12 Sentyabr 2017 13:42
1 343
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran və Azərbaycanın müştərək istehsalı olan “Səs” qısametrajlı bədii filmi Kazan şəhərində keçirilən Beynəlxalq Kino Festivalında əsas mükafata layiq görülüb.

Teleqraf.com xəbər verir ki, filmin rejissoru iranlı Dariuş Nəcəfi Göl, Azərbaycan tərəfdən prodüseri isə Fariz Əhmədovdur.

Fariz Əhmədovun Teleqraf.com-a verdiyi açıqlamaya görə, film festivalın qısametrajlı bədii filmlər bölməsi üzrə yarışıb.

Festival “Mədəniyyətlərin dialoqundan dialoq mədəniyyətinə” devizi altında keçirilib. Builki festivala 61 ölkədən 782 film göndərilib. Bu filmlər içərisindən seçilən “Səs” filmi “Ən yaxşı qısametrajlı bədii film” mükafatına layiq görülüb.

Qeyd edək ki, film İranın Gənc Kinematoqrafçılar Birliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) tərəfindən istehsal olunub. Çəkilişlər İranda aparılıb. Azərbaycan dilində səsləndirilən filmdə əsas rolları Turan Malekara və Tağı Türkməni oynayır.

Filmin rejissoru Dariuş Nəcəfi Göl ADMİU-nun məzunudur. O, kinorejissor Oqtay Mirqasımovun tələbəsidir.

Filmin mövzusuna görə, gecələr ərinin amansız xorultularından yuxuya həsrət qalmış qoca qadın tədbir görməyə çalışır. Ancaq istəmədən vəziyyəti daha da pisləşdirir.

Qeyd edək ki, hər il Tatarıstanın paytaxtı Kazan şəhərində ənənəvi olaraq keçirilən XIII Kazan Beynəlxalq Müsəlman Kino Festivalı 5-11 sentyabr tarixlərində baş tutub. Festivalda iştirak edən digər Azərbaycan filmi Teymur Daiminin “Bu, sevgidir” adlı ekran əsəridir. Bu film də “Ən yaxşı qısametrajlı sənədli film” mükafatına layiq görülüb.

Festivalın bağlanış gecəsi Azərbaycan filmlərinin möhtəşəm qələbəsi ilə yadda qalıb.


Müəllif: Könül