17 Oktyabr 2017 17:48
1 481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Film prodüsseri Orxan Mərdanla müsahibəni təqdim edirik:

Orxan Mərdan Azərbaycanda kino sənayesinin tanınmış simalarından biridir. Onun prodüsseri olduğu "Xoxan” və "Naxox” filmləri böyük uğur qazanaraq, insanları kinoteatrlara gətirdi. İndi o, "İkinci pərdə” dram filmi üzərində işlərini yekunlaşdırıb. Film 16 noyabrdan nümayiş olunacaq. Biz də Orxanla "İkinci pərdə” filmindən başladığımız söhbəti kinematoqrafiyanın problemlərinə qədər apardıq. Bu müsahibədə hər şey var, amma bütün bunlardan əvvəl, çılpaq həqiqətlər bu söhbətin özəyində dayanır.

– Orxan, sən artıq üçüncü filmin prodüsserisən...

– Bəli, ilk iki filmim – "Xoxan” və "Naxox” artıq nümayişə çıxıb. Üçüncü filmim "İkinci pərdə” filminin premyerası isə noyabr ayının 16-da keçiriləcək.

– "İkinci pərdə” filmində gənc rejissor Emil Quliyevlə bir yerdə çalışıbsan...

– Emil layihəni gətirdi. İlk gətirdikləri hekayələr fərqli idi. İstədik ki, həm festivalı, həm də kütləviliyi nəzərdə tutaraq işləyək. Ssenarinin üstündə Pərviz Həsənov, mən və Emil bir yerdə işləmişik.

– "Pərdə” filmində səni nə cəlb eləmişdi?

– Emilin naturallığı, hekayələrinin təbiiliyi, aktyorlarla işləməsi. Emilin rejissor kimi əsas istəyi onların reallığa yaxın olmağıdır.

– Əslində, "Pərdə” filminin uğuru da bu idi.

– Əlbəttə. O filmdə aktyorlar gerçəkliyi olduğu kimi təsvir etmişdilər. Rol oynamamışdılar. Sanki bizdən biri idilər. Ceylan deyir ki, aktyor oynamamalıdır. Bu, vacib şeydir.

– Əslində, bizdə bu cür filmlər azdır. Əsasən komediya filmləridir ki, onlarda da gerçəklik karikaturizə olunmuş şəkildə göstərilir.

– Bəli. Bizim filmdə də ən çox cəlb edən şey hekayənin bizim hekayəmiz olması idi. Xəyanət üzərində qurulmuş bir hekayə...

– Amma ssenari və aktyor heyəti, tamamilə, yenidir. Yəni, "İkinci pərdə”nin "Pərdə” filminə elə bir oxşarlığı yoxdur.

– Bəli, hekayələr də fərqlidir, aktyorlar da. İkinci pərdədə Hikmət Rəhimov, Qorqud Cəfər, Günay Əhməd oynayıb.

– Uğur qazanan ilk film olan "Xoxan”ın prodüsserliyini edibsən...

– Zaur Mirzəzadə ilə bir yerdə...

– Bu filmdən sonra komediya filmlərinin bumu başladı. Amma sən artıq dramaya keçdin...

– Dramanı məqsədyönlü şəkildə elədik. Lazım idi bu. Düzdür, hamı komediyalardan narazıdır. Sosial mediada tənqidçilər, jurnalistlər şikayət edirlər. Lakin şikayət edənlər də drama getmir.

– Bəlkə yaxşı dram çəkilmir...

– Axı bu, nisbi məsələdir. Yaxşı dram deyəndə nəyi nəzərdə tuturlar?

– Misal üçün, "Bizim Cəbiş müəllim”, "Bir cənub şəhərində” filmlərini...

– Başa düşürəm...

– Demirəm, indi onları çəkək. Bu heç asan da deyil.

– Razıyam. Məncə, bir az millətin özünü də tanımaq lazımdır. Komediyanı tanımaq milləti tanımaqdır. Bizim insanlar daha çox gülməyə köklənib. İstənilən yerə gedək, hamı gülməyə bir şey axtarır. Hamı deyir ki, gedək, deyək-gülək. Heç kim demir ki, gedək bir az ağlayaq.

