1 Noyabr 16:10
137

Bu gün YARAT Müasir İncəsənət Məkanında "M.A.P” Bakı İncəsənət Festivalı ilə bağlı mətbuat konfransı keçirilib.

Teleqraf.com-un məlumatına görə, YARAT-ın ictimaiyyətlə əlaqələr departamentinin direktoru Hökumə Kərimova konfransın açılışında bildirib ki, “M.A.P” Bakı İncəsənət Festivalı tamaşaçıların müasir dramaturgiya, teatr, musiqi sahələrində yeni janrları və ideyaları ilə tanışlıq üçün əla fürsətdir. Bu feastival ölkənin mədəni həyatında əlamətdar hadisə olacaq.

Mətbuat konfrasında YARAT-ın bədii və strateji direktoru Björn Geldhof "M.A.P” Bakı İncəsənət Festivalının əhəmiyyəti haqqında fikirlərini bildirib. O, qeyd edib ki, “Bakcell” şirkətinin dəstəyi sayəsində keçirilən festivalda tamaşaçılar teatr sənətinin müxtəlif janr və istiqamətləri, özündə rejissor ideyalarını təcəssüm etdirən aktyorların unikal və özünəməxsus oyunlarını görə biləcəklər:

"Teatr tamaşaları üçün detalların çox ahəngdar və qarşılıqlı fəaliyyətdə olması lazımdır. Buraya həm dekorasiya, həm aktyor oyunu, həm də ssenari daxildir. Teatr hətta rəngarəng əyləncələrin çox olduğu müasir dövrdə də nadir və zəngin sənət növüdür. Bu baxımdan “M.A.P” Bakı İncəsənət Festivalı xüsusidir. Onun bədii kredosu müasir dramaturgiyanı, musiqi və çoxlu təhsil planlarını bir layihədə təqdim etməyə imkan verəcək. Festival günlərində teatr sənətinin pərəstişkarları teatrın yeni nəfəsini duymaq imkanı əldə edəcək, teatrdan uzaq olan insanlar isə onun sıralarını dolduracaqlar. Odur ki, Bakı İncəsənət Festivalı Azərbaycanda teatra yeni baxış formalaşdıracaq.

"M.A.P” Bakı İncəsənət Festivalı bizim üçün ilk fürsətdir ki, teatr haqqında ictimaiyyətə daha geniş məlumat çatdıraq. Festivalın bədii amalı və yüksək hədəfi ilk növbədə gənc nəslə müasir teatr sənətinin mahiyyətini çatdırmaqdan ibarətdir. Məhz bu səbəbdən biz teatr banilərimizin maarifpərvər ideyalarına üz tuturuq, böyük uğur qazanmış modern teatrın parlaq əsərlərini nümayiş etdiririk, musiqi ilə səhnə arasında olan dərin əlaqələri aşkarlayırıq.

Ümid edirəm, bu sahədə atılan addımlar gələcəkdə daha geniş şəkildə davam edəcək. Sözsüz, teatrı yaradan da, yaşadan da bu sənətə Məcnunsayağı vurğun olan insanlardır. Festivalın əsas qəhrəmanları da məhz belə şəxsiyyətlərdir. Onların istedadı, peşəkarlığı elə bir təsir qüvvəsinə malikdir ki, həm gəncləri, həm də yaşlı nəsli öz ovsunu ilə ələ alacaq. Teatr korifeyləri yatıb yuxusunda belə görə bilməzdi ki, vaxt gələcək xalqın əksər hissəsi teatra tam laqeyd olacaq, onların nəvə-nəticələri isə sosial şəbəkələrdəki ünsiyyəti sənətdən üstün tutacaqlar. Yaranmış vəziyyətin köklərini və bütövlükdə bu fenomeni araşdıranlar teatr böhranından, internetin təsirindən və zamanın tələblərindən nə qədər danışsalar da, YARAT-ın üzvləri əmindilər ki, teatr bizə hava və su kimi lazımdır”.

Tədbirin təşkilatçılarından olan "Bakcell” şirkətinin baş direktoru Nikolai Bekers, layihənin kuratoru Ülviyyə Axundova festival haqqında geniş məlumat verib, onun mədəniyyət aləmi üçün əhəmiyyətindən danışıblar.

“Bakcell” şirkətinin icraçı direktoru Nikolay Bekers bildirib ki, teatr sənəti mobil rabitə ilə müqayisə oluna bilər: “Mobil rabitə teatr sənəti kimi insanların bir-birinə bağlayır, əlbəttə ki, mənəvi baxımdan... Teatr insan cəmiyyəti üçün ənənəvi sənət növüdür. O, artıq min illərdir şəxsiyyət üzərində təsir göstərir. İnsanın mənəvi-emosional dünyanısını inkişaf etdirir, müxtəlif növ emosional impulslar yaradır, müxtəlif fəlsəfi məsələləri qaldıraraq fərdin həyatında böyük tərbiyəvi rol oynayır, bununla da yaşamaq üçün cəmiyyətdə zəruri olan keyfiyyətlərin formalaşmasına şərait yaradır".

Məlumat üçün bildirək ki, "M.A.P” Bakı İncəsənət Festivalı "Bakcell” şirkətinin dəstəyi ilə həyata keçirilir. Festival bu gündən başlayıb.

Tamaşaların cədvəlini təqdim edirik:

- “Bir əsgərin hekayəti” balet-tamaşasının premyerası, bəstəkar İqor Stravinski, rejissor Mehdi Məmmədov, dirijor Yalçın Adıgözəlov (Azərbaycan) – 1 noyabr, saat 19:00

- “Gülməli adam” – “Pyotr Fomenkonun Emalatxanası” teatrı (Rusiya) 4 noyabr, saat 19:00

- “Ked” – “Praktika” teatrı (Rusiya) – 3 noyabr, saat 20:00

- “Troya Zövcələri” – “Royal District” teatrı (Gürcüstan) 2 noyabr, saat 21:00

- “Birgə yaşama” – “Eskizı v prostranstve” aktyor qrupu (Rusiya) 2 noyabr, saat 19:00

- “Sovrulanlar” baleti – “Novıy Balet” teatrı (Rusiya) – 6 noyabr, saat 19:00

- “Çevrilmə” baleti – “Novıy Balet” teatrı (Rusiya) - 6 noyabr, saat 19:00

- “Bolero” baleti – “Novıy Balet” teatrı (Rusiya) 6 noyabr, saat 19:00

Ustad dərsləri:

- “Gaga Intensive” müasir rəqs məktəbinin üçgünlük ustad dərsi (İsrail) 3-5 noyabr, saat 11:00

- Ruslan Malikovun rejissor sənətinə dair ustad dərsi (“Praktika” teatrı, Rusiya) 4 noyabr, saat 18:00

Mühazirələr:

- Aktyor və rejissor Oleq Lyubimovun mühazirəsi (“Pyotr Fomenkonun Emalatxanası” teatrı, Rusiya) – 1 noyabr, saat 18:00

- Səhnə dekoratoru, rəssam Alisa Melikovanın mühazirəsi (“Praktika” teatrı, Rusiya) 4 noyabr, saat 16:00

Konsert:

- Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri – 5 noyabr, saat 20:00

- Bencamin Britten – “Frenk Bric mövzusuna dair variasiyalar” - 5 noyabr, saat 20:00

- Sofiya Qubaydulina – “Fachwerk” 5 noyabr, saat 20:00

Dirijor: Yalçın Adıgözəlov

Akordeon: Roman Yusipey (Almaniya/Ukrayna)

Fotolar: Elnur Muxtar


Müəllif: Aytən