “Maşın-şou”dan sonra Pərvin Abıyeva ilə bacı-qardaş münasibətiniz az qala aforizmə çevrildi. Bu münasibət davam edirmi?

- Əgər bir xanım, bir insan mənə qardaş gözüylə baxırsa, deməli, məndə problem yoxdur. Vay o gündən o, mənə əclaf gözüylə baxa...

- Oğlunuzu aktyor kimi çəkəndə ona hansı münasibətdə olursuz? Ailə üzvü işçiyə çevrilirmi?

- Bu suala cavab verməyim bir az çətin olacaq. Çünki elə də olur, belə də. Bir dəfə çəkiliş vaxtı oğlumu yorğunluqdan yuxu tutmuşdu. Onda rejissorluğu bir kənara qoyub, ata oldum...

- Özünüzü tarixə düşəcək rejissorların sırasında görürsünüzmü?

- Tarix bizim yaşadığımız məmləkətin miqyası və nüfuzu qədərdir. Əgər söhbət kino tarixindən gedirsə, düşünürəm ki, müasir Azərbaycan filmində risk edib ilk dram çəkənlərdən biri mənəm. Kinoteatrlarda bəyənilmədi, amma efirdə sevildi. Mənim yaradıcılığım eləcə də davam edir. Mən “boş”lar üçün yox, “baş”lar üçün çəkirəm.

- Kino ilə filmin fərqi varmı?..

- İndi hamı kino çəkir. Amma onların hamısı film deyil. Bu gün var, sabah yox!

- Filmlərinizdə və həyatınızda nəyə yer yoxdur?

- Filmlərimdə dini alçaltmağa və ya primitivləşdirməyə, həyatımda isə əxlaqsızlara və axmaqlara yer yoxdur.

- Rejissorluq asandır, yoxsa şairlik?

- Şair olmursan, şair doğulursan. Amma mən şair deyiləm. Mən yalnız şeir yazdığım müddətdə şair oluram. Vəssalam...

- Şeirlərinizi kiməsə həsr edirsiniz?

- Əslində, şeirlərimi kim oxuyursa, ona həsr etmişəm. Sən oxumusansa sənə, o, oxuyubsa ona...

- Həyat yoldaşınıza şeir həsr etmisiniz?

- Şeirlərim heç vaxt bir insana ünvanlanmır. Əgər biri səni tərk edib gedirsə, sən də ona şeir yazırsansa, deməli, sən onun gedişini şərəfləndirirsən. Məndə isə belə bir xasiyyət yoxdur.

- Həmkarınız Aqillə münasibəti korlamamaq üçün “Maşın-şou”nu tərk etdiniz...

- Mən maşına görə dostu tərk edə bilməzdim. Amma dosta görə maşını tərk elədim. Peşman da deyiləm. Allahın yaratdığı bütün canlılar qiymətli əşyalardan daha dəyərlidir. Münasibətlərimiz bu gün də əladır.

- Həyatda da münasibətlərə görə nəyisə qurban verirsinizmi?

- Mən orda necə idimsə, həyatda da eləyəm. Dostlarımla münasibətin korlanmaması üçün çox şeydən keçirəm.

- Dost sözünün mənasını necə izah edərdiniz?

- Bildiyim bütün cümlələri işlətsəm belə, bu sözün mənasını anlada bilmərəm. Bəzən dil aciz qalır. Bəlkə hələ də yaxşı dost olmamışam, ona görə belədir.

- Hüseyn Dərya kimi dostunuz bir də olacaqmı?

- Hər kəsin adına uyğun dostluğu var. Dəryanın mənlə olan dostluğu dərya qədər idi.

- Dəryanın qisasını alacağınızı demişdiniz...

- O dönəmlər keçirdiyim hisləri yəqin hamı başa düşər. Amma artıq düşünürəm ki, bəndənin başqa bir bəndədən qisas almaq haqqı yoxdur.

- Ona demədiyiniz bir söz qaldımı?

- O qədər...

- Dostla düşməni ayırd etməyin asan üsulunu bilirsizmi?

- Mənim sənətim rejissorluqdur. Bu isə hissiyata bağlı sənətdir. Ona görə düşünürəm ki, hissiyatım çox güclüdür. İnsanı gözündən tanıyıram. Allah bizi düşmənlərimizdən yox, dostlarımızdan qorusun. Düşmənlərimizi zatən tanıyırıq.

- Özünüzü nəyə görə bağışlamırsınız?

- Hər bir insanın içində özünü bağışlamadığı bir günahı var. Məndə də var. Amma bu, yaşla bağlı bir şeydir. 15 yaşında elədiyin bir günahı 50 yaşında da işləyirsənsə, bu, artıq axmaqlıqdır.

- Həyatda ən çox qorxduğunuz şey nədir?

- Çox şeydən qorxuram, sadalamaqla bitməz. Amma ən böyük qorxum qadın şərinə düşməkdir.

- Bəs nədən narahatsız?

- Tamaşaçı zövqündən.

- Həyatınızdakı ən son yeniliklərdən danışın.

- Günəşin hər doğuşu bir yenilikdir zatən. Amma Ay çıxana qədər...


Müəllif: Könül