16 Sentyabr 2017 09:12
5 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər dəfə “Azərbaycanfilm” kinostudiyasına gedib, üçüncü mərtəbəyə qalxanda o otağın yanından keçib, içəri gözucu da olsa baxmamaq mümkünsüzdür. Qapısı hər zaman açıq olur... Bunun özü belə insana enerji verir, kinostudiyanın səssiz, sakit, qaranlıq dəhlizini işıqlandırır. Bura qrim rəssamlarının işçi otağıdır.

Qızğın söhbətlərin, xatirələrin, zarafatların və neçə-neçə filmlərin qrim hazırlıqlarının aparıldığı məkandır.

Azərbaycanın əməkdar incəsənət xadimi, tanınmış qrim ustası, 50-yə yaxın bədii, sənədli filmdə çalışmış Elbrus Vahidovla görüşümüz bu məkanda baş tutacaqdı.

Fotoqraf Elçin Muradla otağa daxil olanda şəkilləri masanın üzərinə səpələnmiş gördük.

- Bizi gözləmədən başlamısınız, Elbrus müəllim.

- Bir az elə oldu...

- Onda gəlin vaxt itirmədən başlayaq.

- 1951-ci ildə Ağdaşda doğulmuşam. Atam hərbçi olduğuna görə yaşayış yerimizi tez-tez dəyişirdik. Hətta bir müddət Şuşada da yaşamışıq. Bu şəkil isə Lökbatanda çəkilib. Orda pioner düşərgəsində rəssam dərnəyinə yazılmışdım. Arzum rəssam olmaq idi. Ailədə məndən başqa rəssamlıqla maraqlanan olmayıb. Qardaşım Məcnun Vahidov texniki elmlər namizədi idi, Neft Akademiyasında dərs deyirdi, 30 aprel hadisələrində dünyasını dəyişənlərdən biri də odu. Eyni zamanda “Yarımştat” televiziya tamaşasının ssenari müəllifi idi. Böyük bacım Svetlana Vahidova aktrisadır, kiçik bacım Natella isə loqoped müəlliməsidir.

“Maral Konrat o aktyora vurulmuşdu”

- Bu, Estoniyanın paytaxtı Tallində çəkilib. Şəhərdə ən hündür yerdi. “Təhminə” filminin çəkilişləri üçün ora getmişdik. Soldan birinci rəhmətlik Rasim Ocaqovdur. Peşəkar rejissor, gözəl insan... Arxasındakı mənəm. Türk aktrisa Maral Konrat, deyim ki, qrimdə bir az kaprizli idi, daşın üzərinə uzanan oğlan isə filmin baş qəhrəmanı olan rus aktyordur.

- Fəxrəddin Manafovdan öncə Zaur roluna təsdiqlənən aktyor budurmu?

- Bəli. Filmin birinci variantında Zaur obrazına bu oğlan çəkilmişdi. 20 gün Tallində çəkiliş apardıq. Qayıdandan sonra Rasim müəllim Zauru dəyişdi. Görün nə qədər material çəkmişdik. O vaxtlar da filmlər kinolentə çəkilirdi, kinolent də baha idi. Oğlan çox kaprizli idi. Şəhərdə çəkiliş aparırdıq, o da əynini dəyişməli idi. Dedilər, avtobusda dəyiş gəl, etiraz etdi, dedi, orda dəyişmərəm. Rasim müəllim çox əsəbləşdi, dedi, daha sən çəkilməyəcəksən.

- Onu Rasim müəllim özü seçmişdi?

- Özü seçmişdi. Qəşəng oğlan idi. Əslən ərəbdir. Mənə elə gəlir ki, Maral Konrat o aktyora vurulmuşdu.

Rasim müəllim fikrindən dönmədi, Bakıya qayıtdıq, Zaur roluna Fərhadı (Elbrus müəllim Fəxrəddin Manafova Fərhad deyə müraciət edir. Rasim Ocaqov da elə çağırarmış - N.M.) dəvət etdi və çəkilişlər üçün Leninqrada getdik. Fərhad Rasim müəllimin sevimlisiydi.

- Mehriban Xanlarova bizə müsahibəsində demişdi ki, Təhminə obrazına o da namizəd olub, hətta Fəxrəddin Manafovla sınaq çəkilişləri də baş tutub.

- Mən nə sınağı görmüşəm, nə də bu barədə eşitmişəm. Əslində Təhminəyə “Çalıquşu” serialı ilə məşhurlaşan aktrisa Aydan Şenər çəkilməli idi. Deyəsən, çox qonorar istəmişdi, ona görə Maral Konratı çəkdilər.

