22 Avqust 2017 23:05
1 410
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yeni qurulmuş İstanbul Azərbaycan Teatrının ilk layihəsi olan “Adsız qadın” tamaşası 2016-ci ilin dekabr ayından başlayaraq, tez-tez İstanbul tamaşaçılarına nümayiş etdirilir. Premyerası son dərəcə təntənəli keçən tamaşa hər zaman böyük maraqla qarşılanıb.

Teleqraf.com həmin tamaşa haqqında yazılan resenziyanı təqdim edir:

Dramaturq Aygün Həsənoğlunun eyniadlı pyesi əsasında hazırlanmış teletamaşanın quruluşçu rejissoru Elçin İmanov, baş rolun ifaşıçısı Kəmalə Nəbibəylidir. Teletamaşada İstanbulda təhsil alan azərbaycanlı tələbələrlə yanaşı, Türkiyə vətəndaşları da iştirak ediblər. Film çəkilişləri İstanbulda və Yalovada yerli sakinlərin evlərində, onların iştirakı ilə aparılıb.

Əsər Xocalı soyqırımını bütün dəhşətləri ilə bir ailənin taleyində əks etdirir. Xocalı soyqırımında bütün ailəsini itirmiş, erməni girovluğunda işgəncələrə məruz qalmış, bu insanlıq faciəsinin şahidi olmuş qadın keçirdiyi ağır ruhi sarsıntı nəticəsində ağlını itirəcək hala gəlmiş və ruhi xəstəxanaya yerləşdirilmişdir. Uzun illər sonra qadın nəhayət ki, yaşadıqlarını danışmaq qərarına gəlir və yanına gəlmiş jurnalistə gördüklərini anlatmağa başlayır. Bundan sonra tamaşaçının gözləri önündə sadə və normal bir ailə həyatı canlanır. Ana qızının toyuna hazırlaşır, oğlunu evləndirmək haqqında düşünür. Bir qadın kimi xoşbəxtdir, çünki həyat yoldaşı ilə birlikdə 2 tərbiyəli, ağıllı övlad böyütmüşdür. Ana qızına cehiz hazırlayır, lakin o, həm də narahatdır. Çünki yaşadığı şəhər düşmən atəşinə məruz qalır. Evin kişisi düşmən atəşindən yaralanmışdır. Qadın övladlarının gələcəyi haqqında xoşbəxt planlar qurarkən, həm də narahatlıq hissini gizlədə bilmir.

Bir anda atəş başlanır və ananın bütün gözəl xəyalları ilə birlikdə həyatı da müharibənin od-alovu içərisində bir anda darmadağın olur. Həyat yoldaşını qətl edirlər, qızını və özünü girov götürürlər. Onun gözləri qarşısında gənclər, uşaqlar, qocalar qətl edilir. Ana girov saxlanılarkən qızını şalla özünə sarıyaraq düşməndən gizlətmək istəyir. Lakin qızı tapır və sürüyərək aparırlar. İşgəncələrdən fəryad qoparan qızının köməyinə çata bilməyən ana da fəryad qoparır. Lakin ananın yaşadığı dəhşətlər bununla da bitmir. Oğlunu da əsir almışlar və oğlunun gözləri önündə onu soyundurmuşlar. Oğlu anasını bu vəziyyətdə görməmək üçün gözlərini bərk-bərk yummuşdur. Nə qədər işgəncə versələr də o, gözlərini açmır. Oğlanı döyürlər, bədənindən parça-parça ət qoparırlar, lakin o yenə də gözlərini açmır ki, açmır və işgəncələrdən ölür. Əsərin ən dəhşətli səhnəsi də məhz buradır: Ana oğlunun ölümünə o qədər sevinir ki, qol açıb oynayır. Ana ona görə sevinir ki, oğlu onu çılpaq halda görmədi. Ana təkcə öz övladlarının qətlini deyil, digər insanların, xüsusilə də uşaqların qətlini görür, ağlayır, fəryad qoparır. Lakin girovluqdan geri alındıqda artıq tamamilə duyğusuzlaşmış, daşlaşmış vəziyyətdədir. İnsanlardan qorxur, özünə gələ bilmir. Yalnız illər keçdikdən sonra gördüklərini danışmağa başlayır ki, tamaşanın mövzusunu da elə bu xatirələr təşkil edir. Bir qadının həyatından keçən müharibənin dəhşətləri, sarsıntıları ən ağır detallar ilə təsvir edilir. Bir qadının analıqdan girovluğa, ruhi xəstəxanaya, daha sonra şahidə, sonra ittihamçıya, ən sonda isə öz haqqını, qadınlığını geri almaq və dünyada ədaləti bərpa etmək üçün mübarizəyə gedən yolu əks etdirilir. Ana ailəsini, əzizlərini, evini, ən əsası isə qadınlığını itirmişdir. Buna səbəb isə böyük güclərin dəstəklədiyi terrorist, işğalçı qüvvələrdir. Ana günümüzdəki müharibə və terrorun bu qədər böyüməsinin səbəbi kimi Xocalı soyqırımını görür. “Xocalıda qan çiləndi üzünə dünyanın! Xocalıda çıxdı dünyanın oxu yerindən!” deyir. Ana insanları terrorla, müharibələrlə mübarizəyə çağırır, çünki “Bütün atılan güllələr anaların qəlbində partlayır”.

Bəli, müharibələrdə ən çox itirən tərəf qadınlardır. Qadın həyat yoldaşını itirir, övladlarını itirir, atasını, evini itirir. Ona görə də bütün müharibələrə, terrora, soyqırımlara “Dayan!” deyilməlidir. Müharibənin od-alovu içərisində hər şeyini, o cümlədən analığını, qadınlığını itirən qadın ona qarşı mübarizəyə qalxır.

Pyesə rejissor yorumunun maraqlı məqamlarından biri də məhz burada ortaya çıxır. Tamaşanın əvvəlində ruhi xəstəxanada dəli vəziyyətində olan qadının əlində bir körpə bələyi vardır və müasir dövrlə bağlı bütün səhnələrdə ana bu bələyi qucağından buraxmır, onu bağrına basır, oxşayır, ona lay-lay çalır. Tamaşanın sonunda “Mən haqqımı almağa gedirəm!” deyərkən bələyi açır, bu zaman bələkdə uşaq deyil, bir silah olduğu görünür.

Ümumiyyətlə, Elçin İmanovun pyesə rejissor baxışı son dərəcə maraqlı və özünəməxsus bir ampulada özünü göstərir. Əsərin Azərbaycanda qoyulmuş səhnə variantından fərqli olaraq, bu tamaşa insanda ruh düşkünlüyü deyil, əksinə, mübarizə əzmi və döyüş ruhu oyadır. Bütün bu dəhşətləri yaşamış bir qadın “Böyük güclər deyirsiniz? Mənəm ən böyük güc! Mənəm hüquq! Ədaləti dünyaya biz analar gətirəcəyik!” deyə səsini yüksəldir. Həqiqətən də qadın dünyanı idarə edən güclərin önündə dayana biləcək qədər böyük qüvvədir. Rejissor tamaşada bir qadın obrazını fərqli məqamlarda göstərir, onun hadisədən hadisəyə, səhnədən səhnəyə inkişafını mərhələli şəkildə təqdim edir. Filmlə səhnə arasında son dərəcə dəqiq və ardıcıl şəkildə qurulmuş bir nizam xüsusilə diqqəti cəlb edir. Film səhnələri daha çox şüuraltına xitab edir, səhnə isə hələ şüuraltına köçməmiş anları canlandırır. Obrazlar və səhnələr bir-biri ilə sıx bağlanır, bir-birini xüsusi bir nizamla təqib edir.

Onu da qeyd etmək lazımdır ki, əsər əslində monopyes şəklində yazılmışdır. Səhnəyə digər obrazların canlı şəkildə gətirilməsi və teleteatr üslubuna müraciət edilməsi rejissorun ideyasıdır. O cümlədən, tamaşanın sonunda silahını köksünə basıb gedən ananın arxasında torpağın hərəkətə gəlməsi, torpaq altındakı şəhid ruhların da qalxaraq dağlar kimi ananın arxasınca yürüməsi həm son dərəcə təsiredici, həm də teatr estetikası baxımından maraqlı alınmışdır. Eyni zamanda məhz bu səhnə Aygün Həsənoğlunun yaradıcılığından ana xətt kimi keçən “Sən bacararsan! Səni yalnız sən xilas edəcəksən!” ideyasının obrazlaşmış təcəssümüdür.

