14 Oktyabr 2017 11:25
7 944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin aprel ayında Türkiyədə keçirilən referendum ərəfəsində təklif edilən dəyişikliklərə “xeyr” deyənlərin çadırlarında ən çox oxunulan bəstə “İzmir” marşı idi. Demək olar ki, küçələrdə, maşınlarda, reklamlarda Mustafa Kamal Atatürkü və cümhuriyyətçiliyi təbliğ edən bu marş geniş şəkildə oxunulur, insanlara yüksək əhval-ruhiyyə bəxş edirdi. Belə bir ərəfədə hökumətə bağlı qəzetlər və saytlar tərəfindən “İzmir” marşının saxta olduğu iddiası gündəmə gətirildi. Deyildi ki, CHP əsli “Qafqaz” marşı olan bu bəstəni zamanında öz məqsədləri üçün oğurlayıb.

Doğrudur, bu iddiada həqiqət var idi, amma bu gün Türkiyədə və türk dünyasında milyonlarla insan tərəfindən sevilən bir marşı məhz referendum ərəfəsində gözdən salmaq üçün belə addım atılmışdı. Çünki bu marşın orijinalının başqa olduğunu mütəxəssislər və bu sahəyə maraq göstərənlər bilirdilər.

Bu yaxınlarda isə marşın orijinal sözlərinin və notlarının olduğu iki kitab əldə etdim. Bu iki kitabda “Qafqaz” marşı ilə yanaşı Azərbaycanla da bağlı maraqlı nüanslar var.

Belə ki, əldə etdiyimiz birinci kitab 1956-cı ildə İstanbulda çap edilən “Köhnə və yeni marşlarımız” adlı əsərdir. Faiq Cansələn adlı müəllifin bu kitabı orta və hərbi məktəblər üçün nəzərdə tutulub. Əsərdə bizim üçün maraqlı olan iki marş var. Onlardan birincisi yuxarıda qeyd etdiyimiz “Qafqaz” marşıdır.

Faiq Cansələn kitabında bu marşı “Qafqaz dağları” kimi təqdim edib, sözlərinin və bəstəsinin müəllifini qeyd etməyib. Bizim üçün maraqlı olan digər marş isə 1990-cı illərdə Azərbaycanda məşhur olan “Anam məni yetişdirdi...” sözləri ilə başlayan əsərdir. Milli ordumuzun yenidən qurulduğu ərəfələrdə bu marşda kiçik dəyişiklik edildi, insanlar yeni bəstələnmiş marş kimi qəbul etdi.

Əldə etdiyimiz ikinci kitab isə Etem Üngörün 1966-cı ildə Ankarada çap etdiyi “Türk marşları” kitabıdır. Türk Kültürünü Araşdırma İnstitutu tərəfindən çap edilən bu kitabda da “Qafqaz” marşının notları və sözləri verilib, bəstə müəllifi kimi isə İzzəddin Hümayi Elçioğlu qeyd olunub.

Üngör kitabında Elçioğlu haqqında bu bilgiləri verir:

“1876-cı ildə İstanbulda doğulub. Kiçik yaşlarında orta məktəbdə ikən musiqiyə başlayıb. Orta təhsili bitirdikdən sonra Ədliyyə, daha sonra Daxiliyyə nazirliklərində uzun illər çalışıb. İsmayıl Haqqı bəyin qurduğu “Musiki-i–Osmani” məktəbində ona müavinlik edib. Daha sonra məmurluqdan ayrılaraq məktəblərdə musiqi müəllimi kimi çalışıb. Bir çox tələbə yetişdirən İzzəddin bəy mövludxan olub, gözəl ud çalıb. Türk musiqisi bəstəkarı olan mərhum dini və dini olmayan bir çox əsərlər bəstələyib. 1950-ci ildə İstanbulda vəfat edib, Ədirnəqapıda dəfn edilib. Bir çox gözəl marşları arasında “Qafqaz” marşı da var”.

Marşla bağlı digər bir qeydində isə Üngör yazır: “Birinci Dünya Müharibəsinin bir cəbhəsi də Qafqaz olub. Buradakı müharibələri Ənvər paşa idarə edib. 1914-cü ilin oktyabr və dekabr ayları içində Qafqaz cəbhəsində aparılan savaşların ən qanlı pərdəsini təşkil edən Sarıqamış faciəsidir. O ərəfələrdə Ərzurumda qış çox şiddətli olduğu üçün bir çox əsgərimiz bu cəbhədə qırılsa da, şanlı tariximiz əsgərlərimizin burada göstərdikləri böyük qəhrəmanlıqları qeyd edib. Marşın bəstəkarının həmin günlərdə 38 yaşında olduğu, bu cəbhədə savaşdığı təxmin edilməkdədir”.

Amma musiqişünas, kolleksiyaçı və tədqiqatçı Etem Üngör “Qafqaz” marşının İzzəddin Hümayi Elçioğluna aid olması ilə bağlı hər hansı bir bəlgə təqdim etməyib. Elə buna görədir ki, Osmanlı dönəminin tədqiqatçısı Murad Bardakçı bu ilin 6 fevralında “Habertürk”də yazdığı “İzmir marşı müəmması” adlı yazısında qeyd edir: “Türkiyənin ən önəmli not naşirlərindən Şamlı İskəndərin 1927-ci ildə çıxardığı üç cildlik marş külliyyatında İzzəddin Hümayinin 20 ədəd əsəri nəşr olunsa da, bu marş orada yoxdur”.