- “Bəyin oğurlanması” filminin çəkilişlərindəndir. Solda əlində güzgü olan özbək aktrisa Tamara Şakirovadır.

Firəngiz Mütəllimova da burdadır. Çəkilişlər Şamaxıda aparılırdı.

“Onlar getdi, mən qaldım”

- Rəşid Behbudovdur.

- Deməsəydiniz heç vaxt təxmin edə bilməzdim.

- “1001-ci qastrol” filmi üçün qrim edirdim. 1974-cü ilin filmidir. Rejissor Oktay Mir Qasım ekranlaşdırıb. Rəşid Behbudovla işləmək çox rahat idi. Mədəni insan idi. Onda 23 yaşım vardı.

- Yeri gəlmişkən, siz rəssam olmaq istəyirdiniz.

- 10-cu sinfi bitirəndə sənədlərimi Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə verdim. Dörd imtahandan dörd aldım, imla yazısında kəsildim. Bacım Svetlana dedi, bir il vaxtın var, gedək kinostudiyaya. Eləcə 1969-cu ildə “Azərbaycanfilm”ə gəldim. Bu il 48 ilim tamam olur. O vaxt kinostudiyanın direktoru Adil İsgəndərov idi. Məni qrim sexinə göndərdilər. Onda bu sex çox iri idi. Burda nə qədər qrim rəssamı çalışırdı. Sexin rəhbəri isə Georgi Parisaşvili idi. “Kəndlilər”, “O olmasın, bu olsun”, “Arşın mal alan” kimi filmlərində qrim rəssamı işləyib.

O bizə bığ, saqqal toxumağı öyrədirdi. Amma mənim əsas müəllimim Breznyakov oldu. Odessada təhsil almışdı. Nə öyrənmişəmsə elə ondan öyrənmişəm.

Masterimlə yeganə şəklimiz budur. “Yeddi oğul istərəm” filminin çəkilişlərindəndir. Bir dəfə elə bu masanın ətrafında oturmuşduq, Parisaşvili hamımıza ünvanlanan bir sual verdi: “Deyin görüm kim bu sənətlə sonuna kimi məşğul olacaq?” Dedim, mən çox qalmayacam, bir ildən sonra gedib, sənədlərimi Rəssamlıq Akademiyasına verəcəm. Hamısı bir ağızdan “biz qalacağıq” dedi. Tale elə gətirdi ki, onlar getdi, mən qaldım.

Bilirsiniz nəyə görə qaldım? Çünki çox maraqlı sənətdir. Xarakter tapmaq, kimisə qocaltmaq, kimisə yaşlandırmaq lazım gəlir. Hər zaman yaradıcı axtarış içindəsən... Müxtəlif ölkələrin aktyorları ilə çalışmaq imkanın olur. 48 illik sənət təcrübəmdə Amerika, İran, Türkiyə, Rusiyanın ən məşhur aktyorları ilə işləmişəm.

- Aktyoru qocaltmaq çətindir, yoxsa cavanlaşdırmaq?

- Qocaltmaq cavanlaşdırmaqdan daha asandır.

Məşhur gürcü aktyoru Avtandil Maxaradze, Vaqif Mustafayev və mən. “Nakəs” filminin çəkilişindən sonra yemək yeyir, limonad içirik.

“Şeyxzamanova saz çalmağı İsa Hüseynov öyrətdi”

- Bayaqdan “Tütək səsi” filmindən bir şəkil axtarıram.

- Bircə dəqiqə... Tapıldı. Safura İbrahimova ilə birgə şəklimizdir. O filmdən ancaq bu şəkil qalıb. “Tütək səsi” kinoda ilk müstəqil işim idi. O vaxta qədər köməkçi kimi “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Nəsimi” filmlərində çalışmışdım.

- Maraqlıdır, “Tütək səsi”nin ilk çəkiliş günü özünüzü necə hiss edirsiniz?

- Həmişə Rasim müəllimə rəhmət oxuyuram. Onda cavan oğlan idim, 22 yaşım olardı. İndiyə kimi bilmirəm elə ağır filmə niyə məhz məni seçmişdi. Bəlkə kimsə ona deyib ki, çalışqan oğlandı... Bilmirəm. Təklif etdi, razılıq verdim, amma sonra qorxdum... Məmmədrza Şeyxzamanovu, Yusif Vəliyevi, Mixail Volontiri görəndə həyəcan-qorxu bir-birinə qarışmışdı. Çəkiliş vaxtı qrimçi hər dəqiqə başı həyəcanda olur, çünki aktyorun bığı qopa, üzünə nəsə ola bilər. Ekranda da hər şey xırdalığına qədər görünür.

