18 Sentyabr 2017 19:26
1 186
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xüsusi dəvətlə teatra getməyin öz ləzzəti var, özü də ikinəfərlik ola, bu lap əntiqə.

Yol aldıq Azərbaycan Musiqili Komediya teatrına. Teatrın qapısından içəri daxil olan kimi teatrın rəhbəri Əliqismət Lalayevi görürəm. Özü təbəssümlə şəxsən qonaqları qarşılayır, teatrın gənc işçiləri gələnlərə zalı göstərir. Baxmayaraq ki, teatra olan marağın azaldığını deyirlər, mən bunun əksini görürəm. Yeni mövsümün açılışıdır, "Ər və arvad" tamaşası səhnəyə qoyulub. 1910-cu ildə bu teatrın əsası elə bu tamaşayla qoyulmuşdu. Əliqismət bəyin köməkçisi ilə qısa söhbətimizdə qeyd edir ki, bu, teatrın tamaşaçılar tərəfindən böyük maraqla qarşıladığı, ən uğurlu tamaşalarından biridir.

Tamaşaya az qalmış, bir də telefonumu açıb "Ər və arvad"la bağlı məlumatlanıram. İstəyirəm bunu sizinlə də bölüşüm.

"Bu il Üzeyir bəyin yaratdığı ilk operettanın – “Ər və arvad”ın 100 yaşı tamam olur. 1909-cu ildə librettosunu və musiqisini yazdığı “Ər və arvad” operettası ilə Üzeyir bəy Hacıbəyli bütün Şərqdə operetta janrının bünövrəsini qoydu və sonra daha iki əsər – “O olmasın, bu olsun” və “Arşın mal alan”ı qələmə alaraq səhnə üçün operetta trilogiyasını yaratdı. Üzeyir bəyin bütün əsərlərində olduğu kimi, “Ər və arvad”da da qadın azadlığı problemi qırmızı xətlə keçir. Əsərin ailə-məişət məsələləri, müsəlman qadınlarının hüquqsuz vəziyyətinin təsviri əsasında qurulmuş süjet xətti çox sadə olsa da, düşündürücüdür. Burada müəllif sətiraltı deyimlərlə XX əsrin əvvəllərində cəmiyyətdə hökm sürən yalançı millətpərəstliyi, hər zaman Şərq ölkələrinin daxili işlərinə qarışan Avropa, xüsusilə çar Rusiyası hökümətinin siyasətini, xalqın dilinə yad olan qəzetləri və milli dildən uzaq düşən qəzetçiləri, eləcə də o dövrdə geniş yayılmış çoxarvadlılıq məsələlərini məharətlə ifşa edir".

Daxil oluruq zala, əyləşirik yerlərimizə. Ön cərgədən başqa hər yer doludur. "Buyursun, teatrın bədii rəhbəri Telli Pənahqızı" səsini eşitdik. Səhnəyə Telli xanımla iyirmiyə yaxın aktyor və aktrisa heyəti çıxır. Telli xanım teatrın keçən mövsümündən danışır, rəhbərlik tərəfindən xüsusi, təltiflənən adamların adını çəkir. Və 20 nəfərdən 15-i məhz boş saxlanılan ön sıraya əyləşir. Zalın lojalarında da əyləşənlər var. Çox qəribə qoxusu var zalın. Bu qoxunun adı nədir, bilmirəm, amma adama dinclik gətirir. Qısa musiqili açılış, Joker obrazında oynayan Roman Krasnov, masada qumar oynayan kişilər səhnəciyi açır. Səhnədə baş verənləri yazsam, uzun çəkər. Həm də yazmıram, baxmağa gəlməyənlər özlərindən küssün. Sadəcə, xırda qeydlər apardım. Əvvəla onu deyim ki, bircə Kərbəlayi Qubad obrazını oynayan Möylə Mirzəliyevin çıxışını uğursuz hesab edirəm. Məncə, düzgün aktyor seçimi deyildi. Obrazın ruhunu çatdırmadığını zaldakı reaksiyadan hiss elədim. 2010-cu ildə Yaşar Nuri bu obrazı mükəmməl yaradıb.

Ər - Mərcan bəy obrazını İlham Namiq Kamal oynayırdı. Xüsusilə, tamaşaçılarla işləmək qabiliyyəti çox xoşagələn idi. Amma yaşla bağlı idi, ya da səbəbi nə idi bilmirəm, İlham bəy səhnənin musiqili hissələrində həmişə orkestrdən geri qalırdı. İmprovizələrinə isə sözüm yox.

Arvad - Minnət xanım obrazını canlandıran Nahidə Orucova öz rolunu kifayət qədər təbii oynayırdı. Yəni, bu obraz əsl Nahidə xanımlıq idi.

Epizod: Əsas qəhrəman dövlətli, təhsil almış Mərcan bəy arvadı Minnət xanım ondan pul istəyəndə belə deyir:

“Cibimdə beş-altı şahı var, o da özümə lazımdır. Bu gün müsəlman qəzeti alıb oxuyacağam. Daha bundan sonra mən millətpərəst olmuşam. Minnət xanımın “Bura ver pulu! Mən özüm aldıraram, oxuyarsan” söyləyəndə isə Mərcan bəy dillənir: “Minnət! Sənin bu cürə hərəkətin çox pis hərəkətlərin birisidir. Heç bilirsən, bu cürə hərəkətlərin adına rusca nə deyirlər? Bu hərəkətlərə deyirlər: vmeşatelstvo vo vnutrennie dela, yəni mənim məxsusi işimə qarışırsan. Qoymursan ki, mən öz işimi özüm görüm… Ara-bir görünən xor səhnələri müəllifin münasibətini ortaya qoyur. Nökər Səfi obrazını ifa edən aktyorumuz Elxan İsmayılovsa demək olar ki, səhnədə ilk göründüyü vaxtdan öz ifası ilə tamaşanı da, tamaşaçıları da ələ aldı.

Obrazın özünün xüsusi seçilməyi, üstəlik də Elxanın bu rolun ustalıqla öhdəsindən gəlməyi tamaşaçıda da xoş təəssüratlar oyatdı. Tamaşa vaxtı xor səhnələrinə fikir verdim, nökəri oynayan Elxan deyəsən qrip idi. Gah tərini, gah burnunu silirdi. Təbii ki, buna baxmayaraq, hər şey qaydasında idi.

Daha sonra Gülpəri rolunu ifa edən aktrisamız Gülcahan Salamova da tamaşıçının üzünü öz ifasıyla güldürməyi bacarırdı. Xüsusən də Minnət xanımın Gülpəriyə Mərcana bəyə qurduğu tələdə kömək etməyi deyəndə. Gülpəri də kişi üzünə həsrət qalan qadındır.

Ümumilikdə, tamaşanın nəticəsi Mərcan bəyin onu boşamaq istəyindən xəbər tutan Minnət xanımın ona tələ qurmağı, Mərcan bəyinsə bu tələyə Kəbleyi Qubadın hesabına düşməyi ilə bitir. Kəbleyi də öz arvadı ola-ola bilmədən Gülpəriylə kəbin kəsdirmiş olur. Toy mərasiminin sonunda iki dəqiqəlik Kəbleyinin birinci arvadı rolunu ifa edən Fatma Mahmudova da sübut elədi ki, rolun böyüyü-kiçiyi olmur.

Tamaşa bitir, zalda 5 dəqiqədən də çox alqış səsi kəsilmir. İlham Namiq Kamalın meydangirliyi alqışları daha da sürətləndirir. Ər və arvad tamaşası üçün teatr pərdəsi bağlanır, amma həyat davam edir, həyatda bu tamaşanın pərdəsi dünyanın sonuna kimi bağlanmayacaq. Həyatımızda daima Mərcan bəylər pullu qadın axtaracaq, Minnət xanımlar heç də həmişə belə hiyləgər olmayacaq, heç vaxt nökərləri teatrdakı qədər sevməyəcəyik. Ruhun şad olsun, Üzeyir bəy!


Müəllif: Emin Akif