16 Oktyabr 2017 14:03
1 680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabir Zəkullaoğlu imzası Feysbuk istifadəçilərinə yaxşı tanışdır. Özünün zərb-məsəl tipli statusları ilə diqqət çəkir və maraqlı olan odur ki, Azərbaycanda ilk olaraq onun statusları bir yerə toplanıb və kitab halında nəşr olunub. Bəs Sabir Zəkullaoğlu kimdir?

Demək yerinə düşər ki, 20 ildir özünün kiçik biznesi ilə məşğuldur. Dediyi kimi, ət işinə baxır. Böyük marketlərə, şadlıq evlərinə ət paylayır. Müsahibə boyu onunla yaxından tanış olacağıq. Bu günlərdə kitabınn tərtibçisi və redaktoru, şair Təranə Musyayeva ilə birlikdə söhbətimizi təqdim edirik:

- Maraqlı təsadüfdür ki, siz gələndə mən Sabir Zəkullaoğlunun “Sabirlə bacara bilsəm...” kitabını vərəqləyirdim.

Təranə xanım:

- Nə gözəl. Elə biz də sizə həmin kitabı gətirmişdik.

- Sabir müəllim Feysbuk paylaşımlarından ibarət və Azərbaycanda bu qəbildən yayımlanmış ilk kitab olan bu status-fikirləri yazıb paylaşanda nə qədər həzz alıbsa, görünür, Təranə xanım da bu statusları toplamaqda bir o qədər əziyyət çəkib.

- Təbii ki, hər görülən işin zövqlü tərəfi olduğu kimi çətinlikləri də olur. 2011-ci ildən kitab yayımlandığı günə qədər Sabir müəllimin yazdığı fikirləri bir-bir gözdən keçirib ələmişəm, ən maraqlı – aforizm gücündə olan fikirlərini toplamışam, - Təranə deyir.

- Təranə, sən adətən türk ədəbiyyatından uyğunlaşdırmalarla məşğul olursan, şeirlər, hekayələrinlə tanışam, belə bir kitab tərtib etmək hansı zərurətdən yarandı? Fikir, ifadə kasadlığı var idi, yoxsa bu bir yaxın, doğma, önəm verdiyin bir dost üçün etdiyin gözəl sürpriz idi?

- Bu mənim tərtibçisi olduğum ikinci kitabdır. Tərtib elədiyim ilk kitab şəhid qardaşım İlqar Musayev üçün olub. Bu kitabla bağlı deyə bilərəm ki, dediyiniz kimi ,dostluq hisləri vardı təbii ki, amma əllə tutulacaq nümunələr olmadan heç nə edə bilməzdim. Eyni zamanda düşünürəm ki, bu sahə üzrə boşluq olub ki, bu kitabın yayımlanmasına zərurət duymuşam. Hər gün yeni-yeni bədii-elmi kitabların yayımlanması xəbərini eşidirik. Sırf aforizmlərdən, “atalar sözləri”ndən ibarət yeni kitabın çapını eşitməmişik. Dilimizdə çoxlu atalar sözləri var – bizim tanımadığımız, nə zamansa yaşamış ataların sözləri. Sabir Zəkullaoğlunun fikirləri atalar sözləri dəyərindədi, həm də müasirimiz olan bir atanın sözlərini geniş oxucu kütləsinə çatdırmaq istədim.

- Kitabda mübahisə doğura biləcək deyimlər da az deyil. Məsələn, “Azərbaycanlı olmaq çətin işdir”. Sabir müəllim, nədir səni o çətinliyi hiss etdirən? Azərbaycanlı olmağın çətinliyi nədədir?

- Mənim yazdığım status-fikirlər yazıldığı vaxtla, zamanla, ovqatımla əlaqəli olur çox zaman. Həmin an üçün hansı anlamla yazıldığını xatırlamasam da, bu gün də fikrimdə qalıram – gerçəkdən də azərbaycanlı olmaq çətindir. Siyasi baxımdan, dövlətçilik baxımından, geosiyasi vəziyyət baxımından Azərbaycanı qoruyub saxlamaq və s. Bir var Azərbaycanın vətəndaşı olasan, bir də var imperialist bir dövlətin vətəndaşı. Azərbaycanlı olmaq həm qürurlu, həm də çətindir. Bu qüruru yaşayaraq onun ərazi bütünlüyünü saxlamaq çətindi. Burda həm də mental dəyərlər var. Məsələn, Azərbaycanın ailə modeli çox gözəldi, həm də məsuliyyətlidi. Təsəvvür edin, bütün mental dəyərləri qorumaqla bir insanla əlli il birgə ömür sürəsən – irili-xırdalı problemləri həll edəsən.

