13 Sentyabr 2017 17:36
1 339
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teatrın direktorunun özbaşınalıqları barədə müxtəlif vaxtlarda bir çox saytlarda yazılar dərc olunub. Mən də haqlı olaraq, o yazıları bəyənmişəm, lazım olanda rəy yazıb paylaşmışam. Elə buna görə də dəfələrlə teatrın direktoru və onun tərəfini saxlayan işçilər tərəfindən hədələnmişəm. Bu gün mənim hücuma məruz qalmağımın əsas səbəbi də məhz budur.

Bu sözləri bu gün İrəvan Teatrının kollektivi arasında baş vermiş dava nəticəsində zərər çəkmiş gənc aktyor Elçin Hacılı Teleqraf.com-a insident barədə məlumat verərkən deyib. Vəziyyətinin pis olduğunu bildirən və ağrıdığına görə danışmaqda çətinlik çəkdiyini vurğulayan aktyor daha sonra telefonu yanındakı həmkarı, elə həmin teatrın əməkdaşı Əjdər Zeynalova ötürüb. Əjdər bəy də məlumatı təsdiqləyib:

“Direktor bu paylaşmalara görə öz adamları olan bəzi qadınları qızışdırıb Elçinin üstünə göndərib. Bunu otağa çəkib qapını bağlayıblar. Əl-qol atıb, ünvanına təhqiredici sözlər, söyüşlər işlədiblər. O, videonu çəkdiyinə görə söz-söhbət daha da qızışıb. Orda videoda da görünən bir aktrisa var. O, artistlik etməyə başlayıb. Guya ürəyi gedib. Elçinə böhtan atmaqdan ötrü aktrisa üçün təcili yardım çağırıblar. Guya ona görə ürəyi gedib. Amma həkim gəlib baxıb, tez də çıxıb. Daha sonra direktor Elçini həmin qadınlarla birgə öz otağına çağırıb. Yenə də onu hədələyiblər ki, protokol yazdırıb səni tutduracağıq. Səndən 50 min manat cərimə istəyəcəyik. Bu, nə deməkdir?

Bunlar niyə haqsızın tərəfindədirlər? Direktor nə istəyir, onu da edir. Deyir ki, qatıq qaradır. Öz səviyyəsiz əsərlərini gətirib repertuara salır. Aktyor və aktrisaları da məcbur edir ki, onun əsərlərini işləsinlər. Professional aktyorlara şeir əzbərlətdirir. Gedib orda-burda göstərib, pul qazanmağa çalışır”.

Əjdər Zeynalov deyib ki, indiyə qədər heç kim bu məsələyə fikir vermirdi:

“Ancaq 3 aydır ki, bıçaq sümüyə dirənib. Teatr artıq ikiyə bölünüb. Aktyorların yarısı onun tərəfindədir, yarısı ona qarşı. Yerli-yersiz intriqalar yaradır. Əsas məqsədi də elə münaqişə yaratmaqdır. Əməkdaşların çoxu da cavan uşaqlardır. Çoxu işini itirməkdən qorxduğu üçün susur. Bunun özbaşınalığına qarşı çıxmırlar.

Direktor yalandan nazirliyin adından da tapşırıqlar verir. Amma nazirliyin heç nədən xəbəri yoxdur. Biz bu yaxınlarda nazirlikdə də olmuşuq. Məktubla şikayətimizi bildirmişik. Yaxın günlərdə onların teatra gəlməsini gözləyirik. Bu məsələyə son qoymaq lazımdır.

Elçinə bayaq o qədər təzyiq elədilər ki, o, huşunu itirib dəhlizdə yıxıldı. Başı da pilləkənə dəydi. Ona görə indi başında ağrılar var. Təcili yardım kəllə-beyin travması ilə bizi xəstəxanaya göndərdi. Hazırda “Semaşko”dayıq. Dostum həkim nəzarəti altındadır.

Son olaraq, deyirəm ki, eşşəyə gücü çatmayan, palana döyər. Rəhbərlik Elçinə deyir ki, sən niyə bizi təhqir edirsən? Amma Elçin heç kimi təhqir etməyib. Tənqid nə vaxtdan təhqir sayılır?”


Müəllif: Könül