25 Sentyabr 2017 08:20
1 745
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qiraət otağı”nda növbəti hekayə Emin Akifdən:

Atamın ruhu

Yuxulayıb qaldığım xalçanın üstündən atamın qucağında gedirdim yatağıma. Üstümü bərk-bərk örtəndə üzümdə hiss edirdim anamın əllərini, öpüşünü. Hələ mənim həyatım çərçivələrdən çıxmamışdı. Atamla evdə ata-oğul, çöldə isə həm dost, həm də iş yoldaşı idik. Onunla qarış-qarış xatirələrim var bu ölkədə, bu şəhərdə.

Qəfildən bütün çərçivələr sındı. Hə, elə o gecə... Beş dəqiqəlik yolu bir saata gələn təcili yardım həkiminin "anana, qohumlarına xəbər elə, gəlsinlər, keçinir" deməsindən sonra. Axı, həmin gün anam evdə deyildi. Yadıma düşür, atam həmişə zarafatla anama deyərdi ki, "mən ölümümlə belə sənə əziyyət verməyəcəm". Hə, anam görmədi atamın ölümqabağı çəkdiyi əziyyəti. Üç ay sərasər hər gecə yadıma düşdükcə ağladım.

Doğmalarını itirən ailələrin o biri dünyaya inamının ən şahanə dövrü başlayır. Elə bizdə də. Məsələn, evə pul gələndə deyir:

- Atanı yuxuda gördüm, pul verirdi bizə, üzünə qurban olum onun, düşərlidir...

Ya da aramızda olan anlaşılmazlıqların, mübahisələrin sonrakı günü deyir:

- Atan yuxuda mənim üstümə qışqırdığına görə səni elə döyürdü, indi döyməsin...

Lap fəhləliyə gedəndə, özümdən, səhhətimdən ağır işlərə girəndə də.

- Atan məni yuxuda danladı. Ki, niyə sənin ağır işlərə girməyinə icazə vermişəm. Nolar, getmə o işə.

Bu yuxular həqiqətənmi doğmalarımızın bizimlə əlaqəsidir? Arada çaş-baş qalıram. Atamı hər dəqiqə fikirləşən anamın yuxuları onu idarə eləyir.

- Gecə yuxuma gəlib üzümə şillə vurdu, dedi ki, az ağla.

Görünür, bu silləylə anamda özünə az da olsa nifrət yaratmaq istəyibmiş.

Hə, adamlar doğmalarını itirəndə o biri dünyanı qazanırlar.

Getdikcə evin bir guşəsi ibadətgaha dönür. Anam and içir divarın başına, yəni, atamın divardakı rəsminə. Hərdən elə bilirəm, atam da o divardan danışır onunla. Hə, adamlar şəkillərdə sağ qalır, dost.

Getdikcə mən də inanmağa başlayıram o dünyayla bu dünyanın əlaqəsinə. Nöşün? Onçün ki, bir dəfə çox qəribə hadisə gəldi başımıza. Qışın ortasında işığımızın kəsilən günlərindən birində iki şam yandırıb qoyduq masanın üstünə. Anam möhkəm-möhkəm tapşıra ki, yatanda şamı söndürməyi unutma. Mənim də bu huşsuz başımda şammı qalar. Yatmışammış...

- Emin, dur. Emiiiiiiin, duuur! Ev yanır e, ev yanır.

Oyanıb kreslonun, masanın yandığını görən kimi əlimdə iki qəhvədanla özümə əl qatdım. Nə isə. Yanğını sovuşdurduq, tüstü evdən çıxana kimi həmin gecə küçədə qaldıq. İndi adama sual verərlər ki, a bala, burada nə qəribəlik var?! Yox, əzizim. Qəribəsi anamın dedikləri idi.

- Bala, o gün evdə yanğın çıxanda əgər oyanmasaydım, tüstüdə boğulub öləcəkdik.

- Hə, ana. Bağışla mənim səhlənkarlığımı.

- Bala, onu boş ver. Bilirsən necə oyandım?

- Necə?

