28 Sentyabr 2017 00:43
3 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mirzə Fətəli Axundzadənin əsərlərinin Türkiyədə nəşr tarixi ilə bağlı dünən yazdığımız məqalədən sonra araşdırmamızı davam etdirdik.

Dünən qeyd etdik ki, İstanbulda keçirilən 11-ci antik kitab festivalından əldə etdiyimiz “Lənkəran vəziri” komediyası Axundzadənin Türkiyədə nəşr olunan bizə bəlli ilk əsəridir.

Kurşunluzadə Raşit tərəfindən alman dilindən tərcümə edilən bu kitabda nəşr ili yazılmadığı üçün internetdə apardığımız araşdırma nəticəsində 1935-ci il üzərində dayanmışdıq. Amma yanılmışıq. Daha öncə çap olunubmuş.

Bununla bağlı araşdırma apararkən mühacir professor Əhməd Cəfəroğlunun Türkiyədə nəşr etdirdiyi “Azərbaycan Yurd Bilgisi” adlı jurnalda resenziyasına rast gəldik.

Ə.Cəfəroğlu yazısında bir tərəfdən belə bir addıma görə həm mətbəəni, həm də tərcüməçini təqdir edir, digər tərəfdən Axundzadənin yanlış təqdim edilməsinə qarşı çıxır.

Cəfəroğlunun bu yazısı dərginin 1932-ci ildə yayımlanan 6-7-ci qoşasayında çap olunduğuna görə, kitabın nəşri də ən azından 1932-ci il hesab edilməlidir.

Axundadənin Türkiyədə çap olunmuş ilk əsəri ilə bağlı yazılmış ilk resenziya maraq doğuracağına görə, Cəfəroğlunun yazısını türkcəmizə uyğunlaşdıraraq təqdim edirik:

***
Reklam mətbəəsi-İstanbul kitabxanası tərəfindən çıxarılan “Əcnəbi müəlliflər kolleksiyası” seriyasının 21-ci kitabı azəri mühərrirlərindən Mirzə Fətəlinin bir komediyasıdır. Təqribən 1853-cü ildən etibarən fars, alman, isveç, rus, fransız kimi mühüm əcnəbi dillərə əsərləri tərcümə edilən bu nəhəng azərinin vəfatından 54 il sonra İstanbul türkcəsiylə də heç olmasa bir əsərinin nəşri, şübhəsiz ki, gec olmasına rəğmən önəmli bir hadisədir. Türk dünyasına ilk latın hərflərini təklif edən, dramaturq, mühərrir, şair və millətpərvər Mirzə Fətəli hələ 1863-cü ildə əlifba islahatı məqsədilə İstanbuladək gəlib, dolayısı ilə özünü də Türkiyə mühitinə tanıdıb. Buna baxmayaraq, Türkiyə mətbuatı 65 il kimi uzun bir zaman ərzində bu türk mütəfəkkirinə qarşı daim sükut etməkdən başqa bir iş görməyib. Bu sükutu sonlandırmağa çalışan Kurşunluzadənin bu təşəbbüsü, şübhəsiz ki, xüsusi təqdirə layiqdir.

Lakin, təəssüf ki, xüsusi diqqətlə və nəfis şəkildə İstanbulda ilk dəfə hazırlanan Mirzə Fətəlinin əsərinin nəşrində ilk böyük və yersiz qüsur kitabın üz səhifəsinin başına və iç səhifəsinə böyük və qırmızı mürəkkəblə yazılan “Əcnəbi müəlliflər kolleksiyası” cümləsidir. Bu lüzumsuz və göstərişdən ibarət cümlə ilə nəhəng bir azəri, dolayısı ilə bir türk mütəfəkkirini ayırma təəssübü ilə, özünün də bu qədər əmək sərf etdiyi və dilinin islahı üçün çalışdığı mühitdən ayırmaq hər azəri türkünü nə qədər mütəəssir edirsə, eyni zamanda həmcins və həmdil iki qardaş olan azəri və Anadolu türkünün ədəbiyyat, dil və müştərək dəyərlərini parçalamaq da eyni dərəcədə hər türkü məmnun etməyəcəkdir. Mirzə Fətəli əsl-nəcabəti türk olduğu halda, onu Türkiyə mühitinə əcnəbi olaraq tanıtmaqdakı kəramət, əcəba nədir? Başa düşülməsi çox çətin olan bir məsələdir. Əgər məqsəd azəri türk müəlliflərini Anadolu mühərrirlərinə və dolayısı ilə azəri türklərini Anadolu türklərinə xarici kimi tanıtmaqdırsa, bu halda Füzuli və Nəsimi kimi böyük türk şairlərini də “xarici” azəri tərəfinə sıxışdırıb, ümumi türk ədəbiyyatı çərçivəsindən kənarda tutmaq lazımdır. Halbuki, daha bu yaxınlarda Ulu Qazinin (Atatürkün – D.Ə) göstərişi ilə Ankarada toplanan ilk Türk Tarix Qurultayında türk ittihadının ana vətəni, mənşəyi, mədəniyyəti və bütün mövcudiyyəti ayrıseçkilik güdülmədən bir bütün halında araşdırılmaqda idi. Bu gün isə İstanbulda Kurşunluzadələr “reklam”çıların təşviqi ilə türklük ittihadını “xarici” kimi cümlələr altında ayırırlar. Kaş ki, Türkiyə mətbuatı köhnə biganəliyini saxlayaydı, azərilərin elmi-iftixarını təmsil edən Mirzə Fətəli Türkiyə gəncliyinə xarici kimi tanıdılmayaydı.

