10 Avqust 2017 14:02
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin rüblük “Xalı” jurnalının 190, 191 və 192-ci saylarında Azərbaycanın dekorativ-tətbiqi sənətinə və bu il 17-20 noyabr tarixlərində Bakıda keçiriləcək Azərbaycan xalçası üzrə 5-ci simpoziuma həsr olunmuş bir neçə məqalə dərc edilib.

Teleqraf.com xəbər verir ki, 35 illik tarixə malik dünyaca məşhur London nəşriyyatı tərəfindən bu mövzuya yüksək maraq göstərilməsi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin xarici informasiya siyasəti və beynəlxalq xalça birliyi ilə davamlı əlaqələrin qurulması istiqamətində uzun müddətli fəaliyyətinin nəticəsidir.

Nazir Əbülfəs Qarayevin sərəncamı ilə 2016-ci ilin noyabr ayında ölkəmizin bölgələrinə təşkil edilmiş səfər nəticəsində “Xalı” jurnalının redaksiya heyəti, baş redaktor Ben Evansın rəhbərliyi ilə öz yazıları üçün kifayət qədər maraqlı və bu vaxtadək xalça mütəxəssislərinə məlum olmayan materiallar toplamışdır. “Xalı” jurnalı qarşıdan gələn simpoziumun rəsmi informasiya əməkdaşı olaraq, hazırda dünya kolleksiyalarında saxlanılan nadir Azərbaycan tikmələri mövzusunda yeni kitab layihəsi üzərində işləyir.

Jurnalın 191-ci sayında Azərbaycan Milli İncəsənət muzeyinin ehtiyat fondunda saxlanılan 18-ci əsrə aid xalçaların görüntüsü ilk dəfə olaraq dərc edilmişdir. Azərbaycan xalçalılıq sənətinin erkən dövrünə aid əjdaha təsvirli tikmələr beynəlxalq ekspertlər üçün yüksək maraq kəsb edir və ilk dəfə simpozium zamanı ekspozisiyaya çıxarılacaq. Xarici mütəxəssislərin “qafqazlı” adlandırdığı digər xalça növlərindən fərqli olaraq, sözügedən tikmələr Azərbaycan maddi mədəniyyətinin yeganə əşyalarıdır ki, beynəlxalq ədəbiyyatda məhz “Azərbaycanlı” kimi qeyd edilir.

Yerli və xarici mütəxəssislərin birgə səyləri nəticəsində Azərbaycanın tarixi ərazilərindən olan xalçaların daha dəqiq atribusiyasına start verilmişdir. Çox hallarda xalçaların mənşəyinin hansı regiona (məsələn, “Şirvan” və ya “Qarabağ”) aid olduğundan əlavə habelə həmin torpaqların müasir Azərbaycan dövlətinə məxsus olması da qeyd edilir.


Müəllif: Könül