M.Bardakçı daha sonra İzzəddin Hümayinin arxivinin qızı tərəfindən bəstəkar Ərol Sayana hədiyyə edildiyini və sonuncunun arxivdə belə bir marşın olmadığı, müəllifin əslində anonim olduğunu qeyd etdiyini yazır.

Üngörün kitabında bizim üçün digər önəmli məsələ Üzeyir Hacıbəyliyə aid iki marşın verilməsidir. Kitabda Üzeyir bəyin təsviri və həyatı haqqında bilgi də var. Kitabda “Azərbaycan” marşı kimi təqdim edilən bəstə dövlət himnimizdir. Marşın həm sözləri, həm bəstəsi verilsə də, sözlərinin müəllifinin kim olduğu qeyd olunmayıb. Müəllif səhifənin sonunda belə bir qeyd verib:

“Azərbaycan hürriyyətini itirmədiyi illərdə bu marş Azərbaycan hərbi məktəblərində hər sabah dərsə başlamadan öncə söylənilirdi. Notları Türkiyədə ilk dəfə yayımlanır”.

Təəssüf ki, Üngör notları və sözləri hansı qaynaqdan alması ilə bağlı bir bilgi verməyib. Ola bilsin ki, bu barədə ona İstanbulda yaşayan mühacirlərimizdən biri məlumat vermiş olsun. Yeri gəlmişkən, maraqlıdır ki, Azərbaycan Kültürünü Tanıtma Dərnəyi tərəfindən 1966-cı ildə yayımlanan “Azərbaycan balosu” adlı broşürdə himnimiz verilib, amma bütün şeirlərdə müəlliflərin adı yazılsa da, təkcə himndə yazılmayıb. Bu iki fakt da Azərbaycan himninin müəllifinin kim olması ilə bağlı polemikaya əlavə işıq tutur.

Üngörün kitabında Üzeyir bəyə aid ikinci əsər isə “Azərbaycan milli marşı” adlanır. Bu marşla bağlı da Üngör maraqlı qeyd verib:

“Milli Azərbaycan xalq maarif naziri Nəsib Yusifbəylinin dönəmin hökumətindən yazılı olaraq tələb etdiyi məsələlərdən bəziləri belə idi: “Azərbaycan milli marşının tənzim və seçimi üçün bir müsabiqə elan edilməlidir. Marşların son qəbul tarixi 1 fevral 1920-ci il münasibdir. Seçiləcək olan münasib marşın bəstəkarı 15 min manat ilə mükafatlandırılmalıdır. Müsabiqədə iştirak nisbətinin çox olması üçün Bakı və Tiflis qəzetlərində geniş şəkildə elanlar yayımlanmalıdır... Təklif Bakıda yayımlanan 14 noyabr 1919-cu il tarixli “Azərbaycan” qəzetinin 246-cı sayında xalqa elan edilir, yarışmanı məşhur Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin əsəri qazanır. Azərbaycan Dövlət Teatrını dolduran milli dövlət nümayəndələri və xalq hüzurunda bir dəfə çalınıb, sonradan məktəblərdə öyrədilən istiqlal marşı istiladan sonra qadağan edilib. Notları Türkiyədə ilk dəfədir yayımlanır”.

Üngörun təqdim etdiyi ikinci bəstənin sözləri belədir:

"Vurulur meydanda sinc-ü təbl

Düzülün əsgərlər səfbəsəf

Giriniz meydana sanki şir

Dilinizdə olsun bu zikir:

Ya Allah, ya Allah, ya Allah

Mədədə yet hüvə kəbir!"

Üngörün hər iki marşla bağlı verdiyi qeydlərdən anlaşılır ki, müəllif qeydləri səhv salıb. Əslində, müsabiqə dövlət himni ilə bağlı olub, milli marş o hesab edilməli idi. Hərbi məktəblərdə oxudulan isə qısa sözləri olan marş olmalıdır.

Bütün hallarda 1966-cı ildə, Sovet imperiyasının mövcud olduğu bir ərəfədə Türkiyədə çap edilən bir kitabda Azərbaycan dövlət himninin sözlərinin və bəstəsinin verilməsi mühüm addım idi.

“İzmir” marşının və dolayısı ilə “Qafqaz” marşının bəstəsinin müəllifliyinə gəldikdə isə türk köşə yazarı Yılmaz Özdil bunun cavabını belə vermişdi: “Xalq yazıb. Xalqı bu qədər təsirləndirməsinin, xalq tərəfindən bu qədər sevilməsinin, bu qədər sahiblənilməsinin səbəbi də budur”.

Sonda isə Haluk Ləvəntin ifasında “İzmir” marşını, Mustafa Kamacının ifasında orijinal “Qafqaz” marşını təqdim edirik:


Müəllif: Dilqəm Əhməd