19 Oktyabr 2017 17:10
2 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dörd il əvvəl media aləminə yeni bir sayt qədəm qoydu. Axar.az sakit axmadı, iddialı, hay-küylü, dəli-dolu gəldi, məcrasına sığmaq istəmədi. Amma zaman keçdikcə müdrikləşdi, dərinləşdi, genişləndi. Adamın inanmağı gəlmir ki, bunlar cəmi 4 ildə baş verdi.

Teleqraf.com olaraq cəmi 5 addımlıqda bizimlə çiyin-çiyinə fəaliyyət göstərən Axar-a üz tutduq.

İlk olaraq baş redaktor Anar Niftəliyevin otağına keçdik. Anar müəllim Elçin Muradın əlində foto-aparatı görəndə: “Gözlə stolun üstünü səliqəyə salım, sonra çək. Deməsinlər səliqəsizlikdi. Telefonları da götürüm. Elə bilsinlər, telefonumuz yoxdur”, – deyə zarafat elədi.

“18 oktyabra hazırlıq baş tutmadı”

Anar Niftəliyevdən Milli müstəqillik günündən 1 gün sonra, oktyabrın 19-da fəaliyyətə başlamığın sirrini soruşduq. Heç demə, bu, təsadüf deyilmiş: “Məhz oktyabrın 18-də onlayın olmağı planlaşdırırdıq. Gecəyə kimi çalışsaq da, texniki səbəblərə görə istəyimiz alınmadı. 2013-cü il oktyabrın 19-da saat 12:10-da onlayn fəaliyyətə başladıq.

Vaxt ötdükcə insan çətinlikləri, maneələri, qısqanclıqları unudur. Yadda yalnız xoş xatirlələr qalır. Bu 4 ildə çətinliklərimiz, əziyyətlərimiz çox olub. Sayt yaranandan 2 il müddətində mən dayanmadan 19 saat işləmişəm. Hətta maşında gedəndə də planşetdə saytı izləyirdim. İndi iş saatımı qismən azaltmışam”.

Baş redaktor deyir ki, sayt artıq oxucu auditoriyası qazanıb, kollektiv işini bilir:

“Bizim indi xüsusi narahatlıq və gərginliyə ehtiyacımız yoxdur. Komandamıza yeni qoşulan təzə işçilər var. Hərdən onlarla söhbət edəndə mənə deyirlər ki, köhnə işçilər sizin nə qədər tələbkar olduğunuzu danışanda heyrət edirik ki, biz dözməzdik. İndi daha təmkinli, səbrli olmuşuq.

Mən bu gün səhər özümdən də soruşmuşam ki, 4 ildə ən çox xoşuma gələn nə oldu? O zaman mediada yanlış təsəvvür vardı ki, saytda mütləq model xanım şəkili, 18+ videosu yerləşdirilməlidir ki, oxucu cəlb edə bilsin.

Amma biz Gündəlik Teleqraf MMC-nin rəhbəri Aynur Camalqızı ilə layihəni hazırlayanda qərara gəldik ki, bütün bunlardan kənar, ilk “onluğ”a düşən sayt yaradaq. Bilmirəm, bu arxayınlıq hardan gəldi?.. Bəlkə də oxucuya olan arxayınlıqdan, köhnə jurnalistikadan gəlməyimiz səbəbindən bu cür düşünürdük. “Axar” 4 ildir ilk “onluq”da öz yerini saxlayır”.

“Rəqib bildiyimiz sayt yoxdur”

Baş redaktor deyir ki, “Axar” Türkiyənin “Hüriyyət” saytının mini formasıdır: “Sayt qurulanda Aynur xanıma təklif və israr etdim ki, dizaynı mənim ixtiyarıma buraxsın. Sağ olsun, razılaşdı. “Hüriyyət”in maqazin bölmələrini çıxmaq şərti ilə kiçik formatını yaratdıq. Amma saytın bütün strukturu oradan oğurlanmayıb. Onlarda da şəkildən minimal və konkret həcmdə istifadə edilir. Bizim saytda da elədir.