“Tütək səsi”ndən sonra təkliflər ard-arda gəldi: “Ad günü”, “Bizi bağışlayın”, “Dantenin yubileyi”, “Fəryad”, “Atları yəhərləyin”, “Ölsəm, bağışla”, “Üzeyir ömrü” və s.

- Elbrus müəllim, doğrudurmu ki, filmin ssenari müəllifi İsa Hüseynov çəkilişlərə tez- tez gələrmiş, İsfəndiyar kişini oynayan Məmmədrza Şeyxzamanova da saz çalmağı o öyrədib?

- Tez- tez yox, amma gəlirdi. Filmin çəkilişləri rayonda aparılırdı. O da rayona gəlib həm istirahət edirdi, həm də çəkilişlərlə maraqlanırdı. Məmmədrza Şeyxzamanov saz çala bilmirdi, İsa müəllim saz çalmağı tam anlamıyla olmasa da çəkilişlər üçün onu necə tutmağı, idarə etməyi başa salırdı.

“Həsənağa Turabovun qrimlə heç arası yox idi”

- Həsənağa Turabovdur. Parik və bığ-saqqal yoxlanışında çəkilib. Hansı rol üçün yoxlanış etdiyimiz yadımda deyil. Allah rəhmət eləsin, qrimlənməklə heç arası yox idi. Oturmağı ilə durmağı bir olurdu. İki dəqiqə keçməmiş durmaq istəyirdi.

- Hirslənmirdiniz?

- Üzündə gülüş, qaşını qaldıraraq başını yelləyir. Qrimlənmədən çəkilən aktyorlar da var. Sevmirlər də... Rusiyada da elə aktyorlar var. Kalyagin də qrimsiz çəkilir.

- Demək istəyirsiniz ki, Kalyagini nə “İstintaq”da, nə də “Özgə ömür”də onu qrim etməmisiniz?

  • Yox, qrimləmişəm, amma ümumən sevmirdi. Çox peşəkar, işini bilən aktyor idi. Rusiyada filmdə çəkilirdi, teatrda tamaşa oynayırdı. Ona görə “İstintaq” filmindəki çəkilişləri üçün biz Moskvaya getmişdik. Tamaşadan sonra bizim filmdə çəkilirdi, səhər yenə teatrdakı məşqinə tələsirdi. Görün nə qədər enerjisi vardı.

Bu da Fərhaddır (Fəxrəddin Manafovu nəzərdə tutur – N.M.). “Atları yəhərləyin” filmi üçün Qaçaq Nəbi obrazının fotosınaq çəkilişlərindəndir. Fərhadı Həsənağa Turabov özü dəvət etmişdi, Qaçaq Nəbi obrazına real namizəd idi, amma sonra Turabov dedi ki, özüm çəkiləcəm. Filmi Həsənağa Turabovla, Əbdül Mahmudbəyov çəkib. Mənim fikrimcə, Fərhad o rola daha çox yaraşırdı, çəkilsəydi daha maraqlı olardı. Turabov Nəbini bir az ağır oynadı.

- Fəxrəddin Manafov incimədi?

- Mən olsaydım, mən də inciyərdim.

- Ən çox hansı aktyorla işləmisiniz soruşmayacam, şəkillərdən də görünür ki, bu, Fəxrəddin Manafovdur.

- Çünki Rasim Ocaqovun bütün filmlərində işləmişəm, Fərhad demək olar ki, onun bütün filmlərində çəkilib.

“Otel otağı” filmində Fərhadın tipajını tapmaq çox çətin oldu. Fərhad cavan, amma rol gərəyi yaşlı görünməli idi. Rasim çox istəyirdi ki, o filmdə Fərhad çəkilsin. Fərhad bir gün gəldi, qrim otağında ikimiz əyləşdik, tipaj üçün müxtəlif variantları sınaqdan keçirdik. Çox bığ dəyişdik, nəsə xoşumuza gəldi. İkinci gün də ürəyimizə yatan bir şey olmadı. Üçüncü gün gələndə bığı da, saçı da dəyişdik. Baxdıq ki, xoşumuza gəlir. Sonra eynəyi də əlavə etdik. Deyilənə görə, pis alınmadı.

Fərhadla filmdə tərəf-müqabil də olmuşam. Oleq Səfərəliyevin “Əlvida, cənub şəhəri” filmində birgə çəkilmişik. Şəkillərin arasında o filmin çəkilişlərindən bir şəkil olmalıdır. Aktyorluğa da həvəs göstərmişəm. Vaxtilə Adil İsgəndərovun kinostudiyada açdığı üçillik aktyor kursunu da bitirmişəm. Xeyli filmlərdə epizodik rollarım olub. Rasim Ocaqov da məni çəkib. Deyirdi, ayağın düşərlidir.

