15 Oktyabr 2017 08:57
2 617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya TV-nin efirində aparıcı Fərqanə Gülağaqızının təqdimatında yayımlanan “Bu bizik” proqramının növbəti bölümü efirə gedib.

Teleqraf.com xəbər verir ki, bu dəfə verilişin qonağı xalq artisti, tarzən Möhlət Müslümov olub.

Möhlət Müslümov sənət yolunda çəkdiyi əziyyətlərdən danışarkən bildirib ki, pulsuz-parasız, hətta bəzən paltosuz dərslərə gedib: “Evdən bizə 20 qəpik pul verirdilər. Onun 10 qəpiyini yolpulu edirdik, qalan 10 qəpiyə də qoğal alırdıq.

Bunu ona görə danışıram ki, indiki tələbələr eşitsinlər, biz necə çətinlik çəkmişik. Səbəb isə o idi ki, oxuyaq, bu sənəti öyrənək. Heç ağlıma da gəlməzdi ki, mən gəlib xalq artisti olaram. Ancaq fikirləşirdim ki, bu sənətin arxasıyca gedim.

Çəkdiyim əziyyətlərin bəhrəsini də gördüm. O qədər çətinlik çəkməyimə baxmayaraq qətiyyən bu sənəti atmağı düşünməmişəm. Mən bu sənətin dəlisiyəm. Həmişə ürəyimdə inam olub ki, vaxt gələcək, mənim hər şeyim olacaq”.

Veriliş boyu tarzənin ifalarına da yer verilib.

Qeyd edək ki, Teleqraf.com “Bu bizik” proqramının informasiya dəstəkçisidir.


Müəllif: Şəfiqə