“Qiratəçi”də Mahir Mehdinin yeni şeirləri
Teleqraf.com təqdim edir:
Diktatorun qayıdışı
Səsin artırdı gecəmin
addımların vida xoru.
Qayıtdı mənim formamda
Şeirlərin diktatoru.
Gözumlə yazdım son hökmü,
Nəfəs çatmadı diktəyə.
Yığıldım öz canımdakı
soyulmuş həssas nöqtəyə.
Yapışdım zəif yerimin
Dəmir qulpundan on əlli.
Bu kökdə olmağım belə,
olmamağımdan önəmli.
Hisləri küncə qısnadı
Sözlərin cəza dəstəsi.
Çalındı vərəqin üstdə
barmaqlarımın bəstəsi.
Baxıb keçirdim sınaqdan,
ola-ola yox olmağı.
Məşq edib bacardım mən də
ayaq üstdə yıxılmağı...
Qala karnavalı
(Niyazi Mehdiyə)
Sakramental eşq yaşadım,
Mətnin son varağıyla.
Tanqo oynadı qələmim,
Təkcənə ayağıyla.
Nə sən çatışdın süfrədə,
Nə çatdı Qala qarı.
Yuxumun vağzallarından
yan ötdü ruh qatarı.
Bir hissəsiymiş romanın,
oyunmuş Böyük Cümə.
Mələklər karnavalıymış
Apokalipsis, demə.
Qalamdan endim Sinaya,
qurdum şou-Dekaloq.
Danışan şəkillər yapdım,
dilini kəsdi Van Qoq.
Missiyam yetişdi sona,
Küncə qoydum qələmi...
Düşündüm yaman hündürdən,
Səs-küy basdı aləmi.
Eşq romanı haqda şeir
Kartları düzüb fal açdım,
açdım, çıxdı dörd valet.
Vaxtında ölüb getməyə
tapa bilmədim bilet.
Baxdım, özümə dörd yandan,
baxdım, gəlmədim tanış...
Sifətimin ehtiyatda
çoxlu üzü varıymış.
Götürdüm lazım olanı,
lazım olmadı... amma...
Yada salmadım səni heç,
özün gəldin ağlıma.
Fikrimlə oldun bir boyda,
Yerdən qalxdı dabanın...
Düzdün özünü ard-arda,
dartdım, gəldi davamın.
Yaramadı çağdaş poza,
seçdik klassik yolu.
Yıxıldın arxası üstdə,
Mən düşdüm üzüqoylu.
Həbsxanada hamam saatı
Bu boyda rollar oynadım,
Seçmədin məni kumir.
Vaxtımın SU saatında
bitdi ədəbi təmir...
Duş altında işə düşdü
sabun, süngər oyunu.
Xaç suyuna çəkib sərdim,
bu hamamın suyunu.
Məndən keçib təmizləndi,
durulub gəzdi əl-əl.
Bu suda yuyunmaq üçün,
bu suyu yudum əvvəl.
Daşındım su yaddaşıma,
Kölgələndim divarda.
İlk dəfə düşündüm səni,
öz beynimdən kənarda.
Noyabrda inkarnasiya...
(Afətə)
Ayılarsan olanından,
Qüvvədən düşər dünənin.
Sözləşər, şəklin dəyişib
dörd hərfə sığar bədənin.
Əvvəl açaram daraqla
bitişmiş vərəqlərini.
Oxuyaram not yazılmış
Vərəqin qıraqlarını.
Əvvəl düzərəm sıraya,
yoxlayaram dönə-dönə.
Sonra artıq kəlmələri
arıtlaram dənə-dənə.
Sonra öpərəm adını,
Sözlərini dişləyərəm.
Sonra yıxıb bir vərəqə,
Səni söz-söz işləyərəm.
Ağır bir ritmə salaram,
Rəngləyərəm cümlə-cümlə.
Səni yeni redaktədə
Çevirərəm bizim dilə.
Qəza enişindən bir gün sonra
Fırçada qarışıb tonun,
Pərdələndi gizli simdə.
Ayrı səs də hiss olundu
fonu qaralmış səsində.
Səndən qalmadı özunə,
Nə varsa çıxdı DƏRİndən.
Bəs eləmədi eşiyin,
soyundun öz içərindən.
Köklədin oyaq nöqtəyə,
majorunun minorunu.
Neçə adamı yaşayıb,
eşitdin təkin xorunu.
Sən çatanacan qalxdı lift,
tutuldu yeddinci məqam.
Sevdikcə sıxıldı həcmin,
Tərkibin dəyişdi tamam.
Dövrə vurub söz göyundə,
Dönə bilmədin yanına.
Qəza enişi elədin,
MAHİR MEHDİ limanına...