“Stalinə bənzəyirdim”

- Baxın, bu şəkil Zaur Məhərrəmovun çəkdiyi “Əzablı yollarla” bədii-sənədli filmindəndir. Burda Stalin obrazındayam. Məmmədəmin Rəsulzadəyə həsr olunmuşdu. Filmin hazırlıq prosesində rejissor dedi ki, Stalin roluna hələ heç kimi tapmayıb. Dedim, məni çək. 20 ilin söhbəti olar, o vaxtlar Stalinə bənzərliyim var idi. Qrimi də özüm eləmişdim. Filmdə əsas işim Stalinin Rəsulzadə ilə görüşü anını canlandırmaq idi. Rəsulzadə rolunu nəvəsi Rəis Rəsulzadə oynayırdı.

“Mumdan heykəllər muzeyi yaratmaq istəyirdik”

- “Ekranda oynadığım rollara görə sizə minnətdaram. Əliniz var olsun. Hörmətlə Yaşar Nuri”. Bunu sizə yazıb?

- Yadigar olsun deyə verib mənə. Necə də ciddi-ciddi yazıb. Yaşarla dost idik. O vaxt mumdan düzəldilmiş heykəllərin muzeyini yaratmaq istəyirdik. Beş-altı heykəl də hazırlamışdıq. Yaşarın da mum heykəlini düzəltmək istəyirdik, o məqsədlə bura gəldi, şəklini çəkdik. Sonra dedim, gəl xatirə üçün bir şəkil çəkdirək. Özü qəsdən belə oturdu, mən də yanında dayandım.

- Bəs o muzeyin taleyi necə oldu?

- Qaldı, alınmadı.

Burda Aygün Kazımovanı qrim edirdik. Bir film çəkmək istəyirdilər. Səhv etmirəmsə, bir gün çəkilişləri də baş tutdu. Sonra deyəsən maliyyə ucbatından iş dayandı. Öz layihələri idi. Aygün xanım üzü yanıq izləri ilə əhatə olunan bir qızı canlandırmalı idi.

Bu, məşhur İran aktyoru Bəhruz Vüsaqidir. Vaxtilə Ququşun həyat yoldaşı olub. İslam İnqilabından sonra İrandan Amerikaya köçdü, sonra geri qayıtmadı. Bu şəkil ssenari müəllifi Rüstəm İbrahimbəyov olan “Dağıdılmış körpü” filminin qrim hazırlıqlarındandır. Hətta yadımdadır ki, filmə çəkilən ərəfədə Amerikada yaşayırdı. İranda qalan anası isə görüşmək üçün Astaraya getdi. Amma görüşə icazə vermədilər.

Elbrus müəllimlə fotolarla söhbəti bitirib, aktyor və aktrisaları qrimlədiyi otağını görməyə və hətta qrimlənməyə də can atırıq.

- Qrim ləvazimatların əksəriyyəti o otaqdadır. Gəlin gedək, fotoqraf qardaşımıza bığ, saqqal yapışdıraq.

Ensiz, balaca, təmirsiz otağa daxil olduq. İki qrim masası, qrim ləvazimatları, divarboyu asılan müxtəlif saç modellərini özündə əks etdirən fotolar və futbol komandalarının gerbləri... Hətta Monika Belluçi də burdadır.

Bir maraqlı yazıya rast gəldik.

- Əminəm, bunun maraqlı tarixçəsi var.

- Rejissor Fikrət Əliyev yazdırmışdı. Xahiş etdi ki, bunu elə burdan asım. Yazını oxuyan aktyorlar hərəsi bir cür reaksiya verir. Bəziləri gülür, bəziləri başa düşmək istəyir.

Elbrus müəllim danışa-danışa bizə otaqdakı qrim ləvazimatlarını göstərdi:

- Əvvəllər ləvazimatları özümüz hazırlayırdıq. İndi qrim vasitələrini istehsal edən bir firma var. İşimizi xeyli yüngülləşdiriblər. Qırışlar üçün pasta, arterial, venoz qan, hətta irini belə istehsal edirlər. Amma bığ və saqqalı bir-bir toxuyuruq. Sonra da xüsusi yapışqanla yapışdırırıq.

- Bir günə neçə bığ toxumaq mümkündür?

- Əl öyrəşəndən sonra bir günə üç bığ toxumaq olar. İki günə bir saqqal toxumaq mümkündür. Amma birinci dəfə toxuyan üçün düyünü bağlamaq çox çətin olur. Ona görə də çoxu elə həmin dövrlərdə qrimi atıb, gedirlər. Dözənlər üçün sonrası rahat olur.

