24 Sentyabr 2017 22:14
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı özünün 90-cı yubiley mövsümünə start verib.

Bu barədə məlumat Teleqraf.com-a teatrın mətbuat xidmətindən verilib.
Tədbirdə əvvəlcə teatrın direktoru, əməkdar artist Mübariz Həmidov çıxış edib.

Teatrın veteran aktyorları və ötən mövsümdə “Sima” mükafatına layiq görülmüş əməkdaşları mövsümün açılışı ilə əlaqədar tamaşaçıları təbrik ediblər. Direktor çıxışı zamanı diqqətə çatdırıb ki, bu il Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı özünün 90 illik yubileyinə hazırlaşır:

“Bu gündən etibarən nümayiş olunan hər bir tamaşa həm də yubiley ərəfəsində tamaşaçılara bir hədiyyədir. Teatrın tarixi, vaxtilə bu sənət ocağında çalışan unudulmaz aktyorlar haqqında danışan M.Həmidov ötən mövsümdə qazanılan uğurlardan söz açaraq deyib ki, teatr yola saldığımız 89-cu mövsümdə bir çox xarici ölkələrdə keçirilən festivallarda uğurla çıxış edib, aktyorlarımız bu festivallardan diplomlarla və qalibiyyətlə vətənə qayıdıblar. Bundan əlavə, ötən mövsümdə 10-dan artıq yeni tamaşa səhnə həllini taparaq tamaşaçıların ixtiyarına verilib”.
Mövsümün açılışı ilə əlaqədar çıxış edən teatrın baş rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi Bəhram Osmanov, xalq artistləri Cənnət Səlimova, Yasin Qarayev tamaşaçıları teatrın səhnəsində nümayiş olunan bir-birindən maraqlı tamaşalara dəvət edərək, yeni mövsümdə həm kollektivə, həm də tamaşaçılara uğurlar arzulayıblar.

Sonda teatrın səhnəsində M.F.Axundzadənin “Hekayəti-Xırs-Quldurbasan” tamaşası nümayiş olunub.


Müəllif: Könül