25 İyul 2014 11:38
2 252
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Nabat” filmi Venesiya Kinoforumunun təşkilatçıları tərəfindən müsabiqəyə daxil edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı “Azərbaycanfilm”in Facebook səhifəsi yayıb. Məlumatda bildirilir ki, “Nabat” dünyanın prestijli festivallarından olan festivalın “Orizzonti” proqramında nümayiş ediləcək:

““Azərbaycanfilm” kinostudiyası 2014- cü ildə milli kino tariximizdə bir çox yeniliklərə imza atmaqdadır. Neçə illərdir sanki Kanndan başqa festival tanımayan Azərbaycan ictimaiyyəti bu il Kannda “Sonuncu” filminin iştirakını eşidəndə birinci şoku yaşadı. Bu film festivalın qısametraj bölümündə 3500 film arasından seçilərək 9 film arasına düşdü. Uzun müddət bu barədə müzakirələr getdi, təbriklər yağdırıldı. Səs-küy səngiməyə başlamışdı ki, kinostudiyanın istehsalı olan “Axınla aşağı” bədii filmi dünyanın daha bir böyük festivalı olan, Karlovı Varı Film Festivalının Şərq-Qərb proqramına daxil oldu. Filmin rejissoru Asif Rüstəmov, prodüseri Müşfiq Hətəmov həmin festivalda filmin dünya premyerasında iştirak etdilər.

“Axınla aşağı” filminin həmin festivalda iştirakı deyəsən elə “dünən” səngimişdi ki, bu gün də “Azərbaycanfilm” kinostudiyasının daha bir uğuru ictimaiyyətə təqdim olunur - “Nabat” filmi Avropanın ən böyük festivallarından olan Venesiya Kinoforumunun təşkilatçıları tərəfindən müsabiqəyə daxil edilib. Hələ il başa çatmayıb, amma “Azərbaycanfilm” kinostudiyası bir neçə ay ərzində 3 böyük Beynəlxalq Kino Festivalda iştirak etmək şansı əldə edib. Bütün bunlar “Azərbaycanfilm” kinostudiyasının beynəlxalq şirkətlərlə ayaqlaşdığını, onlarla bir sırada dayana bilmək qüdrətini göstərir. Dünya kino bazarının demək olar ki, bir addımlığındayıq, sadəcə cəsarətli olub bir-birimizi dəstəkləməliyik….”

Qeyd edək ki, filmin quruluşçu rejissoru Elçin Musaoğlu, rejissoru Rövşən Ağayev, quruluşçu operatoru Abdul Rəhim Beşarat, quruluşçu rəssamı Şahin Həsənli, icraçı prodüseri Arif Səfərovdur. Rollarda İrandan dəvət olunmuş baş rol ifaçısı Motamed Arya Fatemeh, Zeynalov Ramil, Məmmədova Rəhilə, Səfərov Həsənağa, Məmmədov Sabir, Məmmədəliyev Vüqar və başqaları çəkilib.

Pərvin


Müəllif: