10 Avqust 2017 12:37
3 478
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:50

Bu gün PrimeTime.az saytında aktyor Səbuhi Xanlarovun həyat yoldaşının uzun sürən xərçəng xəstəliyindən sonra vəfat etməsi ilə bağlı xəbər yayılıb.

Teleqraf.com xəbər verir ki, az öncə bu xəbər elə həmin sayt tərəfindən təkzib olunub.

Aktyorun bacısı Vəfa Xanlarova həmin saytın redaksiyasına zəng edərək, məlumatın doğru olmadığını bildirib. O deyib ki, qardaşının hansı səbəbdən belə addım atdığını anlaya bilmir: "Onun yoldaşı sağdır. Düzdür, xəstədir. Amma indi öz evində, övladlarının yanındadır. Ayıbdır. Onlar ailəlidirlər. Çox xahiş edirəm, bu xəbəri silin. Yalan məlumatdır. Yazıq anamın ürəyi gedib, atamın vəziyyəti pisdir. Hamiləyəm, xəbəri oxuyandan özümə gələ bilmirəm. Bilmirəm o niyə belə eləyir. Yəqin ki, reklam axtarır. Amma belə reklam olmaz".

Qeyd edək ki, yaydığı yalan xəbər ifşa olunduqdan sonra Səbuhi Xanlarovla əlaqə saxlamağa çalışdıq. Lakin o, hələ ki, zənglərə cavab verməyib.

Aktyor Elcan Rəsulov isə Teleqraf.com-a bildirib ki, əslində, bu məsələdə aləm bir-birinə dəyib:

"İş ondadır ki, Səbuhinin bacısı da yalan danışır. Aktyorun bacısı Vəfa atasının vəziyyətinin pis olduğunu deyir. Amma onların heç atası da yoxdur axı. Təzə rəhmətə gedib. Kişinin ili çıxmayıb".

***

Xəbər yayılandan sonra Səbuhi Xanlarov ondan bilgi almaq istəyən jurnalistlərdən birinə gülüşlə cavab verib və öz təəccübünü gizlətməyərək "Bu xəbər hardan çıxdı?" - deyib. Ancaq bir qədər sonra Publika.az-a danışarkən bunları deyib:

“Ayıbdır, vallah. Bayaqdan dayanmadan saytlar məni yığır. Belə şey olar? Toydu, bayramdı, şənlikdi, nolub? Lazım olan mənbə xəbəri yayımlayıb. Bacımın adından yalan yazıblar. Elə şey ola bilməz. Ölü ilə oyun olar? Həyat yoldaşım ağır xəstəlikdən əziyyət çəkirdi və vəfat edib. Belə mövzuda zarafat etmək olar? Allah bütün ölənlərə rəhmət eləsin, qalanlara da can sağlığı versin. Ağır xəstələrə də Allahdan şəfa diləyirəm”.

Beləcə, xəbərin yalan, yoxsa gerçək olduğu hələ də dəqiqləşməyib.


Müəllif: Könül