– Məncə, bizim komediyaların ən böyük problemi odur ki, bizim kinematoqrafiya tariximiz də çox kasaddır. Axı bizim dediyim filmlər səviyyəsində komediyamız yoxdur.

– Bizim ictimaiyyət olaraq komediyaya münasibətimiz də fərqlidir. Komediya lokaldır. Məncə, bizim lətifələrimiz necədirsə, komediyamız da elədir. Düşünürəm ki, bizim lətifəmizlə ingilisi güldürmək olmaz. Lətifələrimizin yetmiş faizinin sonunda söyüş var.

– Əslində, bizim komediya filmlərində dediyin naturallıq yoxdur. Misal üçün elə "Xoxan”ın hekayəsi. Yerli çalarlar vardı, amma hekayənin özü bizə xas deyildi.

– Bəli, müəyyən məqamlar vardı. Risk ehtimalını azaltmaq üçün hazır modelləri götürmüşdük. Bu modellər xaricdə uğur qazanmış modellərdir.

– Bizim komediyalarda da şablonlaşmış hekayələr var. Bir hissəsi Türkiyədə, bir hissəsi də Qərb kinosundan götürülmüş sxemlər...

– Biz tamaşaçıya şərait yaradırıq ki, bir tipə gülsün. Tamaşaçı o tip olmaq istəmir, özü ona gülür. Yıxılana gülürlər, amma özləri yıxılmaq istəməz. Biz o cür güldürürük. Məşhur söz var, deyir ki, suda boğulan adama baxmaq ləzzət edir, çünki özün onun yerində deyilsən. Dram hamıya toxunmur, dram çətindir, komediyaya isə daha çox adam cəlb etmək mümkündür. Bir də dram filmlərinin bir problemi var. Dram janrında tamaşaçı cəlb edə biləcək aktyorumuz yoxdur. Komediya janrında yeddi-səkkiz aktyor var, insanları kinoteatra gətirəcək adam var. Deyirlər, ki, indi niyə hamı Fərdanı çəkir...

– Elə mən də soruşacaqdım: Niyə hamı Fərdanı çəkir?

– Türkiyədə necə idi? Deyirdilər ki, Kamal Sunal çəkilən film pul gətirir. Ona görə də çəkirdilər. İldə dörd-beş filmə çəkilirdi. Şahrux Xan da o cürə. Bu məsələlər bizneslə həll olunur. Ölkədə bir neçə prodüsser var. Hamısı da onlara müraciət edir. Bilir ki, onlardan pul qazanmaq mümkündür.

– Bizim ictimai rəy də ziddiyyətlidir. Hamı deyir ki, peşəkar aktyorları çəkmirlər. Peşəkar aktyorlar isə teatrdadır. Teatra isə getmirlər...

– Əslində, bizim aktyor problemimiz yoxdur. Problem budur ki, bu aktyor bizə nə verəcək? Bizim "İkinci pərdə”də çəkdiyimiz aktyorlar, əslində, çox kütləvi aktyorlar deyil. Amma çox yaxşı aktyorlardır. Misal üçün, Hikmət Rəhimov. Mən onu bu prosesdə tanıdım və çox bəyəndim.

– Əslində, Hikmət Rəhimov da Akademik Milli Dram Teatrında baş rol oynamış bir aktyordur.

– O da problemdir, əlbəttə ki, teatra maraq yoxdur. Teatra tamaşaçı yığmaq haqqında düşünmürlər. Biz bir film çəkəndə yüz əziyyət çəkirik ki, tamaşaçılar gəlsin, baxsın. Amma onların heç marağında da deyil. Elə kinostudiyanın da məsələsi budur. Büdcə ayırırlar, rejissor istədiyini də edir. Kassanı düşünmürlər.

– Amma onlar da festivala işləyirlər...

– Bəli. Bizim kinostudiya da onu istəyir. Rejissorlarımız Nuri Bilge Ceylan olmaq istəyirlər.

– Sənin "Xoxan” filminə Yutubda iki milyondan artıq adam baxıb. Amma "Naxox”u Yutuba qoymamısınız... Niyə?

Düzü, tamaşaçıları buna öyrəşdirmək istəmirik.

– Bəli, bilet alıb baxsınlar.

– Yeri gəlmişkən, Yutubu izləyirsən daima...

– Bəli, izləyirəm, əslində, kino çəkənlər bir gedib Yutubu araşdırsınlar ki, insanlar bütün günü orda nələrə baxırlar. Nəyə gülürlər, nəyə ağlayırlar. Kinoya gələn bu tamaşaçıdır. Biz bu tamaşaçıya bilet satırıq. Ona görə də onların maraqlarını da nəzərə almalıyıq.

– Amma "Yarımçıq xatirə”lərə internetdə iki milyondan çox adam baxıb.

– O, yaxşı filmdir axı... Amma diqqət edək bir məsələyə: O film müəllif filmi deyil.

– Birbaşa sual verirəm: Kino pul qazandırırmı?

– Sponsor olsa qazandırır.

– Sən qazanıbsanmı?

– "Xoxan”dan bəli.

– "Naxox”dan?

– Orda öz cibimizdən xərcləmişdik. Cüzi pul qazana bildik.

– Nə qədər pula film çəkmək mümkündür?

– Heç olmasa 50 minə çəkəsən ki, 20 min qazanasan. Amma komediya daha bahalıdır.

– Niyə?

– Çünki texniki vasitələr bahadır. İndi "Xoxan”ı çəkdiyimiz texnika ilə film çəksək, bizi daşlayarlar. Bahalıdır bu şeylər.

– Bir də aktyorların qonorarları...

– Çoxdur...

– Nə qədərdir qonorarlar?

– Belə deyək də, büdcənin 20-30 faizi.

– 50 minin 20-30 faizi?

– Yox, daha yüksək büdcənin 20-30 faizi.

– Prodüsser kimi problemləriniz nədir?

– Əslində, bizim iki əsas problemimiz var, biri vergidir, digəri isə kinoteatrlar...

– Vergidə problem nədir?

– Əslində, dövlətdən dəstək istəmiş kimi oluruq. Amma vergi yüksəkdir.

– Kino haqqında qanun vergi güzəştləri nəzərdə tutur.

– Hə, onu çox gözləyirik. Vergini veririk. Yüksək olsa da veririk. Amma ən böyük problem kinoteatrlar arasındakı konfliktdir. Hərçənd, bunu heç kimə sübut edə bilmirik.

– İstərdim ki, bu problemin mahiyyəti haqqında danışasan. Çünki məsələ mətbuatda çox bulandırılıb, həqiqəti çox adam bilmir.

– Əslində, bütün kinoteatrlarda filmin göstərilməyi böyük problemdir. Çünki kinoteatrın sayı azdır.

– Bizdə neçə kinoteatr var?

– On kinoteatrımız var. Hər birində bir neçə zal var.

– Bəs problemin mahiyyəti nədədir?

– Nizami kinoteatrı dövlətindir, qalanları da iki şəbəkənin. Bu iki şəbəkənin hər ikisində eyni zamanda film göstərmək mümkün deyil. Bu məsələ hamını narahat etməlidir. Bir filmin ömrü üç həftədir. Bu müddətdə film öz pulunu qazanır. Çünki yeni filmlər gəlir və filmin zalları azalır. Biz kütləvi satış etmək üçün gərək yüz kinoteatrımız da olsun.

– "Xoxan” filmində bu problem vardı?

– Var idi, sonra "Naxox”da bu problem aradan qalxdı. "Oğlan evi” filmi də hər iki şəbəkədə nümayiş olundu.

– Bəs "İkinci pərdə”də hansı şəbəkədə göstəriləcək?

– "Cinemaplus” deyir ki, filmi distribütörlük üçün götürürəm, hara istəyirəm ora verəcəyəm. "Park Cinema”ya vermir. "Park Cinema” deyir ki, mənim üçün problem yoxdur, amma gücü də çatmır ki, hər yerə yaymağa. "Cinema plus”a da verə bilmir. İndi təsəvvür edin ki, "İkinci pərdə” filmini bu problemlər ucbatından Gəncədə nümayiş etdirə bilmirik.