- Demək, sənin baxışınla azərbaycanlı olmaq bir tərəfdən ona görə çətindir ki, mentalitetin tələb etdiyi bütün qaydalara tabe olmalısan. Bütün bunlara riayət edərək yaşamağın çətinliyi var təbii ki.

Təranə:

- Nəzərə alın ki, eyni zamanda müasir dünyanın gedişatı ilə də ayaqlaşmaq məcburiyyətindəsən.

- Sabir müəllim, bir fikriniz var: “Ağıllı adam üçün ali məktəbə getmək vaxt itkisidir”. Bunu özünüzü fikirləşib yazmısız?

- Mən bu fikri özümün ali təhsilimin olmamasını sığortalamaq üçün deməmişəm. Bir nümunə deyim. Məsələn, adam var, İqtisad Universitetində dərs deyir, İqtisad Elmləri doktoru, professordu. Amma əynindəki pencəyi nimdaşdı, yaşadığı ev köhnə tikilidi, pul qazana bilməməsindən gileylənir. Düşünürəm, onun elmi nəyə və kimə lazımdı? Təkcə tələbələrə nəyisə öyrətməyə və gələcək nəsil üçün, dövlətimiz üçün layiqli mütəxəssis yetişdirməyə? Bu, çox yaxşıdır. Lakin o adam iqtisadiyyatın cikini-bikini bilir. Amma əyninə geyinməyə pencək ala bilmir. Belə olduğu halda bu qədər oxumağa nə ehtiyac vardı ki?..

- Onun pencəyinin nimdaş olması, dolanışığının zəif olması əlinin əyri olmamasından xəbər verir, siz istəyirsiz ki, o özünün iqtisadi karyerasını tələbələrdənn pul yığmaqla, yaxud hansısa çirkin əməli ilə qursun?

- Yox, əsla, o, nəzəri cəhətdən öyrətdiklərini praktik cəhətdən özü də gerçəkləşdirə bilərdi.

- Yaxşı, belə başa düşdüm ki, sənin baxışınla o qəbildən olan insanlar pencək ala bilmirsə, heç də ağıllı deyil?

- Mən bunu vaxt itkisi baxımından deyirəm. Peyğəmbərimizin bir sözü var: “Hər bir işin qiyməti nəticə ilə ölçülür”. Elm insanın rifahına xidmət etməlidir. Nəticə yoxdursa, demək, elm almağa xərclədiyi vaxt sadəcə vaxt itkisi olub.

- Bir deyimin də var: “Gəlin-qayınana münasibəti, əslində, nəsillərin mübarizəsidir”...

- Bir dəfə Zeynəb Xanlarovadan müsahibə alırdılar. Zeynəb xanım o illər üçün gündəmə yeni gələn Ağadadaş Ağayevin oxuduğu bir mahnını tənqid edirdi və bu tənqidin içində çox güclü ironiya vardı. Az keçmədən zaman Ağadadaşın necə müğənni olduğunu ortaya qoydu.

- Sonralar Zeynəb xanım hətta onun mahnılarını oxudu.

- Bəli. Bir müddət sonra Ağadadaş Ağayev özü veriliş aparanda bir zamanlar Zeynəb Xanlarovanın ona göstərdiyi münasibəti özü gənclərlə münasibətdə sərgilədi.

Yaşlı insanlar asanlıqla gənclərin düşüncə tərzini, həyata baxışlarını qəbul edə bilmirlər və əksinə. Nəsillərin mübarizəsi qayınana-gəlin münasibətlərində özünü daha bariz şəkildə göstərir.

- Fikirlərinizdə yüksək əhval-ruhiyyə hiss olunur. Əhvalın yüksək olması daxili inamla bağlıdır. Daxili inamımız bizə olacaqları pıçıldaya bilərmi? Ola bilər ki, əhval bədbin notlarla yükləndi, o zaman necə olur insan?