- Atan yuxuma girmişdi, elə hey qışqırırdı. "Durun, durun, qalxın ayağa, ev yanır, ev yanır". Məni oyadan atan oldu, atan, yoxsa ölmüşdük.

Elə çətindir, bütün yükü tək çəkmək, elə çətindir ki, evin tək övladı olmaq. düşünürəm ki, bacım olsaydı, adı Sənubər olardı, qardaşımınsa Yaşar. Sənubər yaşca məndən böyük olardı, xəlvətə çəkib "Ana bilməsin siqaret çəkməyimi" deyərdim. Sənubərin saçlarıyla oynayardım. Elə bilərdim ki, qadın dünyanın ən etibarlı ağacıdır, onun kölgəsində bütün əzabların istisindən, əzabından qorunmaq olar. Qardaşım Yaşar da məndən böyük olduğuna görə arxamda qardaş nəfəsi hiss edərdim. Elə bilərdim ki, qardaş, dünyanın ən möhkəm qayığıdır. Bu problemlərin dərinliyində, təlatümündə məni batmağa qoymayacaq. Və ən çox da atam dünyasını dəyişəndə qaçıb Sənubərin dizlərinə ağlayardım. Yaşar bir şillə çəkərdi üzümə. Ki, yekə kişisən, bundan sonra Sənubərə də, anaya da biz ikimiz baxmalıyıq. Anamın da qucaqlayıb ağlamağa, evdə həmdəm olmağa bir qızı olardı.

Amma... atam sağ olanda soruşurdum ki, niyə mən təkəm? Cəsarətin çatmadı iki-üç uşağı saxlamağa? Demişdi ki, iki qardaşım dünyasını dəyişib, birinin 7 qızı, birinin 3 övladı yetim qalıb. İndi mənim üstümdə həm də onların yükü var. Ona görə də sənin tək olmağını məsləhət bilmişəm. Əslində, nə qədər də bu təklikdən məmnun olmasam da, çox əclaf sual verdiyimi indi anlayıram.

Tək olmaq hardasa belə bir hisdir. Mən evə gələnə kimi anamın beynində 3 dəfə küçə xuliqanlarıyla dalaşıram, 4 dəfə qəzaya düşürəm, 5 dəfə polisə düşürəm, 6 dəfə içkimə zəhər qatırlar, 7 dəfə siqaret əvəzinə nəşə verirlər, mən də bilmədən çəkirəm, 8 dəfə məni pis-pis xalalar yoldan çıxarır, QİÇS-ə yoluxuram. Və beləcə, başıma min bəla gəlir. Özümü lap 17 ildir min cür bəladan sağ çıxan Polad Ələmdar kimi hiss edirəm.

Əgər evə gec gəlirəmsə, anam qapını açıb ildırım sürətilə məndən çevrilib qaçır otağa. Bu hal onun küsməyini bildirir.

Əgər nahara pomidor-yumurta, doğramac, qarpız-pendir yeyəcəyiksə, deməli, o yorğundu, yemək bişirə bilməyib.

Əgər ana o yan bu yanıma fırlanıb "balamı çox istəyirəm, atan mənim xətrimə dəymirdi" deyirsə, demək, ya siqaret çəkməməyimi, ya üzümü qırxmağımı istəyir.

Kişiləri kodlaşdıran qadınlar, axxx…

Atamı itirəndən sonra gecələri tez-tez oyanıram. Ki, görüm anam nəfəs alır, ya yox. Bəzən nəfəsini o qədər xəfif və səssiz alar ki, qorxarsan, yaşayırmı? Bəzən bərkdən öskürərsən, diksindisə, oyandısa, sevinərsən. Çox əclaf bir qorxu. Elə bil ki, səhər harasa gedəcəksən, gecikməyəsən deyə durub tez-tez saata baxırsan. Çox əclaf cümlədir, içini yeyir hər gün: - Hə, nəfəs alır, sağdır!

Çətin idi, gücüm çatmırdı. Atamı xalçanın üstündən aparıb məzarına qoymağa, üstünü bərk-bərk örtməyə. Ki, üşüməsin...


Müəllif: Emin Akif