7 Sentyabr 2017 09:40
1 891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Ölümqabağı” layihəsinin növbəti qonağı hazırda Türkiyədə yaşayan şair, aktyor Elçin Aslangildir.

Yaxında öləcəyinizi bilsəydiniz, son dəfə:

- … nə düşünərdiniz?

- Nə qədər vaxtım var?..

- … hansı yeməkdən yeyib, hansı içkini içərdiniz?

- Corat qutabı yeyərdim, üstündən də, vaxtın azlığından şikayətlənib həyat yoldaşımın baş-beynini aparmamaq üçün, bir yeşik pivə içərdim.

- … kiminlə görüşmək istəyərdiniz?

- Ölənlərin hamısından küsmüşəm, heç kimi görmək istəməzdim.

- … son kəs kimi öpərdiniz?

- Qızlarım Dilbəri və Duyğunu öpərdim.

- … ən dəyərli əşyanızı kimə verib gedərdiniz?

- Ən dəyərli əşyam 5 yaşımda dayımın mənə aldığı corabdır. Heç geyinməmişəm. Qəşəng corabdı. Sibirdə hansısa rus qadın toxuyub, üstündə ananas şəkli var. Gözəl yazarımız kolleksioner Dilqəm Əhmədə bağışlayardım.

- … nəyi ölümlə dəyişərdiz?

- Yaşadıqlarımı…

- … son dəqiqələrinizi necə keçirmək istəyərdiniz?

- Son dəqiqələrimi İsa Qəmbərlə birlikdə paraşütlə təyyarədən hoppanaraq keçirmək istəyərdim.

- … o biri dünyada kimi görmək istəyərdiniz?

- Özümü görmək istəyərdim, inanmaq üçün.

- … kimi özünüzlə aparmaq istəyərdiniz?

- Bahadur Qobustanı.

- … Əzrayıla nə təklif edərdiniz?

- Əzrayıla təklif edərdim ki, dostum Rzayla tanış olsun. Məzəli oğlandı, Əzrayılı qaramatdan qurtara bilər.

- … son şeirinizin adı nə olardı?

- "Heyvan kimi yaşamaq".

- Allahı görsəydiniz, nə istəyərdiniz?

- Üç qutu yaxşı siqaret, bir yeşik kəmşirin çaxır, Avstriyanın ən yaxşı simfonik orkestrini, yaxşı noutbuk… Və bir də işçilərinə tapşırsın ki, mən yazanda mənə mane olmasınlar. Bunları istəyərdim.

- …son 3 kəlməniz nə olardı?

- Bu dəfə dəqiqdi?


Müəllif: Könül