- İnsan arzuladığına inanır. Mən nəyisə arzulamışamsa, demək, ona inanmışam və bu inamı yaşada bilsən, bu, bir başa əhvalın yüksək olmasına xidmət edəcək.

- “Sabirlə bacara bilsəm...”. Kitabın adını kim seçib və nədən bu ad? Mənim ən çox xoşuma gələn “Azad insan təhlükəsizlik kəmərini belə bağlamaz” fikridi. Bunu kitabın adı kimi seçmək olmazdımı?

Təranə:

- Deyim ki, bu fikir çoxlarının xoşuna gələn status-fikirlərdən biridi. Hətta mənə təklif də olundu, bu adı seçim. Amma bu adı seçmədim. Çünki bildiyiniz kimi, mən uzun illər nəşriyyatda çalışmışam. Nəşriyyat, mətbəə işini bilirəm. Kitabın adının nə qədər önəmli olduğunu, adın içəri “dəvət” funksiyası daşıdığını bilirəm, onu da bilirəm ki, adın ifadə şəklində olması məqbuldu. O üzdən fikri tam olaraq yox, qısaldılmış şəkildə verdim. Kitabın içində belə bir status-fikir var – “Sabirlə bacara bilsəm, bütün dünyayla bacararam”. Kitabın adı burdan götürülüb. Sizə bir sirr açım ki, bu adı seçməyimdə başqa bir nüans da var. Sabir müəllim fikirlərinin kitablaşdırılmasına qəti etiraz edirdi. Yaxın, ortaq dostlarımızdan bir çoxu Sabir müəllimin istəyinin əleyhinə artıq bu kitabın üzərində işlədiyimi bilirdi, maraqlananda mən onlara “Sabir müəllimi razı salsam, yayımlayacam”, cavabını verirdim. Daha sonralar ad seçimində bu cavabım da rol oynadı... “Sabirlə bacara bilsəm, kitabı çap etdirəcəm”.

- Sabir müəllim, Əlirza Həsrətin belə misrası var: “Gözüm üstə yer verdim, Düşüb piyada yeridin”. Sizdə belə bir fikir var: “Gözün dəyəri ondan düşəndən sonra bilinir”. Gözün özünün dəyərindən, yoxsa gözdən düşməkdən gedir söhbət?

- Öncə onu deyim ki, Əlirza Həsrətlə eyni kənddənik, bir yerdə çox olmuşuq, müxtəlif mövzularda maraqlı fikir mübadilələrimiz olub. “Gözün dəyəri ondan düşəndən sonra bilinir” fikrinə gələndə, burada ikisi də ola bilər. Bəzən gözünün üstündəki ordan düşəndən sonra olduğu yerin dəyərini bilir, eyni zamanda birini qaldırıb qoymusan gözünün üstünə, onu təbii ki, yuxarıda görəcəksən, amma gözündən düşəndən sonra onun dəyərini daha yaxşı anlayırsan.

- Başqa nə yazırsız – poeziya, nəsr...

- İlk dəfə məktəb illərində yazmışam. Xırda-xırda gündəlik tipli yazılar. Daha sonralar hekayələr yazırdım vaxt tapdıqca. Feysbukdan sonra hamısını statusla əvəz eləmişəm.

- Bir kitab müəllifi kimi özün oxucu kimi özünə hansı prizmadan baxırsan? Səncə, Sabir Zəkullaoğlu kimdir?

- Açığı deyim ki, mən hələ də özümü kitab müəllifi kimi görə bilmirəm. Amma düşünürəm, bu qədər müsbət rəy, fikir boşuna olmaz. O zaman təbii ki, utancaqlığa bürünmüş bir qürur hissi keçirirəm.

- Kitabdan sonra heç düşündündünüzmü məşğul olduğunuz sahəni buraxıb sırf yaradıcılıqla məşğul olmaq? Yəni, biz tərəflərdə deyildiyi kimi – adın qulağına dəydimi?

- Qətiyyən belə bir düşüncəm olmadı. Gündəlik həyat tərzimə bu kitab ciddi təsir göstərmədi. Deyə bilərəm ki, azadlığımı əlimdən aldı, məsuliyyətimi artırdı. Kitaba qədər status yazanda, deyəndə düşünmədən deyib, yazırdım, indi o qədər düşünürəm ki, bəzən yazmaqdan vaz keçirəm.


Müəllif: Faiq Balabəyli