Bir söz deyim. Məsələn, xəbər başlığında Publik.az daha xoşbəxtdir. Onun dizaynı imkan verir ki, xəbərə böyük başlıq, mətnə iri şəkil qoyulsun. Bizə kimsə bunu qadağan etməyib. Sadəcə sayt yarananda biz konkret qərar qəbul etdik ki, böyük başlıq, iri xəbər verməyəcik. Bütün bunları Azərbaycan mediasında Axar.az edib”.

Baş redaktor deyir ki, 4 yaşlı “Axar”ın mediada rəqibi yoxdur: “Biz təzə başlayanda istinad qalmaqalları olurdu. Mən status yazdım ki, icazə verin, bizim kollektiv formalaşsın, mən ilk dəfə hiperlinklə istinad verəcəm. Saytlardan yazı verəndə “Axar.az filan sayta istinadla xəbər verir ki” deyə yazmırdıq. İlk vaxtlar hiperlinki aşağıdan verdik. Gördük, həmkarlar bizi düz anlamır. Yenidən yuxarı hissədə verdik. Biz də, bizə də sübut edildi ki, rəqibimiz yoxdur”.

2 min IP yığa bilməyən saytlar

Anar Niftəliyev deyir ki, dünya mediasında xəbəri gec-tez vermə analayışı yoxdur:

“Hər kəsin öz oxucusu var. Onlayn medianın Azərbaycanda yayılması 2010-cu il ildə başlayıb. Həmin ilə qədər qəzet 25-30 min tirajla satışa çıxırdısa, onlayn media 2 min IP yığa bilmirdi. Bu medianın tarixi qədim deyil”.

Baş redaktor deyir ki, Axar.az əsasən dil faktına nail olub: “Saytımızı Axar.az saytı kimi formalaşmasında Pərviz Cəbrayılın müstəsna xidmətləri var. Onunla hərdən ciddi müzakirə edirdik ki, saytımız bütün Azərbaycan mediasını redaktə edə bilməz. Çünki başqa saytlardan verdiyimiz yazıları da redaktə etməli olurduq. Biz doğrudan da Azərbaycan ədəbi dil normalarını qorumaqdan ötrü çox çalışırıq. Mən elə fikirləşirəm ki, ədəbi dili mükəmməl bilməyən adam heç bir halda Azərbaycanı sevə bilməz. O, gedib Qarabağ üçün öyünə bilməz. 4 il müddətində 4 dildə xəbər yayımlamağa nail olub. Həmişə arzum olub ki, əski Azərbaycan əlifbası ilə müasir Azərbaycan ədəbi dilində xəbərlər yayımlayaq. Bilirsiz ki, onlarda 28 hərf var. Onun üçün o səsləri hazırkı versiyada tam tətbiq etmək olmur. Əlifbanın gücü çatdığı qədər tətbiq etmək olar. Güneydə Azərbaycanlıların 100-ə qədər saytı var. Heç birinin Azərbaycan ədəbi dilinə adiyyəti yoxdur. Mən arzulayıram ki, əski əlifba ilə yazılan bölməni genişləndirək. Təbrizdə müxbir postumuz olsun, işçilərimiz 2-3 ay yerdəyişmə ilə orada çalışsınlar. Hesab edirəm ki, onlayn medianın gələcəyi vizuallaşmalıdır”.

“40 milyonluq türk bu saytdan istifadə edə bilər”

Anar müəllimlə söhbətdən sonra üz tutduq redaktor və müxbirlərin otağına.

Axar.az-ın redaktoru Anar Əhmədov deyir ki, sayt fəaliyyətə başlayan ildən burada çalışır:

“4 ildir burdayam. Bu illərdə gözəl kollektivlə, peşəkar rəhbərliklə işlədiyim üçün özümü şanslı hesab edirəm. Burada çox şeylər öyrəndim. Axar.az mənim üçün təkcə iş yeri yox, həm də doğma ev oldu”.