Biz qrim sahəsi üzrə dünyadan 100 il geriyik. Görürsünüz də kinostudiyanın vəziyyətini... Neçə illərdir ki, kinostudiyanın təmir olunacağı deyilir, amma olunmur.

Əvvəllər hər il bizdən bir neçə qrimçini “Mosfilm”ə təcrübəyə göndərirdilər. Bir qrimçi üçün iki ay bir qrupla işləyib onların təcrübəsindən yararlanmaq, yeniliklərlə tanış olmaq böyük şans idi. İndi artıq göndərilmir. Yaxşı ssenarilər də yoxdur. Tək kinoda deyil, bir çox sahələrdə vəziyyət dəyişdi. Əvvəllər rejissorlar, operatorlar Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb vətənə qayıdırdılar. Öncə filmlərdə assistent kimi çalışırdılar, pillə-pillə təcrübə qazanıb, nəhayət, film çəkirdilər.

İndikilər Mədəniyyət və İncəsənət Universitetində oxuyurlar, özü də bilirəm necə oxuyurlar, sonra gəlib deyirlər ki, mən artıq rejissoram, operatoram, mənə film verin. Ona görə vəziyyətimiz yaxşı deyil. Bəlkə gələcəkdə düzələcək. Amma onu bilirəm ki, mənim vaxtım artıq gedib. Təqaüddəyəm, indi cavanlar işləməlidir.

- Ssenarisini oxuyub, razılıq vermədiyiniz filmlər olubmu?

- Axır vaxtlar olub, əvvəllər yox. Ələlxüsus son illər çəkilən komediyaları nəzərdə tuturam. Çox istərdim, nağıl filmi çəkilsin. Elə filmlərdə qrim rəssamının fantaziyası genişlənir.

Elbrus müəllim Elçinə əvvəl bığ, sonra saqqal yapışdırdı, ardınca başına papaq da qoydu. Bu da məşədi Elçin.

- Rasim Balayev heç vaxt üzünə yapışqan vurmağa icazə vermir. Dərisi götürmür, allergiya olur. Rol üçün özü bığ, saqqal saxlayır. Fuad Poladov, Nuriyyə Əhmədova ilə işləmək çox rahat idi. Təəssüf ki, həyatı gətirmədi. Hacı İsmayılov isə heç qocalmır. Amaliya Pənahova qrimdə çox tələbkardır. Dəqiq tipajı istəyir.

Leyla Bədilbəyli elə mülayim qadın idi. Kinostudiyaya gələn kimi həyətdə itləri yedizdirirdi. Otağı bu otağımıza yaxın yerləşirdi. Jaket toxuyurdu, sonra deyirdi, Elbrus, gəl bax gör necə toxumuşam. Otağımıza da gələndə birimizə konfet, birimizə peçenye verərdi.

O vaxtın aktyorları çox mədəni, tərbiyəli idilər. İndikilərlə, ələlxüsus da qadın aktrisalarla işləmək çox çətindir. Bir istəkləri var: ekranda gözəl görünsünlər. Başa sala bilmirəm ki, obraz bunu tələb etmir. Qrim edirəm, gedir, sonra gəlib mənə deyirlər ki, kənarda özündən əlavələr edir. Qadın aktrisa olanda köməkçilərimə həvalə edirəm. Əsəbiləşmək istəmirəm.

- Qrim zamanı yəqin başınıza maraqlı hadisələr də gəlib...

- Gənc idim, köməkçi işlədiyim filmlərin birində bir qoca kişiyə bığ qoyub, qrim etməli idim. Birdən kişinin ağzındakı protezi düşdü. Çaşıb qaldım. Bir dəfə də filmin çəkilişləri bitir, mən də tez-bazar aktyorlardan qrim ləvazimatlarını geri alıram. Çünki çəkiliş bitən kimi hamı evə tələsir. Tələskənlikdən qoca kişinin öz bığını dartmışdım.

Söhbəti yekunlaşdırıb, otağı tərk edəndə o biri qrim masasının üzərində bir şəkil diqqətimi çəkdi.

- Deyəsən məclisdəsiniz?

- Aktyor Ənvər Həsənovla Möminat xanımın toyunda idik. Rasim Balayev, Elxan Qasımov, Şeyx Əbdül, Arif Babayev də ordadı. O gündən belə bir xatirə qaldı.

Bu yazı da Elbrus müəllimlə görüşümüzdən xatirə qalacaq.

Foto: Elçin Murad


Müəllif: Nərmin Muradova