– Bəs problemi necə həll etmək olar?

– Bilmirəm, vallah.

– Bəs bu sizə nə qədər ziyan vurur?

– Misal üçün Türkiyədə belə problem yoxdur. Orda qayda başqadır. Sənin nə qədər pulun varsa, o qədər çox salon alırsan. Amma bizdə kinoteatr azdır. Yüz kinoteatr olsa, yarısında filmlərimiz nümayiş olunsa, problem olmaz. Tutaq ki, bir şəbəkə 50 min adam yığa bilir. Amma o da bölünür neçə filmin arasında, üstəlik, Amerika və türk filmləri də bura şərikdir. Biz də əlimizdə olan kinoteatrların yarısını itirmişik. Nə qədər müzakirə də etmişik, amma yenə də xeyri yoxdur. İndi bu şəbəkələrin özləri də film istehsal etməyə başlayıblar. Bundan sonra artıq mənim kimi ilə bir film istehsal etməyə gücü çatan prodüserlər bazardan çıxacaq. Tutaq ki, bizdə mövsüm səkkiz aydır. İndi səkkiz filmi də şəbəkə istehsal etsə, artıq kinoteatrlarda başqa filmlər üçün yer qalmayacaq. Onda biz ikinci, ya da üçüncü plana düşürük.

– Filmlər, ümumiyyətlə, gəlir gətirirmi?

– İl ərzində cəmi üç-dörd filmi çıxmaqla, qalanları gəlir gətirmir.

– Bəs necə çəkirlər?

– Sponsorların hesabına, əmi-dayının, imkanlı adamların hesabına. Belə baxanda, qazanc çox görünür. Amma vergini, kinoteatr haqqını nəzərə alanda, istehsalçıya az gəlir qalır. Buna görə də sponsor lazımdır. Yəni, sponsor tapa biliriksə, gəlir özümüzə qalır. Amma öz pulunla film çəkəcəksənsə, gəlir azdır. Əslində, bazarın inkişaf etməyi çox yaxşı haldır. Görün bu çəkilən filmlərlə nə qədər rejissor, aktyor, texniki heyət pul qazana bilir. Üstəlik, təcrübə qazanırlar. Bunlar müsbət şeylərdir. Yoxsa hamısı dövlətdən kino gözləyirdi. Amma indi vəziyyət elədir ki, mən üç film istehsal etmək istəyirdimsə, indi bir filmə həvəsim qalıb. Bir azdan hamımız şəbəkələrə işləməli olacağıq. Vəziyyət pisləşir və biz lap əvvələ, film çəkilməyən günlərə qayıdacağıq. İndi bunu sübut etmək çətindir. Amma bazarda bir subyekt qalanda, onu sübut etmək çox asan olacaq.

– Sən əyalətlərdə də öz filmlərini göstərmək üçün çalışırdın...

– Respublika üzrə kino göstərmək imkanı olan bütün yerlərin siyahısını götürmüşəm. Gənclər mərkəzlərində, mədəniyyət evlərində. DVD ilə film göstərmək mümkündür. Cəhdlər də elədik.

–Mədəniyyət Nazirliyi də bu işlə ciddi məşğul olmaq istəyir...

– Mən onlara təmənnasız kömək etməyə hazıram. Mingəçevir Dram Teatrında və Lənkəran Gənclər Evində filmlər göstərdik. Biz xahiş elədik ki, onlar bizə dəstək versinlər, bölgədə filmin reklamı ilə bağlı. Əməkdaşlarımızı göndərdik, filmləri göstərə bildik.

– Baxış necə oldu?

– Mingəçevirdə iki mindən artıq oldu. Lənkəranda da iki minə yaxın. Cəmi bircə həftəyə oldu bu. Əyalətdə də tamaşaçı var. Sadəcə, kino göstərmək lazımdır. /Artkaspi.az/


Müəllif: Teleqraf.com