Qarabağ döyüşlərini ilk dəfə səhnəyə gətirən dramaturq Aygün Həsənoğludur. O, müharibənin içində müharibəni əks etdirən yazıçıdır. Əsərlərində Azərbaycan tarixinə və Qarabağ müharibəsinə müxtəlif prizmalardan, müxtəlif mövzular və obrazlar silsiləsi ilə yanaşan müəllif bu əsərdə Qarabağ müharibəsini və Xocalı soyqırımına bəşəri faciə və insan faciəsi nöqteyi-nəzərindən yanaşmışdır. Əsərdə “erməni” adı demək olar ki, çəkilmir, lakin onun obrazı terrorizmin, faşizmin və işğalçılığın bütünləşmiş qəddar simasında əks etdirilir. Tamaşaçı onu tanıyır, görür, ona nifrət edir. Eyni zamanda problemin yalnız ermənidə deyil, həm də bu cür işğalçı-terrorçu gücləri dəstəkləyənlərdə olduğunu anlayır.

Müəllif əsərin 2001-ci ildə yazılmış şəklinə bəzi əlavələr etmiş, əsərin ruhunda gizlənmiş mətləbləri daha sərt və açıq şəkildə üzə çıxarmış, günümüzdəki münaqişə və müharibələrə də toxunmuşdur. Bir çox əsərlərindən fərqli olaraq, müəllif burada finalı tamaşaçının öhdəsinə buraxmır, onu öz arxasınca çəkir. Müəllif ideyası ilə rejissor baxışı məhz burada birləşir və yüksələn xətlə inkişaf edir. Tamaşa döyüş ruhu oyadan bir həyəcanla, təsirlə bitir. Rejissor əsərin əsas məğzini aktyor oyunu və öz yorumu ilə birləşdirərək, soyqırım mövzusunu teatr estetikasına uyğun şəkildə səhnənin dili ilə əsl teatr tamaşası kimi təqdim edə bilir. Rejissorun təqdimatında səhnədən səhnəyə dəyişərək keçən obraz və mövzu inkişaf edir, xoşbəxt ritmlərlə başlayan insan taleyi şəkildən-şəklə keçdikcə fərqli obrazlar şəklində, amma xüsusi bir nizamla təqdim olunur. Hadisənin başlanğıcı, inkişafı və sonu, obrazın dəyişən- gah tündləşən, gah da sərtləşən ampulalarda təsviri tamaşaçını həyəcanda saxlayır. Rejissor obrazı və hadisəni səbrlə, amma yüksələn xətlə izləyir. Kino və teatr elementlərini məharətlə birləşdirir. Eyni zamanda mövzunu müasir dövrlə bağlayaraq bitməyən müharibələrin əsl qaynağını səhnənin, obrazın dili ilə göstərir. Elçin İmanov əsəri tək obrazdan çıxarıb, əsərdəki kölgə obrazları canlandırır, bununla da baş rol ifaçısının üzərindəki ağır yükü yüngülləşdirir, bölüşdürür. Rejissor hər bir obrazı danışdırır, hətta səssiz kinokadrlarda ekranı tutan erməni siluetinin qorxunc kölgəsi də tamaşaçıya özünü təqdim edir. Yaxud sürüyərək gətirilən gəncin böyük güclərin dəstəklədiyi düşmən qarşısında ilk baxışda zəif görünən vücudu sonra sanki qaya parçasına dönür. Yaralı gəncə bir neşə düşmən işgəncə verir, lakin onun əzmini qıra bilmirlər. Öldürürlər, amma məğlub edə bilmirlər. Kinokadrlarda kölgə kimi görünən bu obrazların hər biri səhnədəki obraz qədər canlı təsir bağışlayır. Bütün obrazlar və səhnələr tamaşaçıya təsir edir, onu həyəcanda saxlayır. Hətta tamaşaçı hadisənin sonluğunu bilsə də, finala qədər intizarda qalır. Bu tamaşa, həqiqətən də Elçin İmanovun böyük rejissorluq potensialını açmışdır.

Kəmalə Nəbibəyli demək olar ki, tamaşanı bütün ağırlığı ilə sona qədər öz çiyinlərində məharətlə aparır. Aktyor, bir obrazda bir neçə obrazı ustalıqla birləşdirərək, qadın dünyasının bütün dərinliklərinə qədər enməyi, onu hər cəhəti, hər çaları ilə əhatəli şəkildə təqdim etməyi bacarır. Tamaşa film görüntüsü ilə başlayır. Əslində bu görüntüdəki qadın müasir dövrdəki qadındır, amma hələ də keçmişlə bu gün arasında, xatirələrlə gerçəklik arasında qalmış, müasir həyata uyğunlaşa bilməyən qadındır. Əynindəki ağır ruhi xəstələr üçün geyimdən başlamış, üzündəki qırışlara, saçlarındakı bozluqlara qədər, müharibə gerçəkliyinin bir simvoludur. Qadın qarşısındakı jurnalisti də müharibənin içinə çəkir, çünki müharibə hələ bitməmişdir, hələ torpaqlar işğal altındadır, hələ əsir-girovluqda insanlar var, hələ də burada uşaqlara güllə atılır. İllər keçsə də, qadına bu dəhşəti yaşadanlar cəzalandırılmamışdır və o, artıq anlamışdır ki, bir müharibə cinayətinin şahidi kimi danışmalıdır. Çünki, bu, onun son intiqamıdır. Bütün dünya bilməlidir ki, onun şəhərində nələr oldu- qocalar öldürüldü, qadınlara, qızlara təcavüz edildi, gənclər işgəncələrlə qətl edildi, insanların yaşamaq haqqı əllərindən alındı.

Qadın jurnalistə yaşadıqlarını danışmağa başlarkən, işğaldan əvvəlki dövrə gedir. Onun bir ailəsi vardı-uşaqları, həyat yoldaşı vardı. Gələcək haqqında gözəl xəyalları vardı. Bütün bunlar əlindən alındı. Bir insan kimi, bir qadın kimi, ona məxsus olan hər şeydən məhrum oldu. Artıq o, adını da unutmuşdur, çünki artıq ana deyil, həyat yoldaşı da deyil, qaynana da deyil. Bunların hamısını itirmişdir.

Kəmalə Nəbibəyli səhnədən səhnəyə keçdikcə dəyişən qadının bütün yaşantılarını son dərəcə ustalıqla, təbii şəkildə yaradır. Obrazı və müharibəni öz ruhundan keçirdiyi üçün də səhnədə tamaşaçını inandırır. Bütün məqamlarda o təbii görünür- övladının toy həyəcanını yaşayan ana kimi, oğlunun seçəcəyi qızın yemək bişirib-bişirə bilmədiyinin qayğısını çəkən qaynana kimi, qonşu gəlinin bacarıqsızlığına baş silkələyən qonşu qadın kimi, yeri gələndə siyasi hadisələrə də emosional tərzdə münasibət bildirən, laqeydlikdən gileylənən vətəndaş qadın kimi, düşmən əsarətinin dəhşətini yaşamış girov qadın kimi, müharibə cinayətlərinin şahidi olan zərərçəkmiş qadın kimi, terror və soyqırımları, işğalı dəstəkləyən güclərə etiraz edən bir ittihamçı kimi, nəhayət, öz haqqını qorumaq üçün öz arzularını silaha çevirən mübariz qadın kimi! Bəli, bütün tamaşa boyu qoynuna basdığı bələkdəki qızının, oğlunun dünyaya gəlməmiş körpəsidir. Məhz bu bələklə o yalnız ana kimi deyil, həm də nənə kimi meydana çıxır. Lakin o körpə doğula bilmədi, çünki onun övladlarını öldürdülər. O körpə ananın arzusu idi, bu arzu öldürüldükdə isə anaların intiqamı dəhşətli olur. Ana övladlarının qanını istəyir, lakin bu da rəmzidir; çünki “Analar qandan da mələklər doğurlar”. Ana bələyi açır və içindəki kiçik bir silahı ədalətin silahı kimi əlinə alır, “Mən haqqımı almağa gedirəm, mənimlə gəlirsinizmi?” deyərək səhnəni tərk edir. Bu sözləri deyərkən bağırmır, kimisə məcbur etmir, fəryad da qoparmır, sadəcə “Mənimlə gəlirsinizmi?” deyə soruşur. Çünki dünyada hələ Xocalı yaşanır, hələ də uşaqlar, günahsız insanlar qətl edilir.

Kəmalə Nəbibəyli müharibə qurbanı olan qadının obrazını yaradarkən, onu bütün rəngləri ilə təqdim edir, imdad diləyən, fəryad qoparan qadından döyüşkən qadına çevrilən obrazı bütün psixoloji çalarları ilə yaşadır, təkcə Xocalı-Qarabağ qadınının deyil, dünya qadınlarının səsinə çevrilir. Aktyorun fərqli obrazları ustalıqla bir tamaşada təqdim etməsi onun potensialının göstəricisidir. Tamaşa boyu bütün yaşananlar baxışlarında elə toplanır ki, tamaşaçı onun təsirindən çıxa bilmir. Kəmalə özü bu dəhşəti yaşayır və tamaşaçıya da yaşadır. Ona görə də obraz uğurlu alınır. Səs, baxış, hərəkət, plastika, hətta susması belə, tamaşaçıya ciddi şəkildə təsir edir, onu öz arxasınca aparır.

Əsərin müəllifi Aygün Həsənoğlu 2001-ci ildə yazdığı bu əsərin əvvəllər səhnələşdirildiyini, lakin aktyor Şükufə Musayevanın bütün zəhmətinə və fədakarlığına baxmayaraq, rejissorların ona kömək etmədiyindən həmin tamaşanın istənilən nəticəni vermədiyini qeyd etdi. Bu tamaşanın İstanbulda səhnələşdirilməsində Kəmalə Nəbibəylinin həm maddi, həm də mənəvi cəhətdən böyük zəhmətini qiymətləndirən dramaturq, tamaşaya quruluş vermiş Elçin İmanovun orijinal yanaşma tərzini və yorumunu çox bəyəndiyini bildirdi. “Böyük işlər görməyə böyük də ürək lazımdır!” deyən Aygün Həsənoğlu Xocalı soyqırımını əks etdirən “Çiçəklər açılanda” və “Ruhların səsi” adlı pyeslərinin hələ 1992-ci ildə yazıldığını, lakin rejissorların bu mövzuda əsərlər işləmək istəmədiklərini də söylədi. Müharibə, terror və soyqırımların, xüsusilə də ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş vəhşiliklərin ekran və səhnələrə yol tapmasının vacibliyini bidirən müəllif, ən böyük təbliğatın mədəniyyət və ədəbiyyat olduğunu dedi:

“Burada mövzuya insan taleyi nöqteyi-nəzərindən yanaşmışıq. Səhnədən və ya ekrandan obrazın dili ilə deyilən söz bir siyasətçinin sözlərindən daha çox təsir edir. Bu cür mövzuları elə təqdim etmək lazımdır ki, hər kəs orada baş verənlərin öz həyatında, öz ailəsində ola biləcəyini təsəvvür edə bilsin, Xocalı soyqırımını insanlığın faciəsi kimi görə bilsin. Təəssüf ki, biz dünyaya bu səviyyədə film təqdim edə bilməmişik. Bunun da səbəbi odur ki, Azərbaycan kinorejissorları məhz bu nöqtədən baxmağı bacarmırlar. Sadəcə bir insanın taleyini götürüb bəşəriyyətin taleyi kimi təqdim etmək olar. Elçin İmanov məhz bu nöqtədən əsərə baxmağı bacardığı üçün tamaşa uğurlu alındı. Həm də az imkanla böyük iş görə bildi. Kəmalə Nəbibəylinin hər kəsə nümunə olacaq fədakarlığı isə, həqiqətən də təqdirəlayiqdir. Tamaşanın xərcinin böyük hissəsini məhz o özü şəxsən ödəyib. Təsəvvür edin ki, İstanbulda heç məşq etməyə də yer olmayıb. Ən kiçik məsələlər də çox çətinliklə həll olunub. Buna görə də Elçin İmanova, Kəmalə Nəbibəyliyə və tamaşada əməyi olan hər kəsə dərin minnatdarlığımı bildirirəm. Əlində böyük imkanları olanlar isə bəzi texniki çatışmazlıqları böyüdüb tamaşanın üzərinə kölgə salmaq istəsələr də buna nail olmadılar. Çünki ortada bir uğurlu tamaşa var, həm də heç bir maddi dəstək almadan böyük iş görülüb”.

Türkiyədə göstərilən tamaşalar həqiqətən də tamaşaçılarda böyük təəssürat oyada bilmişdir. Anşlaqla keçən tamaşaların sonu hər dəfə uzun sürən alqışlarla bitir, hətta bitdikdən sonra da tamaşaçılar zalı tərk etmək istəmirdilər. Salondakıların göz yaşlarını saxlaya bilməməsi yaradıcı heyətin öz məqsədinə nail olduğundan xəbər verirdi.

Hazırda “Adsız qadın” tamaşasının rus dilində də variantı hazırlanır. Artıq Rusiyadan, Ukraynadan Kiprdən, Almaniyadan tamaşa ilə maraqlananlar var. İnanırıq ki, Kəmalə Nəbibəylinin təqdimatında Elçin İmanovun quruluşunda “Adsız qadın” tamaşası həm Xocalı soyqırımının və Dağlıq Qarabağ probleminin təbliğində, həm İstanbul Azərbaycan Teatrının daha yüksək arenaya çıxmasında, həm də mədəniyyət və tariximizin təbliğində böyük rol oynayacaqdır.


Müəllif: Alpər