20 Oktyabr 2017 13:26
1 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Tünzalə Ağayeva Bakıda özünə təmtəraqlı ad günü keçirib.

Teleqraf.com xəbər verir ki, doğum günündə səhnəyə çıxmağı üstün tutan müğənni yaxınlarını və pərəstişkarlarını ətrafına toplayıb. Qırmızı parıltılı libasla səhnədə od saçan Tünzaləni “Hicaz” qrupu müşayiət edib.

Onun xoş gününə yığışanlar sırasında Milli Məclisin deputatı Qənirə Paşayeva, Əməkdar artistlər Tahir İmanov, Cabir İmanov, aparıcılar Emin Musəvi, Kamilə Babayeva, Afaq Gəncəli, Hacı Nuran, Könül Arif, Murad Arif, Nurlana Cəfərova, şairə Zəhra Bədəlbəyli, modelyer Gülnarə Xəlilova, bir sıra iş adamları, müğənninin tələbələri, fanatları və media nümayəndələri olub.

Fərqli səs tembri, bənzərsiz ifaları ilə illərə meydan oxuyan Tünzalə səhnədə öz bəstələrini canlı şəkildə səsləndirib. Müğənni jurnalistlərə açıqlama verərək doğum gününü fərqli qeyd etməsinin səbəbini açıqlayıb: “Çox sevincliyəm. Özəl günlərimdə siz yanımda olanda mən daha tez motivasiya oluram. 41 yaş özünü göstərir... Ümumiyyətlə, doğum günlərimi belə görürəm: səhnədəyəm, oxuyuram, qarşımda tamaşaçılarım, “vampirlərim” (fanatlar-red.) var. Kiminsə mütləq masa arxasında oturması vacib deyil. “Ay filan yeməkdən sonra başqa yemək gəlsin” tipli doğum günü keçirmək mənə xas olmayan xüsusiyyətdir”.

Tədbirə Tünzalə Ağayevanın həmkarlarının qatılmaması gözəçarpan məqam olub. Müğənni isə mövzuyla bağlı sualı belə cavablandırıb:

“Müğənni dostlarım məni çağırmayanda incimirəm, düşünürəm ki, onlar da inciməzlər. Fikirləşdim ki, bu dəfə media olsun, özümüz olaq. Başqa insanın seçdiyi ad günü formatına hörmət göstərirəm, fikirləşirəm ki, mütləq deyil orada olum. Mən ənənəvi ad günü eləmirəm. Bu, sadəcə bəhanə oldu ki, konsert verim, sevənlərimin qarşısına çıxım.

Düşünürəm ki, doğum günümdür, niyə tamaşaçıma hədiyyə eləməyim? Səhnədə olmaq mənim bayramımdır”.

Tələbəsi Ruslan Alişanla “Bağışla” adlı duet təqdim edən Tünzalə mahnının klipi barədə fikirlərini də dilə gətirib: "Bu gün həmçinin “Bağışla” adlı yeni klipimizi təqdim etdik. Sözləri və musiqisi tələbəm Tofiq Hacıyevindir. Ruslan da tələbəmdir, çox istedadlı oğlandır. Bilirsiniz ki, çalışdığım qədər gənclərə dəstək oluram. Klipimizdə onu göstərmək istədik ki, qızıldan sarayda yaşasan da xoşbəxtliyə bu, kifayət deyil. Ayrılırsansa ayrılırsan... Xoşbəxtsənsə bir parkda skamyada da əyləşib, xoşbəxt ola bilərsən.

Ruslana dəstək olmuşamsa, nə xoş mənə... Düzdür, klip çəkilişində Ruslan çox həyəcanlandı. Orada əl-ələ tutduğumuz bir səhnə vardı. Ruslanın dırnağına qədər tər tökülürdü, mən hələ belə palçıqlı ələ toxunmamışdım. Klipdə görəcəyiniz o səhnə bəlkə yüz dubla çəkilib”.

Tünzalə Ağayeva ad gününə qızının qatılmamasını belə izah edib: “Qızım İstanbulda təhsil alır. Dərslərini qoyub, gəlməsinə razı olmadım”.

Əməkdar artist özünə xoşbəxtlik arzulayıb: “Qızımın xoşbəxtliyini, özümün güclü olmağımı arzu edirəm. Dostlarım, məni sevənlərin həmişə ətrafımda olmasını istəyirəm. Bunlarla xoşbəxtəm. Özümə başqa yeni şeylər - yaxta, təyyarə, helikopter, böyük karatlı brilyant arzulamıram. Hüzur istəyirəm”.

Sevənlərinin ətrafında xoş anlar yaşayan Tünzalə gecəboyu bütün qonaqlarla maraqlanıb və onlara təşəkkürünü bildirib.


Müəllif: Pərviz