20 Oktyabr 2017 22:11
5 241
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar Adnan Oktarın kedicikli şəkilləri Azərbaycanda da diqqət mərkəzindədir. Hocanın Türkiyədə nə yapmaq istədiyini anlamaq istəyənlər üçün bir neçə cümlə yazmağa ehtiyac hiss etdim. Günümüzün Türkiyəsində Adnan bəyi işartıları hələ XIII-XIV əsrlərdə Səlcuk saraylarında görünən (Ömər Xəyyamın şeirlərini xatırlayın) islamda modernizm cəhdlərinin davamçısı hesab etmək olar.

Oxumağı özüm üçün vaxt itkisi saydığım (çünki işin fəlsəfəsindən xəbərdaram) kitablarında Adnan hoca başlanğıcda dinlə modern elm arasında əlaqələr qurmağa çalışırdı, bu işi öz aləmində başa çatdırdıqdan sonra enerjisini islamla modern əxlaq arasında əlaqələr axtarmağa və qurmağa yönəltdi. Qərb modernizm tarixini xatırlayın. İnkivizisiyadan sonra Avropada dinlə elm arasında qarşıdırma nüfuzun elmin əlinə keçməsi ilə səngidi, ilk maarifçilərin cəhdləri nəticəsində burjua dini dayaqlarını itirdi və bu proses hələ də burjuanın əlində güc olaraq qalan ictimai əxlaqa yönəldi. Maarifçilərdən sonra estafeti modernistlər ələ aldı və ilk modernistlərin işi burjuanın əlində qamçıya çevrilən (indi bizdə olduğu kimi) əxlaqi önyarğıları dağıtmaq oldu. Bunun üçün modernistlər nə etdilər? İlk növbədə burjua əxlaqının cəmiyyət üzərində hakimiyyətini təmin edən və kapitalizm üçün məcburi gəlir mənbəyi olan ailə qurumunu hədəfə aldılar. Marks və Engels ailəni planlaşdırılmış fahişəlik adlandırdılar, iqtisadi tənqidini əsaslandırdılar. Arxasınca ilk modernist şair və yazıçılar (Flober, Bodler) qadın bədəni üzərindən əxlaqi mühakimə örtüyünü qaldırdılar, qadın bədənini burjuanın mənəvi istismarından çıxarıb kütləviləşdirdilər. Kapitalizm üçün əsas və məcburi gəlir mənbəyi olan ailə məsuliyyətini madam Bovarilər günlük ehtiraslara dəyişdilər və s.

Hocam da tıpkısının aynısını yapıyor; islam ailəsi anlayışına uyğun gəlməyən yarıçılpaq qadınların gözəlliyini öyür, qadın bədənini islam çadrasından çıxarıb kütləviləşdirir, ictimailəşdirir, kedicikləri alternativ bir əxlaqın təmsilçiləri kimi təqdim edir. Amma hocamın modernizmində çatışmayan iki vacib amil var; birincisi, onun alternativ kimi sunduğu çılpaq qadınlar qərbli həmkarlarından fərqli olaraq üsyankar təbiətə sahib deyillər, yəni hocanın qarşısında nədən çadrada deyil, bikini də oturduqlarını özləri də bilmirlər. Sabah onlara burka geymələri deyilsə, həmən bürünəcəklər. Soyundurulmuş kəniz təsiri bağışlayırlar, ictimai reflekslərdən məhrumdurlar. İkinci çatışmazlıq Adnan bəyin öz yanaşmasındadır; o, bir burjua əxlaqını dağıdır, amma yerinə azad seçim əvəzinə başqa bir burjua əxlaqı qoyur; müsəlman kişiyə dörd kəbinli arvadın əvəzinə, dörd müti canan təklif edir. Qadına heç bir ictimai məzmun qazandırmır, bədənlər azaddır, ruhlar, düşüncələr isə əvvəlki kölələrindir. Yəni bu qadınlar öz istəklərinə yox, kişinin istəklərinə görə soyunublar. Bu isə Qərb modenizmi ilə daban-dabana ziddir. Buna görə də mən yazının əvvəlində “islam modernizmi” anlayışından istifadə etdim. Fərdi azadlıq olmadığı üçün Adnan bəyin modernizmi yaradıcı fantaziyadan məhrumdur, bu modernizm Qərb modernizmindən fərqli olaraq öz musiqisini, rəssamlığını, şerini, romanını yarada bilməz, çünki hər çılpaq bədən hələ azad demək deyildir.

Bir də bu yöndən baxmanızı istədim maraqlandığınız şəkillərə.


Müəllif: Aqşin Yenisey