Yolumuzu Güney Azərbaycan bölməsindən saldıq. Bölmənin redaktoru Əli Rza deyir ki, Azərbaycan mediasında ilk dəfə belə bir bölmə burda yaradılıb:

“Məqsədimiz güneyli soydaşlarımıza ana dilində xəbər təqdim etməkdir. Yalnız güneylilər deyil, Əfqənıstanda, İraqda yaşayan türklər də ərəb əlifbası ilə oxuyurlar. Onun üçün bu bölmənin potensialı yüksəkdir. Demək olar ki, 40 milyondan çox türk bu saytdan istifadə edə bilər. Ad günümüzdür deyə çox danışmayaq. Hamımızı təbrik edirəm”.

At minmək əvəzinə, velosiped sürməyə...

Redaksiyada ən səs-küylüsü müxbir otağıdır. Otağa daha çox kimin zəng etdiyini soruşanda Nigar İxtiyarqızı dedi ki, onun stolu üstündəki telefona baş redaktor daha çox zəng edir:

“Hətta zəng gələndə hər kəs biri-birinin üzünə baxır ki, dəstəyi kim götürsün. Baş redaktor Anar müəllim, mənə Nigar demir, Bayan deyir. Hərdən elə yüksək səslə çağırır ki, daha telefona ehtiyac olmur. (Gülür).

2014-cü ilin fevralından Axar.az-dayam. Bu ilin iyulunda 1 illik analıq məzuniyyətindən sonra yenidən bura qayıtdım. Axar.az barədə danışıb, köhnə kollektivi xatırlamasam, düz olmaz. Yaşadığım gözəl, maraqlı illərə, dostlara görə Axar.az-a borcluyam. O dostluqlar indi də davam edir. Nilufər, İsmi, Natiq, İlham, Şəmsəddin, Tural Qurbanlı və Tural İbadlı bu gün kollektivimizin üzvü olmasalar da, dostluğumuz davam edir.

Yaddan qalan günlər o qədər olub ki... Bir dəfə köhnə kollektivlə planlaşdırıb atçılıq mərkəzinə getmək istəyirdik. Fikrimiz vardı ki, at sürək. Ancaq necə oldusa velosiped sürməyə getdik.

Harasa getməyi planlaşdıranda İlkin, ya da Günayın maşınıyla gedirdik. Adətən, hamımız sıxlaşıb əyləşirdik. Ancaq bircə İsmiyə yer qalmırdı. O da maşının “baqaj”ında əyləşirdi. Getdiyimiz yerə çatanda elə düşürdü ki, elə bil maşını bu sürürmüş.

Bəzən otaqda Nərmin heç kəsin gülmədiyi zarafatlar edir. Çox vaxt gün ərzində danışdığımız bir mövzu olur və deyib gülürük. Həmişə olduğu kimi Nərmin günün sonunda həmin hadisəni qeyri-adi bir xəbər kimi yüksək səslə deyir: “Ay camaat, bilirsiz nə olub?...” Sevinirəm ki, “Axar” mənə belə gözəl kollektiv qazandırıb”.

Tərcüməçi İlkin Həsənov yarı-zarafat, yarı-gerçək deyir ki, öz danışmaq payını həyat yoldaşı Ülkər Cəfərova verir.

Ulkər Cəfərovanın sözlərinə görə, Axar.az-da işləmək ilk növbədə böyük səbir tələb edir:

“Artıq işləyə-işləyə səbirli olmağı öyrənmişik. Mən öz işimdən, xüsusilə Axar TV üçün hazırladığım süjetlərdən böyük zövq alıram. Bura mənim üçün təkcə iş yeri deyil, çünki burda mən həm də gələcək həyat yoldaşımla tanış olub ailə qurmuşam”.

Saytın ingilis dili bölməsində çalışan Aida Tinayeva da kollektivi təbrik edir:

“Uğurlar arzu edirəm. Bu mənim ilk iş yerimdir. Bu səbəbdən də mənim üçün doğmadır”.

Təbriklərə biz də qoşuluruq. Bütün Teleqraf-çılar...


Müəllif: İlhamə Əbülfət, Elçin Murad