13 Sentyabr 2017 09:39
3 233
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com mərhum şair Nüsrət Kəsəmənlinin oğlu, şair, aktyor Rəşad Kəsəmənli ilə müsahibəni təqdim edir.

- Rəşad bəy, əvvəla, atanızdan başlayaq. Tanınmış birinin övladı olmaq həyatınıza necə təsir göstərdi?

- Baxır o adam necə tanınıb... Məsələn, mənim atam kimi tanınmış bir insanın övladı olmaq mənim üçün qürurvericidir. Həm şəxsiyyət, həm də bir şair kimi sevildiyi üçün... İnsan var, çox istedadlıdır, populyardır, amma şəxsiyyət deyil. Eləsinin övladına hardasa xoş üz göstərirlərsə də, dalınca ağız da büzürlər. Allaha çox şükür ki, mənə atama nə şəxsiyyətinə, nə də istedadına görə heç vaxt ağız büzməyiblər.

- Nüsrət Kəsəmənli haqqında bilmədiyimiz nələr var?.. O, əslində necə biri idi?

- Atam çox sərt, eyni zamanda sərt olduğu qədər də kövrək insan idi. Bizim üçün mülayim ata idi, amma bəzən sərt qadağaları da olurdu. İndi hərdən fikirləşirəm, nə yaxşı ki, onun sərt qanunları da olub. Mən isə onun sirdaşı idim...

- Nüsrət bəyin ən çox sevgi şeirləri populyar idi. O, həyat yoldaşı, sizin ananız Rəhilə xanımı çoxmu sevirdi? Həmin şeirləri onamı yazırdı?

- Bəli, onun əksər şeirləri sevgidən bəhs edir. Amma sizə deyim ki, şair sevəndə yazmır. Şairin fərqi elə ondadır ki, o, başqasının sevgisini, ağrısını-acısını da elə onun qədər hiss edib vərəqə köçürə bilir. Şair bəlkə də 500-1000 sevgi şeiri yazır. Bu o demək deyil ki, o, 500 nəfəri sevir.

Atam Nüsrət Kəsəmənlinin anama həsr elədiyi şeirləri var, amma anamın varlığına, insaniyyətinə, qadınlığına yazıla biləcək, onu layiqincə tərənnüm edəcək şeiri yazmaq, ərsəyə gətirmək mümkün deyil. Atamın gözündə anam o qədər böyük idi ki, ona layiq bir şeirin yazılmasının qeyri-mümkünlüyünü o da başa düşürdü.

- Məktəb vaxtı qızların xatirə dəftərlərinə yazılan sevgi şeirlərinin çoxu Nüsrət Kəsəmənlinin idi. Siz də qızların dəftərinə onun şeirlərini yazırdınız?

- Bəli, atamın şeirləri sevgi kitabçalarını bəzəyirdi. Mən həmişə düşünmüşəm ki, bir şeiri qızın dəftərçəsinə yazmaqdansa, ürəyinə yazmağı bacarım. Sözümdən elə çıxmasın ki, mən hər qarşıma çıxan qadına şeir yazıram. Qəti surətdə elə deyil. Mən nədənsə təsirlənəndə şeir yazıram. Qarşı cinsin hər nümayəndəsinə şeir yazmıram.

- Atanızla bağlı ürəyinizdə yarımçıq nəsə qaldı?

- Məncə, atası neçə yaşında rəhmətə gedir-getsin, hər övladın ürəyində atasına demək istədiyi, amma demədiyi söz qalır, mütləq qalır. İnsanın yaşı artdıqca və insanları tanıdıqca əslində atasının ən böyük sirdaşı olduğunu düşünür. Təəssüf ki, onda da atasını yanında tapmır. Ümumiyyətlə, bir övlad üçün ata itkisi həmişə tezdir.

- Sizcə, bu gün yaşasaydı, bu yaşında da sevgi şeirləri yazardı?

- Nüsrət Kəsəmənli yaşasaydı, 100 yaşında da sevgi şeirləri yazacaqdı. Mən belə düşünürəm ki, sevginin yaşı olmur. İnsanın cismani yaşı arta bilər. İnsan cismən qocala, dərisi qırış sala bilər. Amma beyin, düşüncə heç vaxt qırış salmır. Bir şərtlə: Sevgini həqiqətən dərk edirsə... Qısası, atam yaşasaydı, bu gün yenə sevgidən yazacaqdı.

- Bəs siz ilk şeirinizi necə oldu yazdınız?

- İlk şeirimi 7 yaşımda yazmışam. Nədən bəhrələndiyimi bilmirəm. Sadəcə, gəldi, yazdım. Şeirin adı “Oxu, bülbülüm, oxu” idi. O yaşda hətta qəzetlərdən birində mənim haqqımda “Vergidir, yoxsa?..” başlıqlı yazı da yazılmışdı. Televiziyada ”Oktyabrçı” adında veriliş vardı. Uşaq vaxtı o verilişə dəvət də almışdım.

