28 Sentyabr 2017 08:24
2 835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hədiyyə Şəfaqətin yeni şeirləri “Qiraətçi”də

Teleqraf.com təqdim edir:

Ağacların saçlarını tökməsidir payız

Ağacların

Təklənmiş, atılmış,

Kimsəsiz görünməsidir payız...

Tükənər

Torpağın sevgisi, bəsləyişi,

Yavaş-yavaş quruyar uc budaqları

Qan çatmaz ən nazik damarlarına -

Üşüyər əl barmaqları, üşüyər ayaq barmaqları...

Günəşin qarşısında

ölüm-dirim mübarizəsidir tənhalıq

Üzüntüsünü gizlədib saxlayar ağaclar

yaşıllığının yalanında,

Saxlayar

Saxlayar,

Bir də istəyər ki, ölməsin...

Sonra

Payız yağışlarının altında

Ağlayar ağaclar

Ağlayar ağaclar...

Ki

Kimsə görməsin...

***

...Xəyalımın Tiflis küçələri kədərlidir,

Rafiq əfəndi

Mən heç

Yuxularımda da görməmişəm o şəhəri,

Amma bəlkə də gəlib,

Gəlib orda ağladım...

Gözümün

Daş yaddaşına sevgisi kimidir Kür

Ağac yaşılına tutqusu kimidir

qədim kilsələrin divarları

Göy ənginliyinə güvəni kimidir

Kiçik bir kafenin pəncərəyə yaxın masası

Mənə oranı saxladın...

Ağ fəvvarələrin işığında

Gedən birinin kölgəsi görünəcək gözümə...

Siz ki bilirsiniz

Nə deməkdir bu...

Nə deməkdir acı...

Nə deməkdir qaçıb

Tiflisə sığınmaq adamlardan...

Gəlim....

Eh,

Qədim şəhər, mən ki sığışmıram özüm-özümə

Sən də sığışdıra bilməzsən...

Tiflis,

Ürəyini mənə yox,

Əbədi Qadına aç,

İllərdir ən həqiqi etirafı gözləyir

Sololaki təpəsindəki heykəli...

...Bir parça oktyabr payızı

İndidən...

***

...Geri qaytarsın yuxularımdakı heçnəsizliyi,

Geri qaytarsın

əllərimdəki tənhalığı və kimsəsizliyi axşam...

Azadlığıma dartınıram

bulanıq suların sahilində,

Balıqçı qayığı körpüdə ləngər vururdu,

Xatırlayıram -

İçimə ümid doğurdu...

...Bəlkə də son çırpınışlarıdır kəpənəyin aynalara

Son su damcılarını silib-aparıb yad əllər çoxdan

Yad evlərdə...

Yad adamlar baxır pəncərələrdən işıqlara

İndi o qapılar yad adamlar üçün döyülür...

...Gecənin dərinliyinə doğru boşluq...

Boşluğu yazmaq...

Çıxıb getmişsə kəlmələr-getmişliyi...

Sancı

Ürəyimizin olmasından deyil,

ağrısından xəbər verir,

İndi mənim günahım nədir –

hər yerimdə ağrı döyünür...

Gözlərimi sıxıb üzümü söykəmişəm qaranlığa,

Günəş doğmayacaq -

Oxunmayan məktubların müəllifi

Sakitcə ölür...

***

Pianino...

İlk dəfə dillərin üzərində gəzişən əllərin

melodiyası

Qaranlıq dəhlizlərdə küləyin ahəstə iniltisi...

Baxışlar uzaqlarda yaşadığı

çırpınışları çəkib gətirib

Heç yerdə bəstələnməmiş səslərin sevişməsi

Qapalı gözlərin görüntüsündə...

İlahi, barmaqlar

İlahi, barmaqlar

İlahi,

Barmaqlar....

Kor adamın qapını axtarmasıdır

dillərin üstündə gəzişmələr

Hara gedirsiniz?...

Kip bağlanmış pərdənin arasından

Günəşin ilk şəfəqləri dolur içəri...

Hər toxunuş bir qadın öpüşüdür

çoxdan unudulması istənən yaralara

Göz yaşları və gülümsəmə

açılan səhərin üzüntüsündə...

- Nədir bu, heç duymadım? - söyləyir

Qapının ağzında donub dayanmış

musiqi müəlliməsi:

- Nədir bu, ifa edirsiniz...

Səslər mənə sarı boylanır

lal divarın güzgüsündən...

Redaksiyadan:

Oktyabrın 1-i "Kitabsevərlər" qrupunun təşkilatçılığıyla Hədiyyə Şəfaqətin bir müddət əvvəl çap edilmiş “Qapı” şeirlər kitabının təqdimatı və imza günü keçiriləcək.

Kitab VEKTOR nəşrlər evində çap olunub.

Müəllifin də iştirak edəcəyi təqdimat saat 15-00-dan 17-00-dək BookZone Kitab Evində baş tutacaq. Oxucular həm də əldə etdikləri kitabları imzalatdıra biləcəklər.

Ünvan:

BookZone Kitab Evi. Bəxtiyar Vahabzadə küçəsi 5. Elmlər Akademiyası metrostansiyasının təzə çıxışı, BDU ilə üzbəüz, Express Bank olan binanın 3-cü mərtəbəsi.


Müəllif: Teleqraf.com