Əsərin qüsuru təkcə bununla bitmir. Bu dəfə Kurşunluzadə altı cümlədən ibarət və tərcüməsinin başına əlavə etdiyi müqəddimədə “xarici” Mirzə Fətəlini azəri mühərriri kimi deyil, bir rus zabiti olaraq mühitə təqdim edir. Mütərcimə görə (Müqəddimə, səhifə 3), Mirzə Fətəli “rus ordusu zabitlərindən mülhəq yüzbaşı” imiş. Məhz burada, Kurşunluzadə iynənin ucu ilə yalanın tam keçəl başına tuş gəlib. Zavallı azərinin Axundzadəsi böyük bir iftiraya qurban gedib. Mirzə Fətəli həyatında heç bir vaxt nə rus ordusuna daxil olub, nə də Tiflis qarnizonunda xidmət edib. Mirzəni tanıyanlar və haqqında tədqiqat aparanlar onun əvvəlcə dini bir məsləyə daxil olmaq arzusunda olduğunu, lakin sonda Ümumi Qafqaz canişinliyinin mütərcimliyində işə qəbul olunduğunu qeyd edirlər (Bertels E. Oçerki İstorii persidskoy litaraturıy. Leninqrad, 1928, s.129). Fətəli özünün şəxsən yazdığı tərcümeyi-halında vəzifəsini qətiyyən gizlətməyərək bu cür təsvir edib: “Bilmirəm, hansı bir dil ilə bu sərdarın, yəni Baron Rozenin yaxşılıqlarını zikr edib şükrü-güzarını yerinə yetirim. Bu əmir ikinci atamın iltimasını qəbul edib iltifat və mərhəmətini mənim haqqımda zahir qıldı ki, tamamını vəsf etməkdə acizəm. Həmin vaxtdan bu günə kimi mən Qafqaz sərdarlarının nəzdində şərq dilləri mütərcimi olub hər birindən xüsusi iltifat və mərhəmət görmüşəm”. (Firudin Köçərli, “Azərbaycan ədəbiyyatı materialları”, cild 1, hissə 11, s. 472-473).

Budur, Mirzənin özü haqqında verdiyi məlumatdan da anlaşıldığı kimi, qətiyyən rus zabiti olmayıb, yalnız Şərq dilləri üzrə tərcüməçi vəzifəsində işləyib. Əcəba, məharətli Kurşunluzadə bu keyfi məlumatı haradan götürüb?

Nəhayət, tərcüməçi Mirzə Fətəlini “xarici müəlliflər” sırasına soxduqdan və onu rus zabiti etdikdən sonra əsərin həqiqi adını da təhrif edib. Mirzə Fətəlinin bu komediyası hələ 1893-cü ildə alman dilində “Der Vezir von Lenkoran, türkische komödie in vier Aufzügen von Mirza Feth Ali Ahundzade” adı altında nəşr edilsə də, bu əsərin həqiqi adı “Sərgüzəşti vəziri-xani Sərab”dır. Bizim mütərcim bu adı götürsəydi, heç olmasa, Türkiyə mühitinə bir azəri komediyasını öz adı ilə tanıtmış olardı. Yoxsa, bir türk əsərini almancadan tərcümə adı ilə tanıtmaqdakı məqsəd sırf bir türk mühərririni “xarici” kimi tanıtmaqdan başqa bir şeyə yaramaz. Bundan başqa, Kurşunluzadənin tərcümə etdiyi əsərin özü də ya rus, ya da farscadan edilmiş bir tərcümədir. Deməli, bizə bizim Axundzadəni bir dəllal sifətilə dördüncü əldən tanıtmağa cəhd göstərilib. Əlbəttə, əldən ələ keçən bu türk komediyasının da dili öz saflığını mühafizə etməyib...”.


Müəllif: Dilqəm Əhməd