- Şair oğlu olmasaydınız, sizcə, nə vaxtsa şeir yazardınız?

- Mənim şeir yazmağım şair övladı olmağımdan irəli gəlmir. Mən heç vaxt düşünməmişəm ki, şair övladıyam deyə mütləq şeir yazmalıyam. Qəti surətdə belə deyil. Çilingər övladı olsaydım da şeir yazacaqdım. Buna baxmayaraq, düşünürəm ki, şeir yazmaq əslində irsi xüsusiyyətdir. Genetikanın burda böyük bir rolu var. Onu artıq Allah bilər.

- Öz şeirlərinizi atanızınkı ilə müqayisə edirsinizmi? Fərq nədədir?

- Mən ümumiyyətlə, heç vaxt şeirlərimi heç kimin şeirləri ilə müqayisə eləməmişəm, eləmərəm də. Çünki atamla mən heç vaxt bir tərəziyə qoyula bilmərik. Mən onu özümdən çox-çox yuxarıda sayıram. Atam demişkən, şeir yazmıram, sadəcə ürəkdən yük atıram. Ürəkdən atılan yük şeirə çevrilir.

- Siz də daha çox nakam sevgidən yazırsınız?

- Nakam sevgidən yazmağımın səbəbi insanların dərdlərini bölüşməyə ehtiyac olduğunu görməyimdir. İnsan sevinci bölüşməsə də olar, sevinc hissi yaşayan insan zatən xoşbəxtdir. Amma kədərli biri özünə hər zaman dərd ortağı tapa bilmir, istər-istəməz sevgidən yazır. Ona görə də dünyanın ən böyük əsərləri nakam sevgidən olub. “Leyli və Məcnun”, “Romeo və Culyetta” “Fərhad və Şirin”... Qovuşmuş bir sevgi isə heç vaxt tarixdə böyük bir əsərə çevrilməyib.

- Bəs aktyor kimi hansı rollarınız olub?

- 14 klipdə, 2 bədii filmdə, 6 da serialda oynamışam. Onun da dördünü tamaşaçılar görüb. İki serial isə yeni çəkilir. Rollarım hər zaman uğurlu olub. Mən həmişə daha çox çətin rollara üstünlük vermişəm, asanlardan qaçmışam. Mənim üçün mənfi obrazları canlandırmaq daha xoşdur. Çünki mənfini oynamaq sənət baxımından daha çətindir.

- Bəs ixtisas üzrə hansı peşənin sahibisiniz?

- 1995-ci ildə Mədəniyyət və İncəsənət Universitetinə Kino və dram aktyorluğu fakültəsi üzrə daxil olmuşam, 1999-cu ildə oranı fərqlənmə ilə bitirmişəm.

- Xasiyyətcə atanıza çoxmu bənzəyirsiniz?

- Xasiyyətcə bizi çox bənzədirlər. Ən çox da anam... Deyirlər, xasiyyətcə eyni adamıq. Bir anda özündən çıxa bilən, bir dəqiqədə də sakitləşə bilən insanam. Atam kimi... Əgər haqq-ədalət varsa, sözümü hər yerdə deməyin tərəfdarıyam. Məsələn, məclisdəyəm, nə olur-olsun, əgər haqsızlıq görsəm, kobud şəkildə belə haqqı bərpa eləməyə çalışıram. Əgər o söhbət mənim masamda yox, kənar masada olsa, yenə də məsələyə qarışıb ədaləti bərpa eləməyə çalışıram.

- Tanınan Rəşadı azdan-çoxdan bilirik. Bəs tanınmayan, səhnədə yox, evdə olan Rəşad Kəsəmənli kimdir, necə biridir?

- Xasiyyətcə kənardan çox mədəni görünə bilərəm, amma tam səmimi deyirəm, əslində, çox kobud insanam. Kobudluğumu çox kəskin şəkildə biruzə verən insanam. Həddindən artıq mədəniyyəti sevmirəm. Aşırı mədəniyyət qəti surətdə mənlik deyil. Mən mədəniyyəti qədərində sevirəm. İnsanların qadın və ya kişi olmasına fərq qoymuram. Yəni haqsız insana verdiyim cavab qadın və kişi üçün eynidir. Mənim üçün qadın, kişi yox, insan anlayışı var.

- Bilmədiyimiz başqa hansı istedadınız var?

- Rəssamlığı da bacarıram. Uşaqlıqda rəsm müsabiqəsində bir dəfə birinci, bir dəfə də ikinci yeri tutmuşam. Plastilindən gözəl heykəllər düzəldirdim. Bir də səsim var, oxuyuram... Amma dostlar arasında.

