18 Oktyabr 2017 18:19
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 3 gün ərzində 6 tamaşa nümayiş olunacaq.

Teatrın mətbuat katibi Samir Sədaqətoğlunun Teleqraf.com-a verdiyi məlumata görə, oktyabrın 20, 21, 22-i tarixlərində saat 12.00 və 19.00-da “O olmasın, bu olsun” (Ü. Hacıbəyli), “Düyməcik” (H.K. Andersen), “999-cu gecə” (F.Əmirovun musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında), “Meşə çaqqalsız olmaz” (Ə. Səmədli) və “Qızıl cücə” (V. Ulanovski, V. Orlov) tamaşaları təqdim ediləcək.

Səhnə əsərlərində Əməkdar artistlər Novruz Qartal, Svetlana Bulax, Boris Qrafkin, Nahidə Orucova, Ələkbər Əliyev, Əzizağa Əzizov, Səidə Şərifəliyeva, Şövqi Hüseynov, aktyorlar Firuz Məmmədov, Marina Litvinenko, Nadir Xasıyev və başqaları çıxış edəcək.

Oktyabrın 21-i və 22-də nümayiş olunacaq “999-cu gecə” böyüklər üçün nağıl-tamaşada Təbrizin sevilən kino və teatr aktyoru Camal Saqinejad tamaşaçıların qarşısına çıxacaq.

Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. 20 oktyabr saat 12.00-da H.K. Andersenin “Düyməcik”, 22 oktyabr saat 12.00-da V. Ulanovski, V. Orlovun “Qızıl cücə” nağıl-tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq.

Həmçinin Ə.Səmədlinin “Meşə çaqqalsız olmaz” əsəri 21 oktyabr tarixində saat 12.00-da Azərbaycan dilində balaca tamaşaçılara təqdim olunacaq.


Müəllif: Sara