11 Avqust 2017 09:25
2 617
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Söz sözü çəkər" layihəsinin növbəti qonağı gənc şair Ulucay Akifdir.

Teleqraf.com müsahibəni təqdim edir:

- Ulucay, "salam" sözü olmadan dünyada hansı sözlə münasibətlərə başlayarsan?

- Hansısa bir söz olmasa da olar. İnsanoğlu sözü hisslərini ifadə etmək üçün yaradıb. Buna görə ilk olaraq təbəssümü seçirəm. Bütün münasibətlərə təbəssümlə başlamaq ən gözəlidir.

- Təbəssümün nə vaxt silaha çevrilir?

- Mübahisə zamanı. Biri mənimlə mübahisə edərkən də gülümsəyirəm. Xüsusən də haqlı olduğum hallarda. Belə olanda qarşı tərəfi təbəssümüm çox qıcıqlandırır və bu mənə çox əla təsir edir.

- Deyəsən, qıcıqlandırmağı çox sevirsən. Son zamanlar əleyhinə yazılan statusları nəzərə alsaq. Xüsusən də, xanımlarla. Nə baş verir?

- Qıcıqlandırmağı yox, olanı deməyi sevirəm desək, daha doğru olar. Doğrular isə çox vaxt insanda qıcıq yaradır. Haqqımda yazılan statuslar məni qətiyyən narahat etmir. Daha doğrusu, həmin insanlara görə narahat oluram. Yəni, bir insan niyə evində oturub tanımadığı adam haqqında boş-boş paylaşımlar etsin ki? Bu bir növ Allaha inanmayıb Onu təhqir etməyə bənzəyir. Xanımları isə çox sevirəm. Daha doğrusu, sevirəm deyə sevmədiyim cəhətlərindən çox danışıram. Bu da onlarda qıcıq yaradır.

- Son vaxtlar sosial şəbəkələrdə söyülən yazarlardır. Səncə, bu, nə ilə əlaqədardır? Hansı yazar dostunun söyülməsinə üzülmüsən?

- Ümumiyyətlə, Azərbaycanda oxucu kütləsinin oxucu olaraq səviyyəsi çox aşağıdır. Məsələn, bir şair şeirini paylaşır, şərhlərə baxırsan, biri yazır ki, "Bu şeirdi?", biri yazır ki, "İkinci Elza Seyidcahan", nə bilim daha nələr. Qardaş, hansınız dükana girib köynək alanda köynəyi bəyənməyib "Bu köynəkdir?", "Elə bil şalvardır" deyirsiniz? Bəyənməyəndə köynəyi qırağa qoyub başqa, xoşuna gələcək bir köynək axtarırsan. Şeiri də bəyənməyəndə normal şəkildə bəyənmədiyini yaza bilərsən. İstəsən, niyə bəyənmədiyini izah edərsən, istəməsən, etmərsən, amma bizim oxucular fikir bildirmir, təhqir edir, lağ edir. Bu da oxucu ilə yazıçının münasibətlərinin pozulmasına gətirib çıxarır. İnsanların yazıçılara qarşı aqressiv olmasının ən böyük səbəbi isə yazıçıya problemi həll edən şəxs kimi baxılmağıdır. Onlar elə bilir ki, hər hansısa problemi yazıçı həll etməlidir. Görkəmli tənqidçi Belinski deyirdi ki, "Yazıçının işi problemi işıqlandırmaqdır, həll etmək yox". Bir çox insan isə yazıçının da şəxsi fikrinin ola biləcəyini dərk etmir, ona görə də yazıçı onun fikrinə zidd bir fikir yazanda aqressivləşir, hətta onu təhqir etməyə başlayır. Amma yazıçılar da bilməlidir ki, bizim cəmiyyət üçün toxunulmaz, həssas mövzular var ki, onlara aid yazarkən ehtiyatlı olmaq lazımdır. Məsələn, Vətən, din, ya da intim məsələlər. Hansı yazar dostumun qınanıldığına görə üzülməyimə gəldikdə isə, haqsız yerə olan hər bir hala görə üzülürəm. Bəzən isə hələ az olduğunu da düşündüyüm hallar da olub.

- Oxucusuz şair şair deyil?

- Oxucusuz şair (yazıçı) şairdir, amma şairsiz (yazıçısız) oxucu oxucu ola bilməz. Bir oxucunun bir şairi bəyənməməsi şairi şairlikdən məhrum etməz. Necə ki, sevmədiyimiz yeməklərin yemək olmadığını deyə bilmərik. Mən lobyanı sevmirəm, indi necə deyim ki, lobya yemək deyil? Bu, çox absurd olar. Bir vəziyyətlə də çox rastlaşıram. Bir də görürsən biri yazır ki, "Mikayıl Müşfiq də şairdi, sən də?". Ağlı-sıra ədəbi zövqünün yüksək olduğunu göstərir, halbuki soruşsan Mikayıl Müşfiqin "Yenə o bağ olaydı" şeirindən başqa şeirini bilmir. O şeir də Mikayıl Müşfiqin fəlsəfi cəhətdən ən dayaz şeiridir. Mikayıl Müşfiqin dərin fəlsəfi şeirləri olmağına rəğmən, insanlar onun bu çox gözəl, amma yalnız o qədər də dərin olmayan bir sevgi şeiri ilə tanıyırlar.

- Mikayıl Müşfiqi taleyinə görə sevir insanlar. Səncə, belə deyilmi?

- Mikayıl Müşfiqi sadəcə bir misal olaraq dedim. Başqa yazıçıların da adlarını çəkərək müasir yazarları əzməyə çalışırlar, amma heç onların da yaradıcılığına 1% bələd olmurlar. Mikayıl Müşfiqi isə taleyinə görə sevənlər çoxdur, bəli. Kimsə onu qardaşı kimi sevir, kimsə oğlu kimi, kimsə də sevgilisi kimi. Ümumiyyətlə, bizim insanlarda sevgi hissi faciəvi nəsə yaşananda yaranır. Məsələn, mən də faciəvi bir şəkildə ölsəm, ya öldürülsəm, o sosial şəbəkələrdə məni tənqid edənlərdə mənə sevgi yaranar. Bəlkə də yaranmaz, sevinərlər.

- İnsanlar bir-birilə görüşəndə telefondan ayrılmırlar. Sosial şəbəkədə aktiv biri kimi bu asılılığı necə izah edərsən?

- Səbəbi məncə odur ki, insanlar bura girməyəndə nələrdənsə geridə qaldıqlarını düşünürlər, elə bilirlər ki, burada həyat gedir və onlar bura girməsələr bu həyatdan kənarda qalacaqlar. Burada insanlar birgə həyat yaşayırlar. Məsələn, kimsə harasa getdiyini, ya nəsə etdiyini paylaşanda elə bilirəm ki, mən də həmin adamla bərabər bunu edirəm. Digər səbəb isə insanların asosiallaşmasıdır. Real həyatda çox çətin ünsiyyət qurur bizim insanlar, ona görə qaçıb bura gəlirlər. Məncə, real həyatı virtual həyatımızdan daha maraqlı edə bilərik və mən buna çalışıram. Virtual həyatda mənə maraqlı gələn insanları oradan copy-paste edib real həyatıma salıram, yəni, real həyatda tanışmağa çalışıram. Sevdiyim insanlarla görüşəndə isə telefonu söndürüb söhbət etməyə üstünlük verirəm, dostların da telefonunu yığıb qoyuram qırağa.

- Bəzən şairlərə şorgöz kimi baxırlar. Səni də kifayət qədər şorgöz tanıyırlar. Qadın ayaqlarına vurğun bir kimi ad çıxarmısan. Qadın ayaqları, yoxsa ədəbiyyat? Hansı?

- Xanımlardan ən çox eşitdiyim sual bu olur: "Şairlər şorgöz olur deyirlər, ona görə şorgözsən?". Elə bil şeir yazmayan kişilər süddən çıxmış ağ qaşıqdır, təkcə şairlərdir şorgöz. Əslində, ən çox sevilən şairlər şorgöz olub elə... Rusiya poeziyasından Yesenin, Puşkin, Lermontov. Baxırsan hər şeiri başqa başqa qadınlara həsr ediblər. Türkiyə poeziyasında ən çox sevilənlər. Məsələn, Nazım Hikmət 3 dəfə evlənmişdi. Hamısına dillər əzbəri olan şeirlər yazmışdı. Utanmaz-utanmaz bir şeirində də yazırdı ki, "Biz başqa sevdik, başqasını sevə bilmədik". Hələ başqasını sevə bilməyib 3 dəfə evlənib, gör başqasını sevsə nə olardı? Sonra, Türkiyədə ən çox sevilən sevgi şairi Camal Sürəyya məşhur "Eşq" adlı şeirində yazırdı ki, "Boğazının bitdiyi yerdə məmələrin vardı. Və məmələrin qəhrəman idi". Bu cür misallar saymaqla bitməz. Elə Mikayıl Müşfiqin o məşhur "Yenə o bağ olaydı" şeirini həyat yoldaşı Dilbərə yazmadığını da hamımız bilirik. "Qadın ayaqları, yoxsa ədəbiyyat?" sualında isə hər iki variant eyni cavabdır. Biz şairlərə yaradıcı insan deyirlər. Qadın ayaqlarını isə yaradıcımız olan Tanrı yaradıb. Yəni, qadın ayaqları da Tanrının şeiridir. Ona görə də qadın ayaqlarını sevmək şeiri sevmək, şeiri sevmək isə qadın ayaqlarını sevmək deməkdir.

- Şairlərdən söz düşmüşkən, plagiatla məşğul olan şairlər barədə fikrin nədir? Misal çəkib deyə bilərsən ki, filan şair filan şairdən misra oğurlayıb?

- Deyəsən Viktor Hüqo demişdi, "Yaxşı şairlər yamsılayır, güclü şairlər isə oğurlayır". Keçmiş şairləri soruşursansa, kimin kimdən nə oğurladığını bilmərəm, amma indiki şairlər arasında misra, bənd, hətta şeir oğurlayanlar var deyəsən, hərdən mübahisələri görürəm, amma kimin kimdən nə oğurladığını desəm, yalançı olaram, çünki bilmirəm. Oğurluğu deyə bilmərəm, amma təsirlənmək çox güclüdür indi. Mən özüm də keçmiş və indiki şairlərin çoxundan təsirlənirəm. Bu da normaldır. Axı boş yerinə "filan yazıçını, filan şairi oxu" demirik. Nəsə öyrənmək və təsirlənmək üçün oxuyuruq. Məsələn, mən Aqşin Evrənin bir şeirindən təsirlənib misrasını ogurlamışam, sonradan xəbərim olub. Ona görə ogurlamışam deyirəm ki, çünki o şeirimi yazanda həmin misranı özüm kəşf etmiş kimi düşünüb yazdım, sonra Aqşinin o şeiri bir də qarşıma çıxanda anladım ki, mən bu şeiri daha əvvəl eşidib təsirlənmişəm. Həmin misra da "Gətir dodağını, söz söyləyəcəm" idi. Heç Aqşinin özünə də bu barədə deməmişəm. Müsahibəni oxuyanda biləcək.

- Son vaxtlar dünyəviliyə can atır hamı. Heç kim ölməsin mesajlarıyla, iqrçilik olmasın. Bəs sən?

- Mən də milliyətçiyəm, türkçüyəm, amma heç nəyin radikalını, yüksək dozasını sevmirəm. Humanist biri olsam da, bir deyimi həmişə yadımda saxlayıram: "Sülh istəyirsənsə, müharibəyə hazırlaş". Əlbəttə, mən də istəmərəm insanlar ölsün, uşaqlar müharibə görsün, amma siyasət deyilən mərdimazar imkan vermir. Bir dəfə Gürcüstana gedəndə gömrükdə azərbaycanlı bir satıcı ondan heç nə almadıq deyə gileylənməyə başladı. "Erməni olsam alardınız" dedi, sonra başladı erməniləri təhqir etməyə. Gömrükdə gözləyirdik, yol yorgunu və əsəbi idim. Dözmədim və qışqırdım: "Mən erməniyəm! Əl çək! Doğulacağım ailəni, milliyətimi mən seçməmişəm! Allah istəyib və mən erməni ailəsində dünyaya gəlmişəm! Axı mənim günahım nədir?! Sən doğulacağın ailəni, milliyətini özün seçmisən?! Erməni ailəsində doğulsan neyniyəcəkdin?!” Dayı əsəbləşdiyimi və bəlkə də haqlı olduğumu görüb susdu. Məncə, bu şeyləri hamı düşünməlidir. Əlbəttə, ermənilərə nifrətim var, amma bir erməni körpəsini öldürəcək qədər yox.

- Gənc Ədiblər məktəbi var idi AYB-də. Üzv idin, fəal idin. Sonra nə oldu?

- Hə, üçüncü gənc ədiblər məktəbi. Mən də üzv idim. Həmin məktəbin üzvləri olan qələm yoldaşlarım məndən inciməsin, amma həmin məktəbin tədbirlərində də dəfələrlə demişdim ki, çox passivdilər. Elə rayondan tədbirə gəlib şəkil çəkdirib gedirdilər evə, sonra Feysbukda həmin şəkli profil şəkli edirdilər. Başqa da heç nə. Dəfələrlə deyirdim ki, ay camaat, belə olmaz, bu ədəbiyyat ki var, çox qəliz məsələdir, həm qəlizdir, həm də ki, vacib! Yenə də məni dinləmirdilər. Neçə saat rayondan yol gəlib 1 saat tədbirdə oturub qonağa qulaq asıb evlərinə gedirdilər. Məncə, Rəşad müəllim də (Rəşad Məcid) bunu hiss etdi və hələ ki, gənc ədiblər məktəbinin fəaliyyəti dayanıb, elə düzgün də edilib. Daha səmərəli, daha faydalı nəsə fikirləşmək olar. Mənim ağlımda bəzi fikirlər var, bəlkə özüm Rəşad müəllimə təkliflərlə gedəcəm.


Müəllif: Eminquey Akif