- 2 dəfə ailə qurmusunuz. Xoşbəxtsinizmi?

- Mənim ən xoşbəxt yerim anam, övladlarım və yaxşı dostlarımdır.

- Qardaşınızla bağlı xoşagəlməz hadisələr baş verdi, həbs olundu. Onun vəziyyəti necədir?

- Bu söhbətdən vaxtında çox danışmışam. Ümumiyyətlə, bu söhbətə qayıtmaq istəmirəm. Çünki birmənalı qarşılanmır.

- Eşitsəniz ki, hardasa tanımadığınız bir bacınız var. Reaksiyanız necə olar?

- Belə bir şey yoxdur, buna yüzdə-yüz əminəm. Olsa belə... Bilirsinizmi, bacı elə bir şeydir ki, o, mənim böyrümdə böyüsə mən ona tam cavabdeh olardım. Məndən kənarda necə böyüdüyündən xəbərim olmayan bir insan sonradan peyda olsa, mən onun namusuna cavabdeh ola bilmərəm. Bu baxımdan elə şey yoxdur, ola da bilməz. Bacı yox, hardasa qardaşım olsa belə, bunu öyrənəndə əvvəlcə onun keçmişi ilə maraqlanıb sonra qəbul edərəm.

- Gündəmi izləyirsiniz? Baş verənlərə münasibət bildirirsiniz?

- Gündəmi izləyirəm. Bu dəqiqə gündəmdə ən çox əsəb keçirdiyim mövzu müsəlmanların kütləvi qətliamıdır. Allah onların bəlasını versin. Amma o bəlanı bu dünyada verəcəksə, elə müsəlmanların əli ilə versin.

- İbadət əhlisiniz?

- Bəli, ibadət əhliyəm. Bu mənim boynumun borcudur. Bir Allahın bəndəsi olaraq, bu hər birimizin borcudur.

- İncəsənət əhli ilə münasibətiniz varmı?

- Təbii ki, gözümü açandan incəsənət aləmində olduğum üçün 90 faiz populyar insanla dostam. Bir yerdə oxuduqlarım tanınmış aktyorlar da var, müğənnilərlə də dostam. Heç kimlə də aramda ədavət yoxdur.

- Həyatda hansı səhviniz olub?

- Həytda yetərincə səhvlərim olub. Düzəlməyən səhvlər də var. Həyat səhvlər üzərində qurulub. Səhv edə-edə düzü öyrənirik.

- Bəs həyatda nədən narasınız?

- Daşın öz yerində olmamasından narazıyam. Layiq olana layiqli dəyər verilməməsindən narazıyam.

- Övladlarınızın da şair olmasını istərdinizmi?

- Ürəkləri hansı peşəni seçsə, o da olacaq. Mən sadəcə onlara dəstək verməyə borcluyam. Şeir yazmaq istedadları varsa, mən niyə onların qarşısını alım? Ən böyük günahı işləmiş olaram.

- Məsləhət gördüyünüz 5 ən vacib kitab hansıdır?

- Əgər həyatda düzgün yeriməyi öyrənmək istəyirsənsə, ən azı “İncil”i, “Tövrat”ı, “Quran”ı oxumalısan.

- Nədən danışmaq istəməzdiniz və nə barədə ürəyiniz doludur?

- Belə mövzular çoxdur. Ürəyim də doludur. Haqsızlıqları görürəm. İnsanın beyninin uyğunluq təşkil etmədiyi insanlar təəssüf ki, daha çox çıxır qarşısına. İnsan düzgün seçim etməlidir. Çox təəssüf ki, bəzən sən tapmırsan, gəlib səni tapırlar.

- Sevdiyinə qovuşan biri şeir yaza bilərmi?

- Təbii ki. Əgər həddindən artıq xoşbəxt hiss etsən, ondan təsirlənsən, niyə də yazmayasan... Mənim hətta belə şeirim də var.

- Nəyin bahasına qələmdən imtina edərsiniz?

- Qələmdən ancaq bir halda imtina edərəm: anama və balalarıma görə.

- İndiki dövrdə sözü bu qədər ucuzlaşdıran nə oldu?

- Sözü bu qədər ucuzlaşdıran sözü qanmayan insanlardır. Sözü qanmayıb danışanlar... Mikrofon da bu dəqiqə onların əlindədir. Nədən gəldi danışırlar. Sözə dəyər verə bilən insanların əlində mikrofon yoxdu. Sözə inam qalıb. Amma sözə dəyər verə bilən insanlar üçün... Dəyərsizin sözünü elə dinləməmək məsləhətdir